RU

Rəsmi Bakı Makronun Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə etirazını bildirib

Rəsmi Bakı Fransa prezidenti Emmanuel Makronun sentyabrın 25-də BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə etiraz edib. Emmanuel Makron çıxışı zamanı Azərbaycanın Ermənistana təzyiqləri və ərazi iddiaları şəraitində Fransanın Ermənistanla çiyin-çiyinə dayandığını vurğulayıb. “Sülh danışıqlarının uğur qazanması və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunması üçün beynəlxalq ictimaiyyət orada olmalıdır”, Fransa prezidenti əlavə edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Emmanuel Makronun səsləndirdiyi fikirlərin Fransanın Azərbaycana və regionda sülh prosesinə göstərdiyi “qərəzli ermənipərəst yanaşmanın növbəti nümunəsi” olduğunu deyib. “Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın Azərbaycan tərəfini təzyiqlərdə təqsirləndirməsi qəbuledilməzdir. Dünyanın bir çox yerlərinə münasibətdə xarici siyasəti iflasa uğramış Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoymasını tələb edirik”, Ayxan Hacızadə AZƏRTAC-a deyib. Azərbaycan-Fransa münasibətləri İkinci Qarabağ müharibəsindən sonra tədricən pisləşməyə başlayıb. 2022-ci ilin sentyabrında Azərbaycan və Ermənistan arasında sərhəddə qanlı toqquşmalar, 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağa tam nəzarəti bərpa etməsi və yerli erməni əhalinin bölgəni tərk etməsi ilə nəticələnən hərbi əməliyyatından sonra Fransanın Ermənistana açıq siyasi və hərbi dəstəyi artırması ilə münasibətlər daha da gərginləşib. Rəsmi Paris Azərbaycanı Qarabağ ermənilərinin hüquqlarını pozmaqda və Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə, Bakı isə Fransanı Azərbaycanda separatçılığa dəstək verməkdə və Ermənistanı silahlandıraraq növbəti müharibəyə hazırlamaqda günahlandırır. Münasibətlərin gərginləşməsi fonunda Fransa sentyabrın 4-də ikili vətəndaşlar da daxil olmaqla, öz vətəndaşlarına əsassız saxlanılma və həbslərə, ədalətsiz mühakimə riski ilə üzləşə biləcəklərini qeyd edərək Azərbaycana səfər etməməyi tövsiyə edib.Gundemxeber.Az

Избранный
19
gundemxeber.az

1Источники