RU

İmtahan verən sürücülər bizə lazımdırmı?  


Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün oktyabrın 27-də növbəti imtahan keçirəcək.

İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub.

Həmin şəxslər 26 sentyabr saat 16:00-dan 20 oktyabr saat 10:00-dək qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (//ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır. İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.

Novbəti ayda taksi sürücülərinin yeni qaydalara uyğun olaraq  imtahanı təşkil ediləcək. Lakin, hələ də insanları düşündürən sual var, şəhadətnaməsi olan sürücü bizə lazımdırmi?

Yollarda sürətlə, içkinin təsiri altında maşın idarə edən, etik kodeksdən kənar davranan sürücülərə  hələ də rast gəlinir. Bütün bu məsələlərin həllini veriləcək tək şəhadətnaməmi həll edəcək? Hələ bu sənədin 7 il müddətində etibarlı olmasını qoyaq beynimizin küncündə ayrıca bir kənara. Ya bu kimi davranışlar sərgiləyən sürücülərə nəzarət baxımından hansısa qaydalar tətbiq edilməlidir?

Referans.az-a danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu mövzuya münasibətində bildirib ki, bir müddət əvvəl sürücülərin imtahanı keçirilmişdi. Həmin imtahanda əksər sürücü razı qalıb: 

"Həm də sürücü bu məsələrdə arxeyinləşir ki, onun sertifikatı var, digərindən üstündür. Dövlət də ərxeyin olur ki, xalqa xidmət edən sürücü kriteriyaları ödəyir. Sürücünün imtahandan keçməsi daşıma şirkətləri üçün də sərfəlidir. İmtahanın üstünlüyü budur ki, bunu DİM təşkil edir. Digər qurumlar imtahanı təşkil etsə, şübhə altında olardıq ki, bəlkə sürücü imtahandan rüşvətlə keçir, imtanların təşkili düzgün olmaz və s. Şəhadətnamə alan sürücü bizə çox lazımdır. İstəyərdik ki, bütün sürücülərin sertifikatı olsun. Bütün sürücülərin sertifikatlaşdırılması yaxın gələcəkdə mümkün ola bilməsə də, gözlənilən addımdır. Yollarda sürətli və içkili halda taksi idarəedən sürücülərə də rast gəlinir. Həmin imtahan belə sürücüləri bir - birindən ayırmaq üçündür. Amma, bu tək sertifikatla həll ediləcək məsələ deyil. Ona görə də yol - patrul əməkdaşları daim yollarda qayda - qanunlara nəzarət edirlər. Sertifikatı olmaq o demək deyil ki, mükəmməl sürücüsən, heç vaxt səhv eləməzsən. Sürücülərin yol - hərəkət qaydasını pozmağına görə onlar cəzalandırılır. Hətta, cəzalar təkrar olunanda sürücünün sürücülük vəsiqəsindən istifadə etməsi müəyyən müddətə qədər məhdudlaşdırılır. Həmçinin, sürücülərin qayda - qanunları pozmasına görə cərimələr də var. Heç də Azərbaycanda sürücü üçün nəzərdə tutulmuş cərimələr aşağı səviyyədə deyil, yüksək səviyyədədir".

Şəlalə Babayeva

Избранный
4
referans.az

1Источники