RU

Nərimanov Rayon Prokurorluğunun yeni inzibati binasının açılışı olub

Nərimanov

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Bakı şəhər Nərimanov Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.

Açılış mərasiminə BaşPprokurorluğun rəhbərliyi, prokurorluq əməkdaşları, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, həmçinin digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşları və media nümayəndələri qatılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları yeni inzibati binanın foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev qeyd edib ki, milli prokurorluq orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olub.

Nərimanov Rayon Prokurorluğunun inzibati binasının istifadəyə verilməsinin çox əlamətdar bir günə - Dövlət Suverenliyi Gününə təsadüf etdiyini qeyd edən Baş prokuror 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin edildiyini, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyü və suverenliyimizin xalqımızın milli sərvəti olduğunu diqqətə çatdırıb.

Prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü ərəfəsində daha bir yeni inzibati binanın istifadəyə verilməsini Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi daimi diqqət və qayğısının göstəricisi olduğunu vurğulayan Baş prokuror dövlətə və dövlətçiliyə sadiq olan prokurorluq orqanlarının fəaliyyətində qanunçuluğu rəhbər tutduğunu qeyd edib.

Bundan başqa, Baş prokuror prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlər barədə danışıb.

Yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirib.

Daha sonra iştirakçılar Nərimanov Rayon Prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olub, prokurorluq orqanlarının istifadəsinə verilmiş, müasir standartlara cavab verən və kriminalistik avadanlıqlarla təchiz olunmuş yeni inzibati binaya baxış keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
32
azertag.az

10Источники