RU

Ermənistan “dalan dövlət”ə çevrilir — “Araz dəhlizi” Azərbaycanın mövqeyini gücləndirəcək

Azərbaycan İran üzərindən kommunikasiya xətlərinin çəkilməsi istiqamətində işlər görür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Real TV”yə müsahibəsində deyib ki, əgər Ermənistan hazırkı mövqeyində təkid edirsə, Azərbaycanın alternativ variantları var. “Onlardan biri də İran üzərindən müvafiq kommunikasiya xətlərinin çəkilməsidir. Ermənistan üçtərəfli bəyannaməni təhrif edir. Bu da bizdə təəssüf doğurur. Üçtərəfli sənədin 9-cu bəndində kommunikasiyaların açılması ilə bağlı konkret öhdəliklər var. Ermənistan özünütəcrid etmək siyasətini davam etdirirsə, bu, onun öz seçimidir. Bu seçim onların xeyrinə deyil”, - deyə XİN nümayəndəsi vurğulayıb.

Politoloq Rəşad Bayramovun sözlərinə görə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanı birləşdirən yeni nəqliyyat dəhlizinin yaradılması haqqında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna görə Araz çayı üzərindən ikisi dəmiryolu, digər ikisi isə avtomobil yolu olmaqla yeni yolların tikintisi həyata keçirilir:

“Artıq bu istiqamətdə xeyli işlər görülüb. Həmin dəmir və avtomobil yolları vasitəsilə Azərbaycanın əsas hissəsindən Naxçıvana və əksinə yüklərin və sərnişinlərin daşınması həyata keçiriləcək. Bu layihə və razılaşma təbii ki, birdən-birə ortaya çıxmayıb. Ermənistanın Zəngəzur dəhlizi ətrafında başlatdığı siyasi oyunlara cavab olaraq Azərbaycan İrandan keçəcək belə bir alternativ dəhliz məsələsini gündəmə gətirdi. İran da bu yolun onun ərazisindən keçməsinə razılaşdı. Çünki bu, təkcə Azərbaycanın deyil, həm də İranın maraqlarına cavab verirdi. Hər kəs razılaşar ki, yeni dəhliz sıradan bir yol-nəqliyyat layihəsi deyil, regionun siyasi və nəqliyyat xəritəsini dəyişəcək trans-kontinental tranzitdir. Yeni dəmiryolu və çoxzolaqlı avtomobil magistralı təkcə Azərbaycanın coğrafi ərazilərini birləşdirməyəcək, daha geniş və qlobal coğrafi hüdudları əhatə etmiş olacaq”. 

Ekspert vurğulayıb ki, yeni dəhliz olan “Araz dəhlizi” Ermənistanı regional marşrut qovşaqlarından kənarda qoymaqla “dalan dövlət” kimi bölgənin sülh və əməkdaşlıq ailəsinə qovuşmasının qarşısına sədd çəkəcək: 
“Ermənistan hesab edirdi ki, Naxçıvanla Azərbaycan arasında rabitəni təmin edəcək Zəngəzur dəhlizi onun ərazisindən keçdiyindən bütün məsələlərdə şərtləri qəbul olunacaq. Azərbaycanın digər alternativləri olmadığından İrəvanın məntiqsiz iddiaları ilə razılaşacaq. Bu cür yersiz bəhanələrlə Ermənistan Zəngəzur dəhlizinin yaradılmasını ləngitdiyindən Azərbaycan Araz çayının cənub sahilindən keçən alternativ dəhlizin yaradılmasına qərar verdi. Beləliklə, “Araz dəhlizi” adlanan Cənubi Zəngəzur dəhlizi həyata vəsiqə qazandı. Başqa sözlə desək, “Araz dəhlizi”nin  ortaya çıxması daha çox Ermənistanın qeyri-konstruktiv mövqe tutmasını həm dünyanın, həm də ermənilərin özünün diqqətinə çatdırmaqla əlaqədar idi”.

R.Bayramov əlavə edib ki, Qərb Ermənistana Zəngəzur dəhlizi ilə bağlı təzyiqləri artırıb:

“İndi top Ermənistanın tərəfindədir. Ermənistan Zəngəzur dəhlizi ətrafında nə qədər oyun oynasa da, bu dəhlizin onun üçün nə demək olduğunu çox yaxşı anlayır. İkinci bir tərəfdən isə İranın dəhlizlərdə pay sahibi olmasını istəməyən Qərb də məhz “Araz dəhlizi” layihəsinin ortaya çıxmasından sonra Ermənistana Zəngəzur dəhlizi ilə bağlı təzyiqləri artırıb. Gec-tez Ermənistanın həmin dəhlizlə bağlı Azərbaycanın şərtlərini qəbul edəcəyinə şübhə yoxdur.
Həm Araz, həm də Zəngəzur dəhlizi layihələrinin hər ikisinin işə düşməsi isə təbii olaraq bizim mövqeyimizi gücləndirəcək. Hər iki layihənin mövcudluğu yolların şaxələndirilməsini təmin edəcək ki, bu da çox önəmlidir. Çünki hər iki dövlət, həm İran, həm də Ermənistanın onlara lazım olan hallarda siyasi cığallıq etməsi mümkündür. Alternativ olanda da üstünlük bizdə olacaq və şərtləri biz diqtə edəcəyik”.

Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
demokrat.az

1Источники