RU

Xalqımız Zəfər tariximizi yazanları hər zaman yad edəcək - Vüqar Rəhimzadə

27 sentyabr tarixi Azərbaycan xalqı üçün əlamətdar bir gündür.

Bu gün Vətən müharibəsinin başlandığı tarix kimi yaddaşlara yazıldı və ərazi bütövlüyümüzün bərpası yolunda mübarizənin ilk addımı oldu. Məhz həmin gün Azərbaycan Ordusu illərdir işğal altında qalan torpaqlarımızı geri qaytarmaq, suverenliyimizi tam bərpa etmək və tarix boyu haqqı tapdalanmış xalqa ədaləti bərpa etmək üçün qərarlı şəkildə hərəkətə keçdi. 27 sentyabr Zəfərimizin ilk səhifəsi olaraq, xalqımızın gücünü və birliyini dünyaya nümayiş etdirdi.

Vətən müharibəsinin başlanması və gedişatı, həmçinin ölkə başçımızın qətiyyətli siyasəti ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran deputat, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, sentyabrın 27-si tarixi Zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə gedən yolun başlanğıcı oldu:

"Dörd il öncə İkinci Qarabağ müharibəsinin başlanmasını şərtləndirən amillər Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çıxışında əsaslı şəkildə diqqətə çatdırılır. Bu baxımdan dövlətimizin başçısının “Müharibə olmaya da bilərdi” çağırışı özündə bütün məqamları ehtiva edir. 44 gün davam edən Vətən müharibəsi zamanı otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğalçılardan təmizləndi. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini uca tutur. 44 günün hər anını tariximizə Zəfər günü kimi yazan Vətən övladları bir daha sübut etdilər ki, Azərbaycan xalqı yenilməz, məğrur xalqdır, tarixinə, torpaqlarına hər zaman sahib çıxan xalqdır".

Müsahibimizin sözlərinə görə, tarixi ədalətin bərpasının böyük səylər, qətiyyət tələb etdiyini Azərbaycan dövləti, xalqı 44 günlük müharibədə sübuta yetirdi. Onun fikrincə, 30 ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız erməni vəhşiliklərinin, vandalizminin şahidi olmaqla yanaşı, əyilməzliyin simvoluna çevrildi:

"Bu torpaqlar öz tarixi sahibinə qovuşacağı günü gözləyirdi və əmin idi ki, qovuşacaq. Hazırda sakinlərini qarşılayan Füzuli, Laçın, Şuşa, Xocalı şəhərlərinin sırasına Cəbrayıl şəhəri də daxil oldu. Sentyabrın 26-da ilk köç karvanı Cəbrayıla yola salındı. Bu ilin ilk ayında yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı İlham Əliyev Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda bu hədəfi açıqladı ki, 2024-cü ildə Şuşa, Xocalı, Cəbrayıl, Xankəndi və Kəlbəcər şəhərləri sakinlərini qarşılayacaq. Bu ilin 10 may tarixində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə Şuşa, 28 May-Müstəqillik Günündə Xocalı, 26 Sentyabr-Anım Günü ərəfəsində isə Cəbrayıl şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı reallaşdı. Bundan böyük xoşbəxtlik ola bilməz".

Millət vəkili qeyd edib ki, bu il Anım Gününü tamamilə fərqli bir ovqatda qeyd edirik. Qalib, bütövləşən, yeni Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident və parlament seçkilərini keçirdi. Bu günlərdə dövlət başçısı İlham Əliyevin sərəncamları ilə 20 sentyabr tarixi Dövlət Suverenliyi Günü, eyni zamanda, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu ilin 7 fevral tarixində keçirilən prezident seçkilərində ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verməsi bu məkandan Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj oldu.

Vüqar Rəhimzadə: Bu torpaqlar öz tarixi sahibinə qovuşacağı günü gözləyirdi

Vüqar Rəhimzadə onu da əlavə edib ki, dövlət başçısı İlham Əliyevin bu günlərdə VII çağırış Milli Məclisin ilk iclasında səsləndirdiyi “Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Zatən qürurlu olmaq üçün bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır?! Bu parlaq Qələbəni cəmi 44 gün ərzində, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - kim qazana bilib?! Bir neçə saat böyük xarici təzyiq altında davam edən antiterror əməliyyatı, - mən heç başqa amilləri demirəm, - separatçılığın kökü kəsildi Azərbaycanda - kim edə bilərdi?! Yəni, öz ölkəmizlə, xalqımızla fəxr etmək üçün ən çox haqlı olan xalq Azərbaycan xalqıdır» fikirləri Azərbaycan xalqının məğlubedilməzliyinin, gənclərimizin vətənpərvərliyinin, milli ruhda tərbiyəsinin təqdimatı oldu:

"44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən Zəfərə imza atılması, Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndlərinin, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəkliklərin azad edilməsi tarixi Zəfərimizin ilk müjdəsi oldu. Oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad edilməsi növbəti qələbələrə stimul verdi. Rəşadətli Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hər gün irəli getdi. Zəfərdən Zəfərə atılan addımlar noyabrın 8-də Azərbaycanın döyünən ürəyi Şuşanın işğaldan azad edilməsi ilə başa çatdı. Şuşanın azad olunması Ermənistan silahlı qüvvələrini diz çökdürdü, kapitulyasiya aktına imza atmasını şərtləndirdi".

Milli Məclisin deputatı qələbələrimizi təmin edən əsas amilin xalq-dövlət-ordu birliyi olduğunu da xüsusi qeyd edib. Bildirib ki, bu Zəfər xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə öz dövləti və ordusu ətrafında sıx birləşməsini təmin etdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin əsassız təbliğatına qarşı birgə mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları həmrəylik nümayiş etdirdi. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Müharibə dövründə Prezident İlham Əliyev diplomatik cəbhədə də böyük uğurlara imza atdı. İnformasiya mübarizəsində qələbəmizdə dövlətimizin başçısı İlham Əliyevin 44 günlük Vətən müharibəsinin getdiyi günlərdə xarici mətbuata verdiyi 30-dan artıq müsahibə əhəmiyyətli rol oynadı. Bu müsahibələrin hər biri reallıqların öyrənilməsində zəngin mənbədir.

V.Rəhimzadə fikirlərinin yekunu olaraq diqqətə çatdırıb ki, xalqımız hər zaman 27 Sentyabr- Anım Gününü yad edəcək, şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini qəlbində yaşadacaq:

"Bu gün şəhidlərimizin ruhu şaddır. Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün torpaqlarımızda əzəmətlə dalğalanır, Qarabağımız, Şərqi Zəngəzurumuz gündən-günə cənnətə çevrilir".

Əli Hüseynov

Избранный
2
6
bakivaxti.az

10Источники