Yaponiyada dünyanın ən uzun müddətdir cəza çəkən məhbusu olan 88 yaşlı İvao Hakamada ona qarşı sübutların uydurma olduğu müəyyən edildikdən sonra bəraət alıb.

İndex.az xəbər verir ki, 56 ildir edam olunacağını gözləyən İvao Hakamada 1968-ci ildə müdirini, həyat yoldaşını və iki uşağını öldürməkdə təqsirli bilinib.

Polisin saxta sübutlar təqdim etdiyinə dair şübhələrə görə Hakamadanın yenidən mühakimə olunmasına qərar verilib.

Bu qədər uzun müddət ölüm hökmünün icrasını gözləmək Hakamadanın psixi sağlamlığına ağır zərbə vurduğundan, o, sonda bəraət qazandığı məhkəmə prosesində iştirak edə bilməyib.

Hakamadanın işi ölkənin ən uzunmüddətli və ən bədnam işlərindən biridir və ictimai maraq böyükdür. Şizuoka şəhərində məhkəmə prosesini izləmək üçün 500-dən çox insan növbəyə düzülüb.

Psixi sağlamlığı pisləşdiyi üçün dinləmələrə qatılmaqdan azad edilən Hakamada 2014-cü ildən azadlığa buraxılıb və yenidən mühakimə olunacağına qərar verildikdən sonra 91 yaşlı bacısı Hidekonun himayəsində yaşayır.