RU

Gənc ifaçı: Uşaqlıqdan diqqətimi cəlb edən kamança artıq həyatımın bir hissəsidir

Gənc

Bakı, 13 sentyabr, Gülay Nəzərova, AZƏRTAC

AZƏRTAC beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.

Növbəti həmsöhbətimiz beynəlxalq və respublika müsabiqələri laureatı, Azərbaycan Milli Konservatoriyasında Xalq Çalğı Alətləri “İnstrumental ifaçılıq” kafedrasının Kamança sinfinin tələbəsi Aydan Əlizadədir.

Aydanın 20 yaşı var. Hələ uşaq yaşlarından xüsusi musiqi duyumu ilə digərlərindən fərqləndiyini hiss edən valideynləri onu musiqi təhsili almaqdan ötrü 2011-ci ildə Lənkəran şəhər C.Cabbarlı adına uşaq musiqi məktəbinin “Kamança” sinfinə qoyublar. O, kamança və orkestr təhsili almağa başlayıb. Kamança ilə yanaşı, skripkaya da böyük həvəs göstərib, həmçinin ifa etməyi öyrənib. Daha sonra orta təhsilini Astara rayon M.F.Axundzadə adına Pensər kənd 1 nömrəli tam orta məktəbində alıb. O, həmin illər ərzində bir sıra uğurlara imza atıb.

Musiqiçi olmağın xəyalını quran Aydan 2020-ci ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. Musiqinin sirlərini daha yaxından yiyələnmək üçün ixtisas fənn müəllimi, Əməkdar artist Arzu Səlimovadan, muğam dərslərini isə Əməkdar artist Elnur Əhmədovdan alıb.

Aydan bildirib ki, məktəbdə oxuduğu illər ərzində fənn müəllimləri və valideynləri onu gələcəkdə həkim kimi görmək istəsələr də, o, musiqi sahəsini seçib, ən böyük arzusunun izinə düşüb: “Uşaqlıqdan diqqətimi cəlb edən kamança artıq həyatımın bir hissəsidir. Bu musiqi alətini əlimə aldıqda onunla bütünləşdiyimi, məni tamamladığını hiss edirəm. Kamançada ifa etdiyim zaman özümü rəngarəng musiqi aləmində hiss edir, tezliklə həmin mühitə uyğunlaşıram. Daim öz üzərimdə işləyərək müəllimlərimin mənə olan inamını doğrultmağa çalışıram. Qatıldığım müsabiqələrdə uğur qazanmağım məni daha irəliyə aparır. Belə ki, 2016-cı ildə Qara Qarayev adına III Respublika Elmi-İfaçılıq Müsabiqəsində diplomant adına layiq görüldüm. Bu mənim üçün çox qürurvericidir. Hətta həmin ildə də musiqi məktəbini fərqlənmə diplomu ilə bitirdim. Bütün bu uğurlarım uşaqlıqdan xəyalını qurduğum və seçdiyim ixtisasın mənim üçün necə doğru olduğunu bir daha təsdiqlədi”.

Bu gün gənclərin digər sahələrdə olduğu kimi, musiqi sahəsində də bir çox uğurlar qazandığını söyləyir həmsöhbətim. “Bu uğurların get-gedə çoxalmasının ən başlıca səbəbi dövlətin tərəfindən bizə göstərilən dəstəklə bağlıdır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim gənclərə göstərdiyi diqqət və qayğı bizim bu yolda daha çox uğur qazanmağımıza şərait yaradır. Musiqi sahəsində fəaliyyət göstərən bir gənc kimi deyə bilərəm ki, dövlətimiz tərəfindən gənclərə göstərilən etimad, hansı sahədə olmağımıza baxmayaraq yaradılan şərait və imkan təqdirəlayiqdir”, - deyə kamança ifaçısı diqqətə çatdırıb.

10 ildən çoxdur ki, kamança ixtisası üzrə özünü inkişaf etdirən Aydan bir çox müsabiqələrdə beynəlxalq və respublika müsabiqələri laureatı adını qazanıb. Uğurları ilə Azərbaycanı xarici ölkələrdə də təmsil etməyin sevincini hər daim yaşayıb. O, Moskvada da dəvət olunduğu musiqi festivalında ölkəmizi layiqincə təmsil edib. Həmçinin 2021-ci ildə “İnternational Music Fantasy Competition” adlı online beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq müsabiqədə II yeri qazanıb. 2024-cü ildə isə M.Maqomayev adına Azərbaycan Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin tələbələrinin konserti” şüarı altında öz solo ifası ilə uğurla çıxış edib.

Gənc musiqiçinin ən böyük arzusu kamançanı xarici ölkələrdə tanıtmaq və sevdirməkdir. “Mən həm kamança, həm də skripka üzrə dərslər almışam. Amma düşünürəm ki, skripka bütün dünyada tanınan bir musiqi alətidir. Kamança isə Azərbaycana xas olan, milli adət-ənənələrimizi təbliğ edən alətdir. Ən böyük arzum bu aləti bütün dünyada tanıtmaqdır. Eyni zamanda, öz şəxsi musiqi məktəbimi açıb, nəinki Azərbaycan, hətta xarici ölkələrdən həvəsi olan gənclərə kamançanın sirlərini öyrətməkdir. Bu mənim qurduğum bir xəyaldır. Xəyallarımı reallaşdırmaq üçün öz üzərimdə çox çalışıram”.

Aydanın sözlərinə görə, uğurlarının əldə olunmasında müəllimi Arzu Səlimovanın böyük əməyi var. O, Arzu xanımla olan hər bir dərsinin uğurlu keçdiyini, yeni biliklər öyrəndiyini deyir.

Əməkdar müəllim, dirijor, kamança ifaçısı Arzu Səlimova şagirdi haqqında qürur hissi ilə danışır: “Artıq dörd ildir ki, Aydanla birlikdə işləyirik. Ciddi məşqlərin, çalışmaların nəticəsində nümunəvi çalğı əldə etmişik. Aydan gözəl ifaçılıq bacarığı ilə yanaşı, həm də qayğıkeş tələbə və mehriban dostdur. O, demək olar ki, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini çox gözəl mənimsəyib. Lirika və texniki əsərləri ifa etməsi də yüksək səviyyədədir. Aydana gələcək həyatında uğurlar arzu edirəm”.

Aydanın bu il ən böyük arzularından biri reallaşıb. Belə ki, o, Azərbaycan Milli Konservatoriyasına daxil olub. Gənc kamança ifaçısı musiqi aləminin yeniliklərinə açılan bu məkanda, bir çox yeni-yeni biliklər öyrənəcək, həm də ölkəmizi daim layiqincə təmsil edəcək.

Biz də ona bu yolda uğurlar arzulayırıq!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
50
azertag.az

10Источники