RU

Azərbaycanın qaz yeni müqaviləsində – 46 MİLYARD DOLLARLIQ QAZ VAR

Xəbər verildiyi kimi, sentyabrın 20-də Azərbaycan xarici şirkətlərlə yeni qaz müqaviləsi bağlayıb. 

FED.az xəbər verir ki, yeni müqavilə ayrıca qaz yatağına deyil, «Əsrin müqaviləsi»nə aid olan «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinə aiddir. 

Belə ki, sözügedən yataqların birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 2017-ci ilin sentyabrında yeni saziş imzalanmışdı. Budəfəki sənəd isə həmin sazişə əlavədir və həmin yataqların altındakı sərbəst – yəni «Əsrin Müqaviləsi»nə aid olmayan  qaz layının işlənməsini nəzərdə tutur və faktiki olaraq yeni qaz müqaviləsi deməkdir.   

Sənədi «Əsrin müqaviləsi» müqaviləsinin üzvləri  SOCAR, bp, MOL, INPEX, “Equinor”, “ExxonMobil”, TPAO, ITOCHU və “ONGC Videsh” şirkətləri imzalayıb. 

Bu şirkətlər «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» (AÇG) yatağının sərbəst təbii qaz ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində işləyəcəklər. Yeni imzalanan sənəddə tərəflərin pay bölgüsü «Əsrin müqaviləsi»ndə olduğu kimidir və bu layihənin də müddəti «Əsrin müqaviləsi»nin qüvvədə olması qədər, yəni 2049-cu ilədək qüvvədə olacaq. 

Layihənin operatoru olacaq «bp» şirkətinin vitse-prezidenti Qordon Birrel «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» (AÇG) yatağının sərbəst qaz ehtiyatlarının işlənməsində böyük potensialın olduğunu qeyd edib. 

Qeyd edək ki, yeni qaz müqaviləsi Azərbaycanın digər qaz layihələri kimi böyük deyil.  Burada 4 trilyon kubfut və ya 112 milyard kubmetr təbii qazın olduğu bildirilir. Azərbaycanın qaz ixracını nəzərə aldıqda 112 milyard kubmetr böyük həcm sayılmır, belə ki, 2023-cü ildə Azərbaycan xaricə 26 milyvrd kubmetr, 2024-cü ilin ilk 8 ayında isə 15 milyard kubmetr qaz ixrac edib və faktiki olaraq sözügedən yataqda Azərbaycanın 4-5 illik qaz ixracı qədər qaz var. 

Bununla yanaşı, həmin ərazidə artıq hazır infrastrukturun olduğunu nəzərə aldıqda, qazın çıxarılması ölkəyə əlavə qazanc gətirəcək – Avropa bazarındakı mövcud qiymətləri (1 min kubmetr 415 dollar) nəzərə aldıqda, yeni yataqda təqribən 46-47 milyard dollarlıq qaz ehtiyatı var. 

Yataqda ilkin hasilat quyusunun qazılması artıq Qərbi Çıraq Platformasından başlayıb və ilk qazın 2025-ci ildə alınması gözlənilir. Bu quyu həm də qiymətləndirmə üçün vacibdir ki, gələcəkdə onun əsasında hasilat planı hazırlanacaq. 

AÇG tərəfdaşlarının sərbəst təbii qaz layihəsində iştirak payları AÇG üzrə mövcud HPBS-də olduğu kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), INPEX (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), “ONGC Videsh” (2,31%).

Избранный
7
fed.az

1Источники