RU

“MTN işi” üzrə zərərçəkənlər növbəti dəfə Ədliyyə Nazirliyi önünə toplaşır 

Bu gün növbəti dəfə və daha geniş tərkibdə şərti olaraq “MTN işi” adlanan cinayət işi üzrə zərərçəkənlər Ədliyyə Naziriliyi binası önünüdə toplaşacaqlar.

Ötən aksiyaya 10-a yaxın zərərçəkən qatılmış, onların məktubu nazir Fərid Əhmədova təqdim olunmuşdu.

Sentyabrın 16-da, saat 3-ə təyin olunan aksiyaya 16 zərərçəkənlə yanaşı, yaxınları, ailə üzvlərinin də qatılacağı bildirilir. Aksiyada 50-yə yaxın şəxsin iştirakı gözlənilir.

Zərərçəkənlər Musavat.com-a bildiriblər ki, Elçin Muradovun göstərişi ilə onlara dəymiş maddi ziyanın ödənməsinin dayandırılmasına etiraz edəcək, ədliyyə naziri Fərid Əhmədovla görüş istəyəcəklər.

Eyni zamanda ölkə rəhbərliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevə, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova, ədliyyə naziri Fərid Əhmədova da Elçin Muradovun qanunsuz hərəkətlərinin qarşısının alınması barədə şikayət məktubu üvnanlanıb.

Həmin müraciətdə bildirilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasirləşən Azərbaycanda məhkəmə-hüquq islahatları ilə bağlı ard-arda addımlar atılır, əhalinin sosial rifahına, ictimai həyatın müxtəlif sahələrini əhatə edən mühüm qanunlar qəbul edilir, həyata keçirilir:

“Çox təəssüf ki, görülən çoxşaxəli işlərə kənar müdaxilələr də var. Prezidentin siyasi iradəsinə qarşı çıxanlar var!

2022-ci ildə Bakı Hərbi Məhkəməsində (sədrlik edən hakim Elbəyi Allahverdiyev) ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin barəsində hökm çıxarılıb. Qeyd olunan hökmü Bakı Apellyasiya Məhkəməsi, ardından Azərbaycan Respublikasının Ali Məhkəməsi də öz qərarı ilə qüvvədə saxlayıb. Eyni zamanda məhkəmə bizlərin - 16 nəfər zərərçəkmiş şəxsin mülki iddialarını da təmin edib.

Qanuni qüvvəyə minmiş hökm və qərarların icra olunması üçün icra vərəqələri yazılıb və Nərimanov Rayon İcra Şöbəsinə göndərilib. İş üzrə hələ ibtidai istintaq dövründə Mövlam Şıxəliyevin üzərinə həbs qoyulmuş əmlaklarının hərracdan satılaraq biz zərərçəkənlərə vurulmuş ziyanın ödənilməsinə qərar verilib. Digər zərərçəkənlər isə məhkəmə dövründə mülki iddia verməyiblər. Onlardan biri də bu gün Elçin Muradov tərəfindən maşa kimi isifadə olunan Cavidan Hacıyevdir. Bu şəxs müxtəlif banklardan 70 milyon dollar kredit götürərək qaytarmadığına görə 12 il müddətində həbsdə olub. Mövlam Şıxəliyevin cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinə də cəzaçəkmə müəssisəsindən əli qandallı gətirilmişdi. Məhkəmədə Mövlam Şıxəliyevə qarşı hər hansı bir şikayətinin olmadığını açıqladı. Eyni zamanda Mövlam Şıxəliyevə qarşı hər hansı bir mülki iddiasının olmadığını da bəyan etdi. Halbuki, biz zərərçəkənlər illərlə məhkəmələrə gedib-gəlmişik, bizə qarşı cinayət törətmiş Mövlam Şıxəliyevin layiqli cəzasına çatdırılması üçün mövqeyimizi açılamışıq. Eyni zamanda Mövlam Şıxəliyevin bizə vurduğu ziyanın ödənilməsi üçün mülki iddialar qaldırmışıq. Məhkəmələr haqlı olduğumuzu təsdiq edib, bizə vuruluş zərərin mülki iddialarımız üzrə ödənilməsi qərarı verilib.

Lakin uzun müddət – 2 ildən bir qədər artıq icra işinin təşkili və hərracın keçirilməsi müxtəlif səbəblərə görə baş tutmadı.

Buna səbəb Nərimanov Rayon İcra Şöbəsinin rəisi Zaur Abdullayevlə icra məmuru Rafayıl Səfərovun qanunsuz addımları oldu.

Halbuki, müsadirə olunan əmlakların hərracdan satılaraq zərərçəkənlərə ödənilməsi Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunur. Məcbur qalıb məhkəməyə üz tutduq və məhkəmə qərarından sonra, 7 mart 2024-cü ildə nəhayət ki, hərrac baş tutdu və əmlaklar hərracdan satılmağa başladı. 1 il 6 aydır ki, icra vərəqələrini imzalayıb Nərimanov Rayon İcra Şöbəsinə göndəriblər.

Bu gün əmlakların əhəmiyyətli hissəsi satılıb və əldə olunan vəsait Nərimanov Rayon İcra Şöbəsinin depozit hesabına köçürülüb. Bu zaman Cavidan Hacıyev Elçin Muradovun hüquq şirkətinin nümayəndəsi Pərviz adlı (əvvəllər Şəmkir İcra Şöbəsininin rəisi vəzifəsində çalışıb, işdə buraxdığı ciddi nöqsanlara görə ədliyyə orqanlarından xaric olunub) şəxsin iştirakı ilə məhkəməyə müraciət etdilər. Pərviz Cavidan Hacıyevlə bərabər bütün məhkəmə proseslərinə də qatılırdı, Elçin Muradovla əlaqələrini də gizlətmirdilər. Elə məhkəmə binası önündə Cavidan Hacıyevin nümayəndəsi Pəviz dedi ki, məqsədləri əsasən Cavidan Hacıyevin adının hökmə salınması deyil. Sadəcə iş üzrə banklardan birinə adı siyahıda olmayan zərərçəkənlərdən birinin külli miqdarda borcu var, Cavidan Hacıyevin adını məhkəmə hökmünə saldırsalar, dərhal həmin şəxsin də eyni qaydada adı hökmə düşəcək. Bu isə avtomatik olaraq bankın da maraqlarının təmini deməkdir. Yəni müsadirə olunmuş əmlakdan əldə olunan gəlirin böyük bir hissəsi həmin zərərçəkənin hesabına köçürülməklə bankın borcuna silinəcək. Cavidan Hacıyevə gəldikdə, ona 25 min manat zərər əvəzi ödənməlidir.

Hesab edirik ki, Elçin Muradov bu xüsusatları bilməyə bilər, onu da Cavidan Hacıyevlə Pərviz adlı şəxs bu qanunsuzluğa sövq etməklə öz şəxsi maraqlarını güdürlər.

Buna görə də Elçin Muradovun əlaqələrindən istifadə edib Ədliyyə Nazirliyi rəhbərliyini də məhkəmə-hüquq islahatlarına zidd, sabataj xarakterli, cinayətə bərabər addımlar atmağa sövq ediblər.

Bakı Hərbi Məhkəməsindən hökmün mülki iddialar hissəsi ilə bağlı izah istədilər. Tələb bu idi ki, Cavidan Hacıyevi də mülki iddiaçı qismində biz zərərçəkənlərlə bağlı məhkəmə hökmünə pərçimləsinlər. Başqa sözlə desək, hökmə Cavidan Hacıyevi salmaq üçün qanunsuz “yamaq” vursunlar. Məhkəmə Cavidan Hacıyevin qanunsuz izah tələbini araşdırdı və rədd etdi. Bu dəfə Cavidan Hacıyev Bakı Apellyasiya Məhkəməsinə eyni məzmunlu izah tələbi ilə müraciət etdi. Məhkəmə bu tələbi də araşdırdı və qanunsuz, əsassız olması səbəbindən rədd etdi. Eyni zamanda mülki iddialar üzrə, bizə vurulan zərərin əvəzi olaraq Mövlam Şıxəliyevin müsadirə olunan əmlaklarının satışından ödənməli olan vəsaitin Nərimanov Rayon İcra Şöbəsinin depozit hesabından biz zərərçəkənlərin hesabına köçürülməli idi.

Möhtərəm Cənab Prezident,

Hörmətli Mehriban xanım,

1 aya yaxındır ki, Elçin Muradovun Ədliyyə Nazirliyi rəhbərliyinə təzyiq göstərməklə bizə ödənilməli olan zərər əvəzi vəsaitin ödənməsini tam qanunsuz olaraq dayandırıb. Halbuki, Bakı Apellyasiya Məhkəməsi 28 avqust 2024-cü il tarixli qərarınından sonra bu dərhal baş verməli idi. Elçin Muradov tələb edir ki, heç bir qanuni əsas olmasa da, Nərimanov Rayon İcra Şöbəsinin əli ilə Cavidan Hacıyevi də biz zərərçəkənlərin sırasına salsınlar. Elçin Muradov Cavidan Hacıyev adlı zərərçəkənin üzərindən biz zərərçəkənlərə çatacaq vəsaitə əl qoymağa çalışır. Bunun üçün Ədliyyə Nazirinə, İcra Baş İdarəsinə ciddi təzyiqlər göstərir. Biz dəfələrlə Ədliyyə Nazirliyində, Ədliyyə Nazirliyi İcra Baş İdarəsində rəis və rəis müavinin də qəbulunda olmuşuq. Hər dəfə orada bizlərə deyilib ki, Cavidan Hacıyevin izah tələbinə məhkəmə baxandan sonra bizə çatacaq vəsaiti hesabımıza köçürəcəklər. İndi isə icra işinin yekunlaşdırılmasını əngəlləyən heç bir qanuni əsas qalmayıb. Cavidan Hacıyev icra işinin Elçin Muradova onun müraciətindən sonra dayandırıldığını gizlətmir və hətta məhkəmə binasında zərərçəkənlərdən birini ölümlə hədələməkdən də çəkinmədi.

Nərimanov Rayon İcra Şöbəsi 2 ilə yaxındır ki, heç bir qanuni əsas olmadan, sırf sifarişlə bizə vurulmuş zərərin qarşılığını ödəməkdən yayınır. Nərimanov Rayon İcra Şöbəsinə belə bir plan tapşırılıb ki, Cavidan Hacıyevin adını qanunsuz olaraq hökmə saldırmaqla bizim etirazımızı şərtləndirsinlər, yenidən məhkəməyə üz tutaq və icra işi daha 1-2 il baş tutmasın. Bu cinayət olmaqla bərabər Azərbaycan Respublikasının “İcra haqqında” Qanununa tamamilə ziddir.

Belə anlaşılır ki, Nərimanov Rayon İcra Şöbəsi Azərbaycan Respublikasının adından hökm və qərarlar çıxaran məhkəmələri deyil, Elçin Muradovun məhkəməsinin çıxardığı qərarı üstün tutur. Ona görə də biz zərərçəkənlərə Nərimanov Rayon İcra Şöbəsinin depozit hesabında saxlanılan vəsaiti – bizə vurulan zərərin qarşılığını ödəmir. Bu, Azərbaycan məhkəmələrinə meydan oxumaqdır, eyni zamanda ölkə rəhbərliyinin siyasi iradəsinə qarşı demonstrativ sabatajdır.

Sizdən dönə-dənə xahiş edirik ki, Elçin Muradovun məhkəmələrin, Ədliyyə Nazirliyinin, İcra Baş İdarəsinin işinə qanunsuz müdaxiləsinin qarşısının alınması üçün göstəriş verəsiniz. Bakı Hərbi Məhkəməsinin 2022-ci ildə Azərbaycan Respublikası adından çıxardığı hökmün mülki iddia hissənin də icrası nəhayət ki, təmin edilsin”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
6
musavat.com

8Источники