RU

Erməni separatçılarını diz çökdürən antiterror əməliyyatı

Pərvanə SULTANOVA [email protected]


Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi möhtəşəm zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də ordumuzun Qarabağda keçirdiyi birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. 23 saat 43 dəqiqə davam edən və bütün hərbi-siyasi hədəflərinə nail olan bu əməliyyat dünya hərb tarixi üçün nadir əməliyyatlardan biri hesab olunur.

Bu tarixi gün münasibətilə “525”ə danışan Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bir çox aspektdən xüsusi önəm daşıyır. Bu qələbə ilə Azərbaycan xalqı tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi və “güclü Ermənistan”, “güclü Ermənistan ordusu” mifini aradan qaldırdı: “Ermənilər əslində İrəvanı, Zəngəzuru, sonrakı dövrdə Qarabağı işğal etdilər. Düşünürdülər ki, onlar uzun illər bizim bütün ərazilərimizi işğalda saxlaya biləcəklər. Amma Azərbaycan həyata keçirdiyi tədbirlərlə bu prosesin qarşısını qəti şəkildə aldı və bütün dünyaya göstərdi ki, Ermənistan bu ərazilərdə insanlıq əleyhinə cinayətlər törədib, ərazilərimizi dağıdıb”.

C.Məmmədov əlavə edib ki, Vətən müharibəsində qələbə ilə Azərbaycan bölgədə yeni reallıq yaratdı: “Bütün dünya Azərbaycanın bu qələbəyə necə nail olması barəsində müzakirə aparır. Təbii ki, qələbə Azərbaycanı daha da gücləndirdi və xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Azərbaycan Vətən müharibəsində çox böyük və tarixi qələbə qazandı. Son 200 illik tariximizdə ilk dəfə torpaq itirmədik, əksinə, itirilmiş torpaqlarımızı geri qaytardıq”.

C.Məmmədov xatırladıb ki, Ermənistan Vətən müharibəsi başa çatdıqdan sonra imzalanan üçtərəfli bəyanat üzrə öhdəliklərini qətiyyən yerinə yetirmirdi. Onların arasında, xüsusilə də erməni silahlılarının ölkəmizin ərazilərindən çıxarılmaması Azərbaycanı dərindən narahat edirdi: “Ermənistan silahlı birləşmələrini ərazilərimizdən çıxarmaq əvəzinə orada şəxsi heyət, zirehli vasitələr, artilleriya qurğuları saxlayırdı. Həmçinin həmin ərazilərə müharibədən sonra Ermənistanda istehsal olunan minalar daşınırdı. Burada məqsəd separatçı rejimin Azərbaycan Ordusuna qarşı müqavimətini gücləndirmək idi.

Ermənistandan Azərbaycan ərazilərinə göndərilən minalarla itkilərimiz davamlı olaraq artırdı. Bütün bunları nəzərə alan ölkəmizin xəbərdarlığına və bəyanatlarına məhəl qoymayan separatçı rejim və onu dəstəkləyən Paşinyan komandasının cəzalandırılması üçün Azərbaycan antiterror tədbirlərini həyata keçirmək qərarını verdi. Bu antiterror tədbirləri Azərbaycan ərazilərində mövcud olan erməni silahlılarından min nəfərdən çoxunun məhv edilməsi və ya yaralanması ilə nəticələndi. Qəhrəman Azərbaycan Ordusu cəmi bir gün ərzində yüzlərlə kvadratkilometr işğal altındakı ərazimizi azad etdi, düşmənin 65-ə yaxın zirehli və zirehsiz vasitələrini, avtomobil texnikasını sıradan çıxardı. Ordumuz düşmənin döyüş texnikalarını, artilleriya vasitələrini, xüsusi texnikalarını qənimət olaraq ələ keçirdi. Bundan başqa, ermənilər atıcı silahlarını və onlara aid milyonlarla sursatı da döyüş meydanında atıb getdi”.

Onun sözlərinə görə, 2020-ci ildə baş verənlərdən Ermənistan nəticə çıxarmadı. İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı: “Azərbaycan başqa bir addım atmaya bilməzdi. Biz hansı yolla olur-olsun torpaqlarımızı azad etməli idik. 2023-cü ildə Azərbaycan bu işğala son qoydu. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı”.

C.Məmmədov deyib ki, Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır: “Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilib. Bu gün sülh ən çox Ermənistana lazımdır. Ermənistan anlamlıdır ki, bu gün onlar sülh üçün ciddi səylər göstərməlidirlər. Çünki Ermənistan özü blokadada qaldı və ciddi problemlər yaşadı. Münasibətlərin bərpasından sonra regional əməkdaşlıq, Zəngəzur dəhlizinin açılması və digər məsələlər Ermənistan iqtisadiyyatının dirçəlməsi üçün vacibdir. Bu şans uzun illər olmayacaq. Azərbaycan əlinin uzun müddət havada qalması ilə barışmayacaq”.

Hərbi ekspert Elxan Şıxəliyev isə “525”ə deyib ki, antiterror tədbirlərinin keçirilməsini səbəb və nəticə kontekstində qiymətləndirəndə görürük ki, səbəb olaraq Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq qeyri-qanuni silahlı birləşmələrini Qarabağadan çıxarmadı, eyni zamanda 44 günlük müharibədə cənubdan müdafiə olunan 18-ci motatıcı diviziyasının şəxsi heyətini və hərbi texnikasını Qarabağ ərazisinə köçürdü, Qarabağda olan 10-cu dağatıcı dviziyasının bölmələri ilə yenidən orda qanunsuz birləşmələrin “ordusunu” yaratmaqla fəaliyyətini davam etdirdi. Azərbaycanın siyasi-hərbi iradəsini daşdıran əsas məqamlardan biri  də ötən il sentyabrın 2-də Baş nazir Nikol Paşinyanın “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin ildönümü münasibətilə separatçı rejimə təbrik məktub göndərməsi, sentyabrın 9-da isə qondarma prezident seçkilərinin keçirilməsi oldu.

Hərbi ekspert deyib ki, bu, antiterror tədbirləri keçirilməsinə səbəb oldu: “Həmçinin bununla paralel ermənilər Qarabağın perimetri boyunca 500 km-ə qədər ərazidə fortifikasiya mühəndis-istehkam qurğuları, yeni dayaq məntəqələri, müşahidə məntəqələri, səngər sistemləri yaradırdılar. Və bu səngərlərdən, mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərini atəş altına alır, nəticədə hərbçilərimiz şəhid olur, yaralanırdılar. Ən azından 2020-ci ilin 8-9 noyabrından sonra, 2023-cü ilin 19-20 sentyabrına kimi kifayət qədər bu faktlar baş vermişdi. Bunun da qarşılığını Azərbaycan Ordusu misli ilə vermişdi. Baxmayaraq ki, Rusiya sülhməramlıları bölgəyə gəlməzdən qanunsuz birləşmələr Qarabağdan çıxmalı idilər, onlar bunun tam əksinə müharibədən sonra “1-ci ümumqoşun ordusu” Ermənistanın tör-töküntülərini yenidən təşkilatlandıraraq bir ordu halına gətirməyə cəhd göstərirdilər”.

E.Şıxəliyevə görə, əməliyyatların keçirilməsinin riskli cəhətlərindən biri də Rusiya sülhməramlılarının ərazidə olması idi: “Onlar qanunsuz birləşmələrin daşımalarını həyata keçirirdilər, xüsusən də 2020-ci il 8-9 noyabrından sonrakı mərhələdə Ermənistanda istehsal olunan kifayət qədər piyada əleyhinə minalar daşınmasını və mövqelərin qarşısında bu minaların basdırılmasını həyata keçirirdilər. Onlar Azərbaycanın reinteqrasiya, birgəyaşayış təkliflərini qəbul etmədi, üstəgəl, 19-20 sentyabr öncəsi qanunsuz birləşmələrin diversiyaları, minalar basdırmaları nəticəsində hərbçilərimizin, mülki şəxslərimizin şəhid olması antiterror tədbirlərinin başlamasını qaçılmaz etdi. Ermənistan orda 15-18 minə yaxın qanunsuz silahlı biləşmələr saxlayırdı, eyni zamanda 406 kv. km ərazimiz onların nəzarətində idi. Antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin öncədən müəyyən etdiyi hərbi hədəflər - 12 ədəd hava hücumundan müdafiə sistemi, 30 ədədə yaxın radioelektron mübarizə vasitələri və onların yerləşmə məntəqələri, 17 silah-sursat və yanacaq anbarı, 70-dən çox yeraltı sığınacaq, 45 daimi dislokasiya və komanda məntəqəsi, 11 təlim tədris mərkəzinin və 406 kv. km perimetrində səngər sistemində olan şəxsi heyətin zərərsizləşdirilməsi və silahsızlaşdırılması, hərbi texniki hədəflərin nəzarətə götürülməsi tapşırığı ilə başladı. 24 saatdan az müddətə yekunlaşan əməliyyat nəticəsində qısa zamanda cənubdan 5 istiqamətdə, şimaldan 8 istiqamətdə ordu birləşmələrimiz 18 min əli silahlının ağ bayraq qaldırmasına, dediyimiz hərbi hədəfləri nəzarətə götürməyə nail oldu”.

Ekspert deyib ki, antiterror tədbirləri çox riskli bir əməliyyat idi: “Coğrafi baxımdan orda bütün strateji yüksəkliklər qanunsuz birləşmələrin nəzarətində idi. Nəticədə silahlı qüvvələrimizin nəzarətinə 1731-ə yaxın müxtəlif texnika və artilleriya, hava hücumundan müdafiə vasitələri, avtomobil qurğuları və s. keçdi. Bu, hərbi-texniki arsenal baxımından çox böyük bir rəqəmdir. Eyni zamanda, 18 min 664 ədəd atıcı silah ordumuzun nəzarətinə keçdi. Bununla bərabər, sıradan çıxarılan 8 ədəd tank, 22 artilleriya sistemi, 14 minatan bütün bu arsenal Azərbaycan silahlı qüvvələrinin qəniməti olaraq nəzarətinə keçdi və bu, 4-5 milyard ABŞ dolları məbləğində bir arsenaldır”.

E.Şıxəliyev bildirib ki, bu tədbirləri nəticəsində Azərbaycan özünün strateji hərbi siyasi hədəflərinə nail oldu: “Hərbi hədəflər ondan ibarət idi ki, qeyri-qanuni birləşmələr bölgədən çıxarıldı, bütün hərbi hədəflər nəzarətimizə keçdi, siyasi hədəf isə Azərbaycan Konstitusiya quruluşunu təsbit etdi, suverenliyimiz tam bərpa olundu. “Bakıda çay içəcəyik” deyə xəyal edən separatçıların rəhbərləri hazırda həbsdə bu arzularını gerçəkləşdirirlər”.

Ekspert Azərbaycanın böyük qələbəsinin əsas 4 komponenti olduğu qənaətindədir: “Birincisi,  cənab Ali Baş Komandanın strateji baxışı, strateji-siyasi qərarlılığı, antiterror tədbirlərinin hazırlanması üçün bölmələrimizə verilən direktevlər, xüsusən də antiterror tədbirlərinin beynəlxalq humanitar hüquqa uyğun həyata keçirilməsi direktevidir ki, bir nəfər belə mülkinin burnu qanamadı. Pusquda duran dövlətlər var idi ki, bunun üzərindən Azərbaycana sanksiyalar tətbiq etsinlər. Bölmələrimiz Ali Baş Komandanın göstərişi ilə sahədə elə davrandılar ki, bütün hərbi hədəflər məhv edildi və nəzarətə götürüldü.

İkincisi, xalqımızın həm 44 günlük müharibədə, həm antiterror tədbirlərində dövlətimizə verdiyi dəstəkdir. Üçüncüsü, silahlı qüvvələrimizin, tək Müdafiə Nazirliyinin deyil, bütün güc strukturlarında olan xüsusi  təyinatlılarımızın iştirakı və döyüş tapşırıqlarını sonadək yerinə yetirmələri. Dördüncüsü, təbii ki, bizə həm antiterror tədbirlərinin keçirilməsindən əvvəl və sonra siyasi və mənəvi dəstək verən dost ölkələr oldular. Buna görə də 19-20 sentyabr antiterror əməliyyatlarının keçirilməsi, nəticə etibarilə ərazi bütövlüyümüzün, suverenliyimizin və konstitusiya qurluşumuzun bərpasına gətirən əməliyyat kimi hərb tariximizdə qalacaq.

Bu əməliyyat xarici ölkələrin beyin mərkəzləri tərəfindən mütləq incələnir və incələnəcək. Bu səbəblə Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Biz çox qürurluyuq, baxmayaraq ki, bütün zamanlarda qarşımızdakı mənfur qonşu ilə mübarizəmiz itkisiz ötüşmədi, amma xalqımızın ləyaqətini bərpa edən, başımızı dik tutmağımıza səbəb olan bu antiteror tədbirlərində həyatını itirmiş, yaralanmış şəxslər hərb tariximizdə Azərbaycana suverenlik qazandıran, Konstitusiya quruluşumuzu bərpa edən hərbçilər kimi qalacaqlar”.

 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
5
525.az

6Источники