RU

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad etdi



1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad etməklə mühüm xilaskarlıq missiyası həyata keçirdi. Həmin hadisədən üç il əvvəl isə azərbaycanlı oğullar Çanaqqalada türk qardaşlarının köməyinə çatmış, o torpaqda şəhadətə qovuşmuşdular. Babalarımızın miras qoyduğu bu qardaşlıq sonrakı illərdə yeni məzmunla zənginləşərək bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin taleyində mühüm amil olub.
Bolşevik Rusiyası Birinci Dünya müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər. Rusiya hərbçiləri silahlarını həmin vaxta qədər Anadoluda, Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində qanlar tökən erməni bandalarına vermişdilər. O zaman daşnak-bolşevik ünsürlərdən təşkil edilmiş Bakı Soveti türk-müsəlman əhaliyə divan tuturdu. 
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Bakı yadellilərin əlində idi və bu səbəbdən də Gəncə şəhəri müvəqqəti olaraq paytaxt seçilmişdi.
Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə 1918-ci il iyunun 4-də imzalanmış müqaviləyə əsasən Osmanlı dövləti Azərbaycana yardım etməyi öz üzərinə götürdü. Daşnak-bolşevik hücumlarının son dərəcə kəskinləşdiyi bir şəraitdə Osmanlının hərbi naziri Ənvər paşa qardaşı Nuru paşanın komandanlığı ilə Azərbaycana hərbi qüvvələr göndərdi. Beləliklə, Azərbaycanın milli hərbi qüvvələri də daxil olmaqla Qafqaz İslam Ordusu yaradıldı. 
Qafqaz İslam Ordusunun Bakıya daxil olmasının qarşısını almaq məqsədilə bolşevik Rusiyası Almaniya ilə avqustun 27-də müqavilə imzaladı. Almaniya Bakı neftindən alacağı bəlli pay müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Lakin bu da xilaskar ordunun yürüşünü dayandıra bilmədi. Bakı uğrunda döyüşlərdə Osmanlı və Azərbaycan əsgərləri çiyin-çiyinə vuruşdular. Şəhər sentyabrın 15-də azad edildi. Sentyabrın 16-da Osmanlı-Azərbaycan hərbi hissələrinin Bakı ətrafında paradı keçirildi. Ertəsi gün isə Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. Bu, Azərbaycan tarixinə möhtəşəm qələbə və türk qardaşlığının təntənəsi kimi yazıldı.
Türk tarixinin şərəf zirvəsi olan Çanaqqala döyüşü Birinci Dünya müharibəsinin gedişini dəyişdi. Antanta ittifaqı Osmanlı dövlətinin paytaxtı İstanbulu ələ keçirərək boğazları idarə etmək istəsə də, niyyəti baş tutmadı. Qüvvələrin qeyri-bərabər olduğu bu döyüş tarixə Çanaqqala zəfəri kimi həkk olundu. Bu şanlı zəfərin qazanılmasında azərbaycanlılar da yaxından iştirak etdilər və Çanaqqalada şəhid oldular.
XXI əsrdə isə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qazandığı Qarabağ Zəfəri türkün tarixinə daha bir şanlı səhifə yazdı: Ermənistan kapitulyasiya aktını imzaladı və torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Yeri gəlmişkən, XXI əsrin ikinci onilliyində tarix təkrar olundu. Əgər 106 il əvvəl Osmanlı dövləti azərbaycanlı qardaşlarına hərbi qüvvə ilə kömək etmişdisə, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsi günlərində Türkiyə siyasi-mənəvi dəstək göstərdi. Müharibənin ilk saatlarından Türkiyə Azərbaycanın yanında oldu. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işinə öz dəstəyini verdi, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bəyan etdi. Beləliklə, Vətən müharibəsində qazanılan Zəfərdə Türkiyə liderinin, türk xalqının siyasi-mənəvi dəstəyi mühüm rol oynadı və üçüncü qüvvələri hadisələrin gedişinə müdaxilə etməkdən çəkindirdi.
Milli, tarixi və məntiqi əsaslara söykənən “Bir millət, iki dövlət” kəlamının təsdiqi bu gün Azərbaycan və Türkiyənin birgə fəaliyyətində, sarsılmaz qardaşlığında və müttəfiqliyində öz əksini tapır. Xatırladaq ki, Türkiyədə Çanaqqala Zəfərinin 100 illiyini (2015-ci il) və Azərbaycanda Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünü (2018-ci il) qardaş ölkələrin liderləri birlikdə qeyd ediblər. 2020-ci il dekabrın 10-da isə iki dövlətin prezidentlərinin Azərbaycanın Vətən müharibəsində Qələbəsi münasibətilə keçirilən Zəfər paradında iştirakı Türk dünyasında qürur doğuran hadisə olmaqla yanaşı, beynəlxalq aləmə türkün birliyini və qüdrətini bir daha nümayiş etdirdi.
Bu qardaşlıq münasibətləri 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin dediyi kimi, tarixi Qars müqaviləsindən 100 il sonra, azad edilmiş Şuşa şəhərində imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.
İki qardaş ölkə arasındakı əlaqələr möhkəm və sarsılmazdır. 2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı ilk kömək əlini uzadan Azərbaycan oldu. Bu barədə qardaş ölkənin lideri deyib: “Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan və millətim adından minnətdaram”.
Azərbaycan paytaxtının ən hündür yerlərindən birində ucaldılmış Türk Şəhidliyi abidəsi Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, silah qardaşlığımızın rəmzi sayıla bilər. Azərbaycan torpaqlarında uyuyan türk şəhidlər, eyni zamanda, iki qardaş ölkənin ortaq taleyindən xəbər verir. Onlar öz fədakarlıqları və cəsarətləri ilə bir dastan yazaraq, Türkiyə və Azərbaycan qardaşlığının rəmzinə çevrildilər.
Bugünkü reallıqlar, həmçinin Ulu Öndər Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının həyatiliyini bir daha təsdiqləyir. 

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
6
aia.az

10Источники