RU

Həkimlər 11 yaşlı uşağı komaya saldılar, ekspertiza saxta rəy verdi

Övladı komaya düşən valideyn Prezidentdən kömək istədi

11 yaşlı Babazadə Xədicə Zamin qızı altı aydır ki, həkim səhlənkarlığı ucbatından komadadır.

Valideyni Şahnaz Mehdiyeva deyir ki, 2024-cü il fevralın 21-də qızını diş müalicəsi üçün Bakı Sağlamlıq Mərkəzində işləyən stomatoloq Bəhruz Rüstəmovun yanına aparıb.

"Uşağın iynə qorxusu olduğu üçün müalicənin sedasiya (pasient sedativ vasitələr və narkotik analgetikərlə (morfin və s.) yanaşı, bəzi hallarda hipnotik dərmanlar vasitəsilə keyləşdirilir – red.) yolu ilə aparılmasını təklif etdim. Biz sedasiyanın 15-20 dəqiqəlik adi yuxu iynəsi olduğunu bilmişik. Stomotoloq da razılaşdı. Bizə sedasiyanın hansı növündən istifadə olunacağı, müalicə prosesinin neçə saat davam edəcəyi, həmçinin risk faktorları barədə məlumat verilmədi”, – Şahnaz Mehdiyeva deyir.

Onun sözlərinə görə, müalicədən öncə uşaqda heç bir sedasiya öncəsi zəruri yoxlamalar aparılmayıb: "Həkim valideynin yazılı razılığını almadı, anamnez (xəstənin həyat şəraiti, yaşayış tərzi-red.) toplanılmadı. Sadəcə, xahiş etdi ki, kabinetdən çıxaq. Biz gözləmə zalına çıxdıqdan sonra övladıma uzunmüddətli sedasiya, yəni ümumi narkoz altında ağciyərlərini süni tənəffüs aparatına birləşdirmədən müalicəyə başlayıblar”.

Foto: Şahnaz Mehdiyevanın arxivindən

Valideynin dediyinə görə, təxminən 20 dəqiqədən sonra stomatoloq Bəhruz Rüstəmov uşağın rənginin göyərdiyini görüb, anestezoloq Fərəh Amanovaya bu barədə məlumat verib: "Fərəh Amanova da uşağın artıq kliniki ölüm keçirdiyini görüb, tibbi müdaxilə edib, amma faydasız olub. Klinikanın reanimatoloqu Rauf Paşayevi köməyə çağırıblar. Rauf Paşayev gəlib, elektroşokla uşağın ürək fəaliyyətini bərpa edib. Sonradan bilmişəm ki, Fərəh Amanova daha əvvəl də "Astoriya” Tibb Mərkəzində işləyən vaxtda da belə bir səhlənkarlıq edibmiş”.

Şahnaz Mehdiyeva deyir ki, hadisə təxminən 12:15 radələrində baş verib. Amma övladını saat 12:55 radələrində diş kabinetindən reanimasiyaya aparıblar: "Niyə kliniki ölüm keçirmiş xəstəni 45 dəqiqə stomotoliji kabinetdə yubadıblar? Bütün bunlara görə hadisə vaxtı övladım uzunmüddətli oksigensiz qaldığı üçün beyin fəaliyyətinin 98 faizini həmişəlik itirib. Hazırda qızıma hipoksik-işemik ensefolopatiya diaqnozu (beyinə yetərincə qan və oksigen getməməsi səbəbindən yaranan beyin zədələnməsi) qoyulub. Təməl yaşam funksiyalarını 100 faiz itirməklə vegetativ (sinir sistemi xəstəliyi) durumunda yaşayır”.

Uşağın valideynləri məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər: "Hadisədən 8 ay keçməsinə baxmayaraq Nərimanov Rayon Prokurorluğu başlamış olduğu cinayət işini (AR CM-314.2) məhkəməyə göndərməkdə aciz qalıb. Çünki Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi məsuliyyətsiz həkimlərin xeyrinə ekspert rəyi verib. Bu rəy saxtadır və həkimləri müdafiə məqsədilə verilib. Bundan əminik”.

Şahnaz Mehdiyevanın şəxsi arxivindən

"Dəfələrlə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin eksperti Ceyhun Allahverdiyevin və Birliyin şöbə rəisi Cavid İsmayılovun qəbulunda olsaq da, ailə faciəmizə səbəb olan hadisənin təfərrüatını aydınlaşdırmaqda ya çətinlik çəkirlər, ya da absurd, heç bir əsası olmayan bəhanələrlə bizi ovundururlar. Sağlam bir insanin uzunmüddətli oksigensiz qalmasını aydınlaşdırmaqda aciz görünürlər”, – valideyn deyir.

Şahnaz Mehdiyeva bildirir ki, martdan bu yana ölkədə və xaricdə bütün həkim, xəstəxanalara müraciət ediblər: "Amma 11 yaşlı övladımın xilası üçün heç nə edə bilmirik. Artıq bir neçə aydır ki, işimə gedə bilmirəm, evimizin bir otağını reanimasiyaya çevirib, komada olan övladımın keşiyini çəkirəm. Bir valideyn kimi hər gün bu faciə gözlərimin önündə yaşanır və ağrısını hiss edirəm. Əlimdən isə heç nə gəlmir. Müraciət etmədiyim dövlət qurumu qalmayıb. Çarəsizəm və əlimdən heç nə gəlmir. Bu cinayəti törədənlər cəzasız qaldıqca nə qədər analar gözüyaşlı qala bilər. Bu ölkədə bir ekspertiza ilə bacara bilmirik, saxta rəy verib övladımın qanını batırmağa çalışırlar”.

Valideyn məsələ ilə əlaqədar Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya, səhiyyə naziri Teymur Musayevə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova və digər aidiyyəti qurumlara müraciət edib.

Şahnaz Mehdiyevanın şəxsi arxivindən

"11 yaşlı övladım Xədicə Babazadənin sağlamlığının 100 faiz itirilməsinə səbəb olan hadisənin düzgün araşdırılıb, səhlənkar həkimlərin məsuliyyətə cəlb olunması üçün məsul olan orqanlara tapşırıq vermələrini xahiş edirəm”, – valideyn bildirib.

Onun sözlərinə görə, ekspertiza saxta rəydə uydurma faktlardan da istifadə edib: "Rəy"də yazıblar ki, guya uşaq psixotrop dərman qəbul edib və ağırlaşmaya səbəb kimi də onu qeyd ediblər. Halbuki övladım heç vaxt hər hansı bir psixatrop dərman qəbul etməyib. Ekspertiza idarəsinin ekspertləri bununla bağlı uşaqda indiyə qədər heç bir yoxlama aparmadan şifahi şəkildə nədən belə qənaətə gəliblər? Yəni bu yalan məlumatın rəsmi dövlət sənədinə yazılması faktı belə, ölkənin bu boyda qurumuna utancdır. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin işə cəlb edilmiş ekspertlərinin özbaşınalığının hansı səviyyədə olmasını təsəvvür belə etmək çətindir".

Səhiyyə Nazirliyindən, Nazirliyin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyindən və Baş Prokurorluqdan bu məsələyə münasibət öyrənmək mümkün olmayıb. 
Избранный
21
3
arqument.az

4Источники