RU

Akademik: Qlobal çağırışlar ölkəmizdə tibbi informatika üzrə yüksəkixtisaslı kadrların hazırlanmasını zəruri edir

Akademik:

Bakı, 24 sentyabr, AZƏRTAC

Süni intellektin gətirdiyi reallıqlar, kiberfiziki sistemlər və bulud texnologiyalarının inkişafı kontekstində ölkəmizdə vahid tibbi informasiya fəzasının formalaşdırılması son dərəcə zəruridir.

Bu fikri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyev söyləyib.

Qabaqcıl texnologiyaların tətbiqi ilə tibb sahəsinin inkişaf etdirilməsinin Prezident İlham Əliyev tərəfindən də prioritet məsələ kimi müəyyənləşdirildiyini vurğulayan akademik Rasim Əliquliyev ölkəmizdə elektron səhiyyənin formalaşması və inkişafının zəruriliyindən bəhs edib. Həmçinin son zamanlar ölkəmizdə səhiyyə sahəsində rəqəmsallaşma, elektron tibbin inkişafı, eləcə də informasiya texnologiyaları və innovasiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Müasir dövrdə qlobal çağırışlar, IV Sənaye İnqilabı və rəqəmsal transformasiyalar kontekstində kompüter elmlərinin tibdə tətbiqi məsələsinin daha da aktuallaşdığını vurğulayan akademik R.Əliquliyev ölkəmizdə tibbi informatika, “Data Science”, rəqəmsal səhiyyə sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, bu sahəyə dair tədris vəsaitlərinin məzmununun yenilənməsi, tibb işçilərinin İKT biliklərinin artırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsinin vacibliyini önə çəkib: “Tibb sahəsi və kompüter elmləri arasında körpü yarada biləcək innovativ təfəkkürə malik yüksəkixtisaslı kadrların yetişdirilməsi son dərəcə vacibdir. Hər iki elm sahəsinin alim və mütəxəssisləri Azərbaycan səhiyyəsinin inkişafı istiqamətində səylərini birləşdirməli, mövcud problemlərin həlli üçün təcili addımlar atmalıdır”.

AMEA-nın vitse-prezidenti institutda e-tibb sahəsində həyata keçirilən tədqiqatlardan da söz açıb. Bu elmi müəssisənin alim və mütəxəssisləri tərəfindən rəqəmsal tibb, tibbi demoqrafiyanın formalaşması, e-tibdə “Big Data” və “Data Mining” texnologiyalarının tətbiqi ilə bağlı araşdırmaların aparıldığını söyləyib. Eyni zamanda, Azərbaycan Tibb Universiteti ilə birgə qaraciyər xərçənginin erkən diaqnozu üçün intellektual metodların, səhiyyə 4.0 mühitində Əhalinin Sağlamlığı Observatoriyasının formalaşmasının elmi-nəzəri əsaslarının işlənildiyini, tibbi sosial media resurslarında tibb müəssisələrinin və həkimlərin reytinqinin təyini istiqamətində tədqiqatların aparıldığını bildirib.

 

Избранный
18
1
azertag.az

2Источники