RU

Qarabağda ev alıb kirayə verənlərə hüquqşünasdan XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayıtdıqları iddia edilir. Bildirilir ki, bəziləri bu evlərdən yaşamaq yox, yeni gəlir mənbəyi kimi istifadə edir. Xüsusilə də işğaldan azad olunan ərazilərə kütləvi turist axınından sui-istifadə edilir.

Qeyd edək ki, Bakı və Bakıətrafında məcburi köçkünlər üçün salınan qəsəbələrdə vaxtaşırı reydlər keçirilir, ev verilən şəxslərin həmin mənzillərdə yaşayıb-yaşamadığı təsbit edilirdi. Dövlətin verdiyi evdə yaşamayıb, ondan qazanc məqsədilə istifadə edən və kirayə verənlər aşkarlanırdısa, həmin mənzil dərhal geri alınır, ehtiyacı olana təqdim edilirdi.

Bu təcrübənin işğaldan azad edilmiş ərazilərdə də tətbiq ediləcəyi hüquq baxımdan nə dərəcədə doğrudur, ola bilərmi?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən hüquqşünas Əsabəli Mustafayev bildirib ki, dövlət məcburi köçkünlərin sosial təminatı üçün öhdəlik daşıyır ki, məcburi köçkünün buna ehtiyacı var. Ehtiyacı olanları yaşayış sahəsi ilə, sosial müavinətlərlə, işsizlik və digər təminatlarla təmin etmək dövlətin borcudur. Bu qanunda da var. Yenə də qeyd edirəm ki, ancaq ehtiyacı olanlar üçün…

Hüquqşünasın sözlərinə görə, o vaxt məcburi köçkün olmuş şəxslərin böyük bir hissəsi digər şəxslərə məxsus mənzillərə, təqribən 5 min ev zəbt edərək orada qalmışdılar. Və məhkəmələr qərarlar çıxarsa da ancaq faktiki boşaltma baş tutmamışdır. İndi-indi artıq bəzi yerlərdə məhkəmə qərarlarına başlanılır. O cümlədən Avropa Məhkəməsinin qərarları da icra olunmağa başlayır. Yəni o məcburi köçkünlər köçürülür. Ancaq burada da rast gəlirik ki, məlum olur ki, ilk dəfə 90-cı illərdə evləri zəbt etmiş məcburi köçkün heç orada yaşamır.

“Uzun illər bundan öncə köçkün mülkü qeyri rəsmi şəkildə başqa bir məcburi köçkünə satıb. Özü də gedib ayrı yerdə yaşayır. Bu hallar da var ki, ictimai binalarla da bağlı zəbt olunmuş yataqxanalar və digər ictimai binalar da bura daxildir. Bizim apardığımız işlər var ki, bu onu əyani sürətdə göstərir. Məsələn, həmin məcburi köçkün haradansa ev alıb və onu kirayə verib. Özü isə zəbt etdiyi mənzildə yaşayır. Bax belə hallar həddindən artıq çoxdur. Biz hələ nail ola bilməmişik ki, çox sayda məcburi köçkünün özü burada yaxşı həyət evi və ya bina evi, “navastroyka”larda evi ola-ola hələ də onları kirayə və ya qohumlarına, övladlarına verib özü isə həmin zəbt olunmuş yataqxanalarda yaşayırlar. Təəssüf ki, hökumət də buna qarşı ciddi tədbirlər görmür.

Sonra bir neçə il bundan qabaq sosial evlər tikilməyə başladı. Onlar da məcburi köçkünlər arasında bölünürdü. Bu ancaq istifadə üçündür. Yəni müvəqqəti istifadə üçün idi. Məcburi köçkünlər öz evlərinə, azad olunmuş torpaqlarına köçəndə bu sosial evlər boşaldılmalı idi. Ancaq bizdə praktikada olub ki, bizə müraciətlərdən də görünür ki, belə sosial evlər də qeyri-rəsmi surətdə alqı-satqı predmeti olur.

Gördüyümüz kimi, bu sahədə çox ciddi problemlər, hüquq pozuntuları, mənəvi dəyərlərin pozuntusu var. Ona görə də bu işə ciddi yanaşmaq lazımdır.

İndi hökumət büdcə hesabına evlər tikib verir və məcburi köçkünləri də köçürür. Bu ona görə verilir ki, hesab olunur ki, həmin məcburi köçkünlərin bu mənzilə ehtiyacı var. Lakin bildiyimiz kimi mətbuatda da bu barədə xəbərlər dərc olunur ki, azad olunmuş ərazidəki evlər kirayə verilir, həmin şəxslər, məcburi köçkünlər isə Bakıda, Sumqayıtda, Abşeronda və s. yaşayır.
Bu adamların çoxu bacarıqlı, savadlı adamlardı. Onlar iş qurub özləri üçün Bakı, Sumqayıt və digər ərazilərdə ev, torpaq sahəsi alıblar. Lakin onlar bu mülkləri öz adlarına almayıblar. Onlar bu mülkləri kiminsə adına alıblar. Çünki qaydaya görə əgər məcburi köçkün torpaq sahəsi alırdısa, öz adına ev alırdısa o artıq ehtiyacı olmayan hesab olunurdu. Həmin şəxslər evlə təmin olunmayacaqdı. Sosial müavinət məsələsi də onlar üçün problem olacaqdı. Çünki görünür qazancı var. İndi də məcburi köçkünlər hansılar ki, işğaldan azad olunmuş ərazilərdə o evləri alıb verirlər kirayə özləri isə Bakıda yaşayır, onların öz evləri deyil, kiminsə adınadır. Bu o deməkdir ki, burada pozuntu var və düzgün deyil. Onlar evləri ola-ola dövlətdən pulsuz ev alırlar və onu da kirayə verirlər. Sosial şəbəkələrdə isə insanların əksəriyyəti bu hala normal yanaşır və düşünürlər ki, turizmin inkişaf etməsi üçün yaxşı bir haldır. Və ya məcburi köçkünlərin qazanmasına şərait yaranır, işğal olunmuş ərazilərdə yaşayışın artmasına səbəb olur.

Hesab edirəm ki, belə yanaşma düzgün deyil. Bu dövlət büdcəsilə tikilmiş evlərdir. Və onu ehtiyacı olana vermək lazımdır. Bəs nəyə görə hissə-hissə köçürülür? Çünki evlərin tikintisi çatdırılmır. Məlum olur ki, bir hissəsi də o məcburi köçkünlərə verilir ki, onların o evlərə ehtiyacı yoxdur. Ehtiyacı olmayan şəxslərə nə üçün dövlət büdcəsindən ev verilməlidir? Ona görə də mənzilləri, evləri ilk növbədə doğrudan da ehtiyacı olan şəxslərə vermək lazımdır. Bu məsələyə diqqəti artırmaq lazımdır. Ola bilsin ki, burada korrupsiya məsələləri var. Evləri bölənlər də bilirlər ki, həmin adamların Bakıda və ya digər ərazilərdə evləri var. Ancaq bununla belə, yenə də ev verirlər. Əgər gələcəkdə məcburi köçkün istəsə ki, rayonda da evi olsun öz hesabına ala bilər. Ancaq bugünkü gündə büdcənin üzərinə bu qədər ağırlığı yıxmaq hesab edirəm ki, düzgün və vicdanlı yanaşma deyil. Ancaq bütün bunlar hamısı sözdə qalır. Ona görə də hamı bir cürə şərh verir. Bu məsələ hüquqi cəhətdən həll olunmalıdır. Birdəfəlik qərar çıxarılmalıdır ki, əgər hər hansı bir məcburi köçkünün Bakıda və digər bölgələrdə evi varsa onlara pulsuz evin verilməməsi barədə qərar qəbul edilsin. Ayrı bir variant da var, bunu gələcək üçün deyirəm. Çünki indi bütün diqqət böyük qayıdışın baş tutmasına yetirilib. Bəziləri bundan sui istifadə etdiyindən qayıdış hələ yarımçıqdır. Gələcəkdə əgər əlavə evi olanlar, Bakıda və ya digər ərazilərdə yaşamaq istəyən məcburi köçkünlər Bakıda yaşaya-yaşaya öz doğma yurdunda hər hansı bir ev tikmək, torpaq almaq, təsərrüfatla məşğul olmaq istəyərsə, hökumət onun vaxtilə məcburi köçkün olmasını nəzərə alaraq onlara güzəştli, faizsiz kreditlər verə bilər. Bu adamlar öz doğma yurdunda nəsə yaratsınlar deyə…
Bu olardı ən ədalətli, vicdanlı bir yanaşma”.

Избранный
40
42
tribunainfo.az

10Источники