RU

Fransanı yamsılayan Niderland: Amsterdam Bakıdan üzr istəməlidir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir sıra Avropa ölkələrində Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv yanaşma davam edir. Artıq qeyri-adekvat ritorikalara qarşı rəsmi Bakıda immunitet yaranıb.
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıq bərqərar olub. Əsas problemlərindən birini həll edərək ərazi bütövlüyünü təmin edən Azərbaycan bu gün regionda və beynəlxalq müstəvidə öz sözünü deyən, öz müstəqil siyasətini yeridən aktorlardan birinə çevrilib.
Görünən odur ki, bəzi Avropa ölkələri bunu həzm edə bilmirlər. Belə dövlətlərdən biri də Niderlanddır. Belə ki, bir müddət əvvəl Qarabağdan erməni sakinlərin guya məcburi çıxarılmasını bəyan edən Niderland parlamentinin ardınca bu dəfə ölkə hökuməti Azərbaycana qarşı birmənalı ədalətsiz mövqe nümayiş etdirib. Belə ki, sentyabrın 13-də Niderland hökumətinin saytında dərc edilmiş xarici siyasət proqramında Qarabağın adı "Dağlıq Qarabağ"a dəyişdirilərək "ələ keçirilmiş region" kimi təqdim edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məsələyə münasibət bildirərək deyib ki, Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir.
O qeyd edib ki, bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini "Dağlıq Qarabağın ələ keçirilməsi" kimi qeyd etməsi qəbuledilməzdir:
"Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistanın qanunsuz işğalı altında idi. Niderlandın Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yumması təəssüf doğurur. Azərbaycanın bu ərazilərin azad edilməsi ilə bağlı tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, habelə bu və ya digər şəkildə yanlış dəyərləndirilə bilinməyəcək qədər ölkəmizin suveren hüququ olub".
A.Hacızadə vurğulayıb ki, Azərbaycanın Qarabağ bölgəsinin qondarma Dağlıq Qarabağ şəklində yanlış adlandırılması qətiyyən doğru deyil:
"Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür. Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati və ya coğrafi vahid olmadığını, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycanın müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməli olduğunu bir daha təkrar edirik. Biz Niderland tərəfini Azərbaycan və Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan və regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq".
Hər şeydən əvvəl deməliyik ki, bu, Niderlandın Azərbaycana qarşı hörmətsizliyidir. Çünki Azərbaycan ərazisində "Dağlıq Qarabağ" deyilən inzibati ərazi vahidi yoxdur. Bunu rəsmi Bakı dəfələrlə bəyan edib.
Eyni zamanda, bu, həm də beynəlxalq hüquqa qarşı hörmətsizlikdir. Çünki BMT-nin Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlarda "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur.
Bu, bir daha onun təzahürüdür ki, başqa vaxt beynəlxalq hüquq, demokratiya adı altında öz siyasətlərini yeridən, digər oyunçulara irad tutmağa çalışan Niderland kimi dövlətlər lazım gələndə özləri beynəlxalq hüququ görməzdən gəlir, digər ölkələrin daxili işlərinə qarışmaqdan çəkinmirlər. Bu, dünyadakı ikili standartların ən bariz nümunələrindən biridir.
Beləliklə, Qərbin ritorikasını belə ifadə etmək olar: "Mənim dediyimi et, mənim etdiyimi etmə". Halbuki, o dövr artıq geridə qalıb. Qərb institutları və dövlətləri özlərinə olan etimadı, inamı getdikcə itirirlər. Bunun əsas səbəbi isə məhz onların qeyri-adekvat davranışları ilə bağlıdır.
Avropa dövlətlərinin, Qərb təşkilatlarının Azərbaycanla bağlı aqressiv, haqsız ritorikaları faktiki olaraq "güzgü effekti" verir və ikitərəfli münasibətlərə mənfi təsir edir. Əsas qayəsi Cənubi Qafqazda təsir imkanlarını artırmaq olan Qərb, əslində, regionun ən ciddi siyasi aktoru olan Azərbaycanla münasibətləri pisləşdirir. Beləliklə, özünün regiondakı təsir imkanlarından məhrum olur.
Qərb dövlətləri, təşkilatları başa düşməlidirlər ki, bölgədə olmağın yeganə yolu rəsmi Bakı ilə normal münasibətlərdən keçir.
Bütün bunlara görə rəsmi Amsterdam Azərbaycandan üzr istəməlidir. Bu, ikitərəfli münasibətlərdəki gərginliyin perspektivdə artmasının qarşısını ala bilər. Əks halda isə itirən Niderland olacaq.
"Report" İnformasiya Agentliyi
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
2
oxu.az

10Источники