RU

Rusiya ilə Ukrayna arasında... Azərbaycan

Rusiya da, Ukrayna da, əslində, müharibəni dayandırmağın yollarını axtarır. Burda dönüş nöqtəsi Ukraynanın müharibəni Rusiyanın ərazisinə keçirməsi, Kursk əməliyyatı, Rusiyanın dərinliklərindəki hərbi infrastrukturların hədəf alınması oldu. Müharibənin əvvəlki mərhələlərində Rusiya Ukraynanın şimal-şərq, şərq və cənub-şərq bölgələrində hərbi əməliyyatlar apardı. Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini işğal və ilhaq etdi. Krımı daha əvvəl ilhaq etmişdi. Eləcə də, Xarkovda da uğur qazanmış, paytaxt Kiyevin ətraflarına qədər gəlib çıxmışdı. Bu minvalla Ukrayna ərazisinin 20 faizini ələ keçirdi. Ancaq sonrakı mərhələ başladı; Ukrayna bu hücumu dayandırdı və əks-hücuma keçdi. Bu əks-hücum çox da uğurlu alınmasa da, Rusiya qoşunlarını yormağa, resurslarını tükəndirməyə bəs edirdi. Mövqe döyüşləri hərbi birləşmələr üçün gözlənildiyindın də yorucu oldu. Ancaq Rusiya öz qüvvələrini yenidən qruplaşdıraraq davamlı hücum əməliyyatları keçirməkdəydi. Paralel olaraq, Rusiya orta və uzaqmənzilli hərbi vasitələrlə Ukraynanın hərbi, hərbi-texniki infrastrukturu ilə yanaşı, həyati vacib mülki obyektlərini də hədəfə alırdı. Bunların arasında enerji infrastrukturu önəmli yer tutur. Rusiya Ukraynanın enerji istehsal və paylayıcı stansiya və şəbəkələrini dağıdırdı. Bir yerə qədər bu, sanki tək qapıya oyanılan futbol oyunu idi. Çünki Qərbin Ukraynaya vədlərinə baxmayaraq, lazım olan silah-sursatı verməməsi, yaxud gecikdirməsi Rusiyanın işini asanlaşdırdı. Xüsusilə də, Rusiya ərazisində legitim hərbi hədəfləri vura biləcək silahların Ukraynaya təmin edilməməsi, ya da bu silahlardan Ukrayna hüdudlarından kənarda istifadə edilməsinə qadağa qoyulması Moskvanın əlinə oynadı. Artıq sanki Rusiyanın qələbə ehtimalı artdığı zaman Ukrayna Rusiyanın ərazisindəki hədəfləri vurmağa başladı. Hətta ABŞ-da Ukrayna müharibəsi tərəfdarları seçkiləri uduzmaq təhlükəsi ilə üzləşəndə Ukrayna Silahlı Qüvvələri "Vaşinqtondan xəbərsiz" Rusiyaya hücuma keçdi, Kursk vilayətində müdafiəni yarıb irəlilədi. O zaman Qərb dövlətlərinin liderləri Ukraynanın hücumundan əvvəlcə "təəccübləndilər", sonra qürurlandılar, daha sonra da dedilər ki, Ukraynanın özünü müdafiə etmək hüququ var. Ukrayna "özünü müdafiə" hüququnu reallaşdırmaq üçün uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərini hədəf almaq istəyəndə isə buna icazə vermədilər. ABŞ və Böyük Britaniya bu müharibəni o vaxta qədər uzatdılar ki, Rusiya ilə Ukrayna arasında qaz tranziti ilə bağlı müqavilənin müddəti bitmə nöqtəsinə gəlsin. Ukrayna, təbii ki, bu müqaviləni uzatmağı da arzulamır, ancaq öz ərazisindən qaz nəqlinə görə tranzit gəlirlərindən də məhrum olmaq istəmir. Buna görə həm Rusiya, həm Ukrayna diqqətini Azərbaycana yönəldib (bu haqda bir az sonra). Gerçək budur ki, Vaşinqton və London Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsində maraqlı deyil. Bu, bir yandan, Avropanı Rusiyanın neft, xüsusilə, qaz asılılığından öz xeyirlərinə xilas etməklə bağlıdır. Əgər Rusiya ilə Ukrayna arasında qaz nəqli ilə bağlı razılaşma uzadılmasa, o zaman Avstriya, Çexiya, Slovakiya və Macarıstan qaz qıtlığı çəkəcək. Bu, Mərkəzi və Qərbi Avropaya ciddi xəbərdarlıq siqnalı olacaq; əgər ABŞ-dan sıxılmış qaz almasalar, belə bir təhlükə onları da gözləyir deyə. O biri yandan, Rusiya-Ukrayna müharibəsi davam etdikcə, ABŞ Çini əngəlləmək imkanlarını əlində saxlayır. Bu, təkcə Rusiyadan ucuz xammal idxalına görə Çin şirkətlərinə sanksiyalar qoymaqla bağlı deyil (hərçənd bu, əsas hədəflərdən biridir), əsas məqsəd Avropa İttifaqının Çinlə iqtisadi əlaqələrini bacardıqca bloklamaqdır. Çin ixracatda ABŞ-ı qabaqlayaraq, dünyada birinci yerə çıxıb. Bu, anqlosakson birliyi dövlətləri üçün çox pis xəbərdir. Artıq ilkin nəticələr də var: Avropa İttifaqı Çinin bəzi mal pozisiyalarına antidempinq rüsumları tətbiq edib. Bu addımı daha əvvəl ABŞ özü də atmışdı və Avropa İttifaqından da bunu tələb edirdi. Eyni zamanda Ukraynadakı müharibə Avropa sənaye nəhənglərini daha yaxın coğrafiyadakı (Rusiyadakı) daha ucuz strateji xammal ehtiyatlarından məhrum etdikcə, Avropa istehsalı malların maya dəyəri yüksəlir və o, Çin ilə rəqabətdə çətinlik çəkirdi. Buna görə də onlar öz bazarının qapılarını qismən də olsa, Çinin üzünə qapamaq məcburiyyətindədirlər. Təsəvvür edin: dünyadakı dəmir ehtiyatlarının 25 faizi Rusiyadadır və daha ucuz təklif olunur. Müharibə fonunda isə bu qiymət bir az da düşüb. Avropa ölkələri Amerikanın və Aİ-nin sanksiyaları səbəbindən Rusiyadan bu xammalı ala bilmir, amma Çin alır (əlbəttə, sanksiyalardan yayına bildiyi qədər). Üstəlik Rusiya nikel, titan, uran kimi strateji malları da Qərbə satmayacağı ilə təhdid edir. Belə bir vəziyyətdə Vaşinqton Çinin daha da güclənə biləcəyindən narahatdır. Öz məqsədlərinə hələ nail ola bilmədiyi üçün Vaşinqton Ukraynadakı müharibənin davamında maraqlıdır. Göründüyü kimi, ABŞ Rusiyanı Ukraynaya çəkərək, Moskvanın Qərbə yolunu bağlayıb; müharibəni mövqe döyüşləri formatına keçirərək, bir növ, "avtopilota qoyub". Lazım olanda Ukraynaya silah verib Rusiyanı sıxışdırır, lazım olanda, Ukraynaya atəş qadağası qoyub, Rusiyanın önünü açır. Bir sözlə, ABŞ-a dinc deyil, aqressiv rus obrazı lazımdır ki, Rusiya öz təhlükəsi ilə ətrafındakı dövlətləri Vaşinqtonun qucağına qovsun. ABŞ buna da yavaş-yavaş, mərhələ-mərhələ nail olur. Dediyimiz kimi, ABŞ Ukrayna vasitəsilə Rusiyanın Qərbə yolunu bağlayıb. Buna görə Moskva üzünü Qlobal Cənuba çevirib. Hindistan yeni dönəmdə aktiv rol aldı; baş nazir Narendra Modi həm Moskvada, həm Kiyevdə görüşlər keçirdi, müharibəni dayandırmaq üçün vasitəçilik təklif etdi. Buna cavab olaraq, Hindistan Banqladeşdə dövlət çevrilişi ilə cəzalandırıldı; Dəkkədəki Hindistan yönümlü hökumət çökdürüldü. Bu, Modiyə xəbərdarlıq idi. Müharibəni dayandırmağa cəhd edən ölkələrdən biri də, təbii ki, Çindir. Pekində anlayırlar ki, Qərb Ukraynada qalib gəlsə, növbəti "qaynar nöqtə" Tayvan boğazı olacaq. ABŞ Çini iqtisadi əngəllərlə durdura bilməsə, hərbi yola əl atacaq. Bu, ABŞ-la Çin arasında birbaşa müharibə formatında olmayacaq, təbii ki. Çini Tayvanda hərbi əməliyyatlara çəkəcəklər. Bundan istifadə edərək, ağır iqtisadi-maliyyə sanksiyaları qoyacaqlar. Elə bir situasiya yaratmağa çalışacaqlar ki, ABŞ-ın təkcə Asiya-Sakit Okean hövzəsindəki dostları deyil, həm də Avropadakı müttəfiqləri də Vaşinqtonun antiÇin sanksiya "koalisiyası"na qoşulsunlar. O səbəbdən, Çin bu müharibənin mümkün qədər tez bitməsində maraqlıdır; indiki status-kvo ilə müharibə bitsə, bu, Rusiyanın Ukrayna üzərində qələbəsi kimi təqdim oluna biləcək. Təbii ki, Ukraynanın Kurskdan çəkilməsi şərtilə. Rusiya prezidenti özü də bu cür düşünür. Ona görə mümkün, optimal vasitəçilər kimi Çinin, Braziliyanın və Hindistanın adlarını çəkir. Türkiyə bu siyahıdan kənarda qalır. Çünki, Türkiyə hər bir halda NATO üzvü olan ölkədir. Vasitəçilik üçün əsas şərtlərdən biri budur ki, bu dövlət neytral olsun, nə ABŞ-ın patronajlığı altında NATO-nun, nə də mediada "Rusiyanın NATO"su adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olsun. Eyni zamanda da Avropa İttifaqının da üzvü olmasın. Üstəlik həm Rusiya ilə, həm Ukrayna ilə yaxşı münasibətlərinin olması əsas şərtdir. Ukrayna Çinin, Hindistanın və Braziliyanın sülh planlarını qəbul etmək istəmir. Hər üç dövləti Kiyevdə Rusiyanın yaxın müttəfiqləri, dəstəkçisi kimi görürlər və tam etimad edə bilmirlər. Bircə qalır Azərbaycan. Rəsmi Bakı vasitəçi kimi hər iki tərəfin şərtlərinə uyğundur. Ukrayna da, Rusiya da bu yöndə ilkin mesajlar veriblər. Ancaq bu yüksək səviyyələrdə, açıq siqnallar deyil. Ukrayna istəyir ki, bu danışıqlar Ukrayna-Rusiya formatında yox, Qərb və Ukrayna bir tərəfdən, Rusiya da o biri tərəfdən olmaqla, yaxud Avropa İttifaqının vasitəçiliyi ilə keçirilsin. Rusiya isə istəyir ki, vasitəçilər, dediyim kimi, Çin, Hindistan və Braziliya olsun (Qlobal Şimala qarşı Qlobal Cənub!) Qərb də bunu qəbul etmir, Ukraynanın dili ilə imtina edir. Bu fonda Azərbaycanın vasitəçilik üçün şansları artır. Azərbaycan bundan əvvəl də ABŞ-Rusiya hərbi rəhbərlərinin, eləcə də, başqa yüksəkrütbəli nümayəndələrin görüşü, danışıqları üçün, qlobal siyasi və humanitar dialoq üçün rahat platforma olub. COP-29 konfransının Bakıda keçirilməsi özü də bunu göstərir. COP beynəlxalq miqyasda "diplomatiyanın Olimpiadası" hesab olunur. İqlim problematikası üzərindən qlobal sülh və tərəfdaşlıq axtarışları, çağırışları, mesajları üçün ən yüksək diplomatik tribunadır. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi haqlı və qalib obrazı da, postmüharibə dövründə sülh təşəbbüsü də onun "diplomatiya Olimpiadası"na ev sahibliyi haqqı verir. Bu yaxınlarda məşhur ziyalılarımızdan birinin dediyi kimi, Azərbaycan dünyaya namuslu müharibə nümunəsi göstərdi. Bu, təkcə dövlətin öz namusu üçün vuruşması deyildi (ərazi bütövlüyü, suverünlik, sərhədlər hər bir dövlətin namusudur). Eyni zamanda müharibənin özü yazılmış və yazılmamış bütün qanunlara - həm beynəlxalq konvensiyalara, həm də milli qanunvericiliyə, eləcə də, insani mənəvi kateqoriyalara uyğun aparıldı. Bu siyasi-mənəvi üstünlük Azərbaycana Rusiya ilə Ukrayna arasında vasitəçi olmaq üçün əsas və imkan verir. Ancaq Azərbaycan özü, təbii ki, öz namizədliyini irəli sürmür; buna can atmır. Qarşıduran tərəflər, onların arxasında və ya yanında dayanan müttəfiqlər hamılıqla bunu istəməlidir. Ən başlıcası, müharibəyə bu və ya başqa formada, bu və ya başqa dərəcədə cəlb olunmuş ölkələr gərək müharibəni sonlandırmaqda, ən azı atəşkəsdə özləri, doğrudan da, maraqlı olsunlar. Azərbaycan bunun üçün öz tərəfindən təşəbbüs də göstərmir, olası təklifdən imtina da etmir. Hər halda rəsmi Bakının indiki yanaşmasının belə olduğu qənaətindəyəm. Doğrusu da, məncə, elə budur. P.S. Rusiya-Ukrayna müharibəsi rəsmi Bakının vasitəçiliyi ilə dayandırılsa, Azərbaycan dünyaya üstün diplomatiya dərsi də vermiş olar. 2020-2023-cü illər ərzində cəmi 45 gündə tarixin ən namuslu və ən ağıllı müharibəsi ilə hərb dərsi vermişdi, bu dəfə isə vasitəçiliyi baş tutsa, dünyaya sülh dərsi verə bilər. Bahəddin Həzi Bahəddin Həzi, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
50
bizimyol.info

10Источники