RU

Ronaldo onu futbol oynamağa sövq edən ilham mənbəyini açıqladı

“Əl-Nəsr”in portuqal ulduz hücumçusu Kristiano Ronaldo onu futbolu peşəkar səviyyədə davam etdirməyə sövq edən səbəbdən söhbət açıb.

Arena.az məlumat verir ki, portuqal ulduz bu barədə özünün şəxsi “YouTube” kanalında danışıb:

“Bu, mənim üçün xoşdur. Bütün zamanların ən sərrast qolçusu adı uğrunda yarışmada tanınmaq. Bu, müstəsna bir oyunçu üçün müstəsna bir qənimətdir (gülür). Buna görə də mən xoşbəxtəm. Mən qənimətlər qazananda həmişə ailəmi, xüsusən də övladlarımı düşünürəm. Hələ də atanın mükafatlar aldığını, atanın qol vurduğunu və futbol oynadığını görürlər. Bu, mənim üçün heyrətamizdir. Bu, oynamağa davam etmək üçün ilham mənbəyimdir”, deyə “Kriş” açıqlayıb.

Kristiano Ronaldo futbol tarixində rəsmi oyunlarda 902 qol vurmuş ilk futbolçu ünvanına sahibdir. Ronaldo Lissabon “Sportinq”ində 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nəsr”də 69, Portuqaliya yığmasında isə 132 qol vurub. Kristiano Ronaldo futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və klublararası dünya çempionatının ən sərrast qolçusudur.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 6 oyuna 5 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 70 oyun, 63 qol və 17 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.

Kristiano Portuqaliya yığmasının heyətində 214 oyuna 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Избранный
2
3
arena.az

3Источники