RU

“Ələt Azad İqtisadi Zonası Orta Dəhlizin imkanlarından daha yüksək səviyyədə istifadə etməyə imkan verəcək” - MÜSAHİBƏ

Hazırda Azərbaycanın əsas məqsədi ölkəmizə yalnız yeni yükdaşımaları cəlb etmək deyil, o, həm də regional tranzit yükdaşımalarında əlavə dəyərin yaradılmasına, ticarət infrastrukturunu əhəmiyyətli dərəcədə təkmilləşdirməyə nail olmaq istəyir. Ölkəmiz bunun üçün bir sıra strateji prioritetlər və yol xəritəsi də müəyyən edib.

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) İctimai Birliyinin İcracı direktoru Vüsal Qasımov İqtisadiyyat.az-a müsahibəsi

- Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası neçə şirkəti özündə birləşdirir və şirkət yaradılığı zaman qarşısına qoyduğu məqsədə nə dərəcədə nail olub?

- Bu gün Assosiasiya 39 daimi və assosiativ üzvü  özündə birləşdirir, eyni zamanda, üzv olmayan şirkətlərlə də qarşılıqlı əlaqədədir. Assosiasiyamızın əsas məqsədi ölkəmizdə gömrük təmsilçiliyi institutunun inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərlə dövlət qrumları arasındakı kommunikasiyanın yaxşılaşdırılması, qarşılıqlı əməkdaşlıqları artırmaq, fikir, bilik mübadiləsi aparmaq, şəbəkələşmə üçün beynəlxalq, regional forumlar və konfranslar təşkil etməkdir. Bu il bu istiqamətdə böyük addımlarımızdan birini atacağıq, KOBİA-nın təşkilatçılığı, “Paşa Holdinq”in sponsorluğu, AGTL-in tərəfdaşlığı ilə “Azərbaycan idxal-ixrac forumu, mövcud vəziyyət və çağırışlar” mövzusunda forum keçiriləcək. Asssosiasiya KOBİA yanında İctimai Şurada təmsil olunur, dövlət qurumlarının üzvləri ilə görüşlər təşkil edir, mövcud problemlər birbaşa həmin qurumun səlahiyyətli nümayəndələri ilə müzakirə edilir. Bu platformalar sayəsində məmur-sahibkar dialoqu birbaşa və daha səmərəli şəkiLdə baş tutur. “Məqsədimizə tamamilə nail olmuşuq” demək hər zaman tezdir. Çünki proseslər daima inkişafdadır, belə olduğu təqdirdə biz də bu inkişafla paralel irəliləyirik və nəticədə yeni hədəflər, məqsədlər ortaya çıxır.

- Azərbaycanın logistika və təchizat zənciri sahəsindəki potensialını necə qiymətləndirirsiniz? Ölkəmiz bu potensialından, sizcə, necə istifadə edir?

- Azərbaycanın logistika və təchizat zənciri sahəsindəki potensialı çox yüksəkdir və bir neçə əsas faktor bu potensialı artırır. Bunları aşağıdakı kimi sıralaya bilərik:

Strateji coğrafi mövqe: Azərbaycan Avropa və Asiya arasında körpü rolunu oynayır. Xəzər dənizinə çıxışı olan ölkə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri kimi mühüm beynəlxalq nəqliyyat marşrutlarının kəsişməsində yerləşir. Bu mövqe ölkənin logistika mərkəzi kimi inkişaf etməsi baxımından böyük üstünlük yaradır.

Nəqliyyat infrastrukturunun inkişafı: Son illərdə Azərbaycan nəqliyyat infrastrukturuna əhəmiyyətli sərmayələr yatırıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər iri nəqliyyat layihələri ölkənin logistika imkanlarını genişləndirir. Bu layihələr ticarət axınlarının artırılmasına və tranzit müddətlərinin daha da qısaldılmasına imkan verir.

Azad iqtisadi zonalar: Azərbaycan xarici investorları cəlb etmək və regionun logistika mərkəzi olmaq üçün xüsusi iqtisadi zonalar və azad ticarət zonaları yaradır. Bu, investorlar üçün vergi güzəştləri və əlverişli ticarət şəraiti təqdim edir, bu da logistika və təchizat zəncirinin inkişafını sürətləndirir. Amma düşünürəm ki, mövcud potensialımızla ondan istifadə arasında hələ böyük fərqlər var. Bu imkanları düzgün dəyərləndirib ona uyğun addımlar atılmış olarsa, ölkəmiz bu prosesdən daha qazanclı çıxacaq.

- Azərbaycan logistika sahəsində rəqəmsallaşdırmaya nə dərəcədə nail olub? Rəqəmsallaşdırılmanın genişlənməsi ölkəmiz üçün hansı imkanlar yarada bilər?

- Bununla əlaqəli konkret bir statistika olmadığından sualınızı dəqiq rəqəmlərlə cavablandırmaq çətindir. Ümumilikdə logistika sahəsində fəaliyyət göstərən özəl müəssisələrdə rəqəmsallaşma o qədər də ürək açan deyil. Ancaq gec-tez bu proses baş verməlidir. Əgər biz rəqabətə dayanıqlı olmaq istəyiriksə, onun qaydalarına uyğun hərəkət etməliyik. Dövlətin öhdəliyində olan məsələlərdə isə rəqəmsallaşma istiqamətində ciddi irəliləyişlərin olduğunu deyə bilərəm. Məsələn, Dövlət Gömrük Komitəsi tərəfindən tətbiq edilən "Elektron Gömrük" sistemi logistika və ticarət proseslərini sadələşdirir, sürətləndirir. Bu sistem gömrük əməliyyatlarının onlayn rejimdə aparılmasını, mal və nəqliyyat vasitələrinin idxal və ixracı ilə bağlı sənədlərin elektron qaydada təqdim olunmasını təmin edir. Eyni zamanda, “Asan imza” və “Elektron imza” kimi texnologiyalar logistika sahəsində müqavilələrin, sənədlərin və digər rəsmi proseslərin rəqəmsal şəkildə aparılmasına imkan verir, bu da vaxt və resursların qənaətinə kömək edir.

- Bu yaxınlarda paytaxtımızda Bakı KOB Evi anbarı yaradıldı. Bu anbarın fəaliyyəti logistika şirkətlərinin işinə nə kimi töhfə verəcək?

- Bakı KOB Evində sahibkarların istifadəsi məqsədi ilə KOB Gömrük anbarının açılması olduqca önəmli hadisədir. Çünki burada sahibkarlar bir məkanda işlərini daha şəffaf, daha əlçatan və daha rahat həll edə biləcəklər. Nəzərə alsaq ki, DGK-nın əməkdaşları ilə yanaşı, digər dövlət qrumlarının da əməkdaşları Bakı KOB Evində sahibkarlara xidmət göstərir,  bu, o deməkdir ki, sahibkar bir məkanda lazım olan sənədləşmə işlərini həll edərək daha sürətli formada işini tamamlaya biləcək. Bu tip KOB Gömrük anbarlarının sayının artırılması olduqca vacib və ehtiyac duyulandır.

- Hazırda əsas hədəflərdən biri Orta Dəhlizlə daşınan yüklərin həcmini dəfələrlə artırmaqdır. Azərbaycanın bu hədəfə nail olma baxımından gördüyü işləri necə dəyərləndirmək olar? Sizcə,  Azərbaycan bu dəhlizin potensialından tam istifadə edə bilir?

- Şərq-Qərb Dəhlizinin mərkəzi hissəsi olan Orta Dəhliz – bu dəhliz həm də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu adlanır,- yükdaşımaların həcmi baxımından ildən-ilə daha yuxarı göstəricilərə nail olur. Belə ki, bu ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 65%-lik bir artımla 2.1 milyon tonluq yükdaşıma həyata keçirilib.

Orta Dəhlizin imkanlarından maksimum yararlanmaq Azərbaycanın təkbaşına icra edə biləcəyi bir proses deyil. Çünki iştirakçı ölkələrin hər birində infrastrukturun yüksəldilməsinə nail olmağa ehtiyac var. Bu baxımdan bu dəhlizin əsas ölkələri olaraq, Çin, Qazaxıstan, Azərbaycan və Gürcüstanın birgə yanaşma tətbiq etməsinə ehtiyac var. Düzdür, bu dəhliz Çin və Qazaxıstan sərhəddindən başlasa da, dəhliz üzərindən ən çox daşınan yüklər məhz Çinə məxsusdur. İnanıram ki, Ələt Azad İqtisadi Zonası bu dəhlizin imkanlarından daha yüksək səviyyədə istifadə etməyə imkan verəcək. Eyni zamanda, Bakı Beynəlxalq Ticarət Limanının genişləndirilməsi bu dəhlizin imkanlarını artıracaq. Qeyd edə bilərik ki, Bakı-Tbilisi-Qars Dəmiryolunun modernləşdirilməsi də bu dəhlizin imkanlarının genişləndirilməsinə imkan yaradacaq. Bu da sonda yükdaşımaların həcminə öz müsbət təsirini göstərəcək.

- Beynəlxalq təcrübədə gömrük təmsilçiliyi institutunun inkişafına xüsusi diqqət yetirilir. Ölkəmizdə bununla bağlı vəziyyəti necə dəyərləndirirsiniz?

- Ölkəmizdə təəssüf ki, bu sahə institutlaşa bilməyib. Amma assosiasiyamız bunun olması üçün əlindən gələni edir. Çünki başa düşürük ki, istər bu sahədə fəaliyyət göstərən sahibkarların fəaliyyət mühitinin yaxşılaşdırılması, istər idxal və ixrac ilə məşğul olan sahibkarların daha keyfiyyətli xidmət alması, istərsə də DGK ilə sahibkar-vətəndaş münasibətlərində mövcud olan müsbət hallarla yanaşı neqativ halların aydınlaşdırılması, ictimai iştirakçılığın təmin edilməsi məqsədi ilə gömrük təmsilçiliyi institutunun formalaşması olduqca vacibdir. Beynəlxalq təcrübəyə baxsaq görərik ki, bəzi hallarda gömrük təmsilçisinin az qala gömrük əməkdaşı qədər səlahiyyəti olur. Təəssüf ki, bu gün bizdə gömrük təmsilçiliyi institutunun qənaətbəxş olduğunu deyə bilmərəm.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
iqtisadiyyat.az

1Источники