RU

“Uşaqlar üçün futbolla yanaşı, təhsil də vacibdir”

“Sabah” Futbol Klubunun aşağı yaş qrupları üzrə koordinatoru Təbriz Həsənovun futbolinfo.az saytına müsahibəsi

– “Sabah” tək əsas komandasının nəticələri ilə deyil, həm də uşaq futboluna xüsusi diqqət ayırması ilə ad çıxarıb. Akademiyanızı digərlərindən nə fərqləndirir?

– “Sabah” Futbol Klubu yarandığı gündən Azərbaycan çempionatında liderlər sırasındadır. Bununla yanaşı, “Sabah” rəhbərliyi uşaq futboluna da çox böyük diqqət ayırır. Uşaq futbolunun inkişafı üçün əla şərait yaradılıb. “Sabah”ın futbol akademiyası yaradıldığı gündən bütün aşağı yaş qrupları üzrə komandalarımız liderlər sırasındadır, çempionluq uğrunda oynayırlar. Təbii ki, uşaqların qarşısına konkret çempionluq məqsədi qoymuruq. Amma komandalarımızın gücü onu göstərir ki, artıq aşağı yaş qruplarımız Azərbaycanda ən yaxşılardandır. Bir neçə beynəlxalq turnirlərdə də iştirak etmişik və çempion olmuşuq. İstəyirik ki, akademiya komandalarımızı Azərbaycandan kənarda da tanısınlar. Akademiyamızı digərləri ilə müqayisə etmək istəməzdim. Bizim öz yolumuz, strategiyamız var. Akademiyamız Bakıda yerləşməsinə baxmayaraq, seleksiya sayəsində Azərbaycanın bölgələrindən də ən istedadlı uşaqları seçib gətiririk. Onların akademiyada qalması, qidalanması, təhsil alması, məşq prosesləri üçün rəhbərlik tərəfindən bütün lazımi şərait yaradılıb. Uşaqlar üçün futbolla yanaşı, təhsil də vacibdir. Hər ikisinə önəm veririk və istəyirik ki, azərbaycanlı uşaqlarımız inkişaf etsinlər, gələcəkdə yüksək səviyyəli klublarda oynasınlar. Təbii ki, ilk hədəfimiz istedadlı uşaqları “Sabah”ın əsas komandasına qazandırmaqdır. Oradan Avropa klublarına yollana bilsələr, bu da bizi çox sevindirəcək. Yetirmələrimiz milli komandalarda da çıxış edirlər. Akademiyamıza yazılmaq üçün bizə müraciət edənlərin sayı gündən-günə artır. Hər bir uşağa özünü göstərmək şansı veririk. Təbii ki, sonda ən yaxşıları seçirik. İstəyirik ki, yetişdirdiyimiz futbolçular gələcəkdə peşəkar futbolçu olsunlar, “Sabah”ın əsas komandasında oynasınlar, milliyə dəvət alsınlar. Əsas hədəflərimiz bunlardır.

– Bu gün uşaq futbolundakı əsas problemlər hansılardır və onları necə aradan qaldırmaq olar?

– Təbii ki, müəyyən problemlər var. İlk növbədə meydançaların sayı çoxalmalıdır. Gündən-günə futbolla məşğul olmaq istəyən uşaqların sayı artır və onların futbolla məşğul olmaları üçün şərait yaradılmalıdır. Meydançaların sayını artırdıqdan sonra digər problemləri də yavaş-yavaş aradan qaldırmaq mümkün olacaq.

– “Sabah”ın Zaqreb “Dinamo”su ilə əməkdaşlıq etdiyinizi bilirik. Planda başqa hansı Avropa klubları ilə əməkdaşlığa başlamaq, öz yetirmələrinizi onların düşərgəsinə göndərmək var?

– Bəli, uzun müddətdir ki, “Dinamo” ilə əməkdaşlıq edirik. Bu illər ərzində bir neçə istedadlı futbolçumuz Zaqreb klubunun düşərgəsinə yollanıb, onların məşq prosesində iştirak edib. Bu, mütəmadi olaraq davam edir. Uzun müddət “Dinamo”da çalışmış Adino Mustedanaqiç akademiyamızın koordinatorudur. Hazırda isə həm də U-19 və U-21 komandalarımızın baş məşqçisidir. Bildiyiniz kimi, U-19 komandamız bu yaxınlarda ilk dəfə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. Adino və yetirmələrinə uğurlar arzulayıram. Rəqibimiz “Bazel” güclü komandadır. Çalışacağıq ki, U-19 yarışda uğurlu çıxış etsin. Çempionlar Liqasında mübarizə aparmaq bizə böyük təcrübə qazandıracaq.

– “Sabah”ın akademiyasından buvaxtadək bir neçə futbolçu əsas komandaya yüksəlib. Cari mövsümdə də yeni adları görə bilərik?

– Dediyim kimi, əsas işlərimizdən biri yetirmələrimizi “Sabah”ın əsas komandasına qazandırmaqdır. Son illərdə Yusif İmanov və Xəyal Əliyev “Sabah”ın əsas heyət üzvünə çevrilib. Onların həm Azərbaycan çempionatında, həm də beynəlxalq görüşlərdə göstərdiyi performans akademiyamızda çalışan hər kəs üçün başucalığıdır, buna görə qürur hissi keçiririk. Bu proses mütəmadi davam edəcək. Yeni adlar, yeni simalar olacaq. Hazırda U-19 və U-21-də oynayan bir çox futbolçu əsas komandanın baş məşqçisinin nəzərindədir. Ara-sıra əsas komandanın məşqlərinə dəvət alacaq, hətta matçlara da çıxacaqlar.

– Əksəriyyət Azərbaycan futbolunda savadlı və bacarıqlı uşaq məşqçilərinin azlığından şikayətlənir. Sizin akademiyanızda bu baxımdan vəziyyət necədir? Akademiyada çalışan məşqçilərə tam etibar edirsiniz?

– Uşaq futbolundakı problemlərin içində bu da var. Biz məşqçilərimizə xüsusi diqqət yetiririk. Çalışırıq ki, akademiyamızda işləyən məşqçilər savad və bacarıq baxımdan UEFA-nın tələblərinə uyğun gəlsinlər. Bu gün məşqçi işləmək üçün kateqoriyanın olması vacibdir. İstəyirik ki, məşqçilərimiz yavaş-yavaş bütün kateqoriyaları alsınlar. Özümüz də onlarla mütəmadi məşğul oluruq. Məşqçinin futbol biliyindən başqa onun uşaqlarla işləmək bacarığı da olmalıdır, uşaq psixologiyasını, onlarla davranışı mükəmməl bilməlidir. Bu yöndə məşqçilərimizlə çalışırıq, onları istiqamətləndiririk. Zaqreb “Dinamo”sunun akademiya məşqçiləri ildə 1-2 dəfə gəlib bizim məşqçilərə seminar keçirlər. İstəyirik ki, məşqçilərimiz də futbolçularımız, komandamız kimi ən yaxşılardan olsunlar.

– Akademiyanızla bağlı növbəti planlar nədən ibarətdir?

– Akademiyanın gələcək planlarında ən vacib məsələlərdən biri uşaqların təhsil alması üçün daha yaxşı şəraitin yaradılmasıdır. Bundan əlavə, uşaqların məşq keyfiyyətinin yüksəldilməsinə də çalışacağıq. Getdikcə hər bir işimizdə keyfiyyəti artırmaq istəyirik. Əsas məsələlərdən biri də, təbii ki, xarici turnirlərdə iştirakımızdır. Əvvəlki illərdə olduğu kimi, yenə də belə turnirlərə qatıladacağıq ki, uşaqlar xarici turnirlərdəki oyun tempinə uyğunlaşsınlar.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
futbolinfo.az

1Источники