RU

İrəvanda Azərbaycana şərt hazırlanır- “separatçıları azad edin, COP-a gələk”...

Image

Məhəmməd Əsədullazadə: “Qarşı tərəf bunu heç bir halda şərt kimi qoya bilməz”

Azərbaycanda saxlanılan ermənilərlə bağlı məsələ İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsində yer almayıb. Ermənistan KİV-i xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat verib.

“Noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirakının şərti kimi Ermənistan onların geri qayıtarılması məsələsini qaldıra bilərmi” sualına Simonyan bu cür müzakirələrə indidən fikir bildirməyi tez adlandırıb. O qeyd edib ki, bu və ya digər ölkəni sammitə dəvət edən Azərbaycan deyil - bu, BMT-nin tədbiridir və kimi dəvət edib, kimi çağırmamağa təşkilat qərar verir. Parlament spikerinin sözlərinə görə, anlamaq lazımdır ki, Ermənistanın iştirakının məqsədəuyğun olub-olmaması, bu halda sülh müqaviləsinin imzalanması, məhbusların probleminin həlli və s. məsələlər var. O əlavə edib ki, İrəvan bütün bu məsələlərin bir paketdə həllinə üstünlük verəcək.

Çox güman ki, separatçıların azad edilməsi məsələsinin sülh sazişi planına daxil edilməsinə Azərbaycan imkan verməyib və doğru da edib. O baxımdan bu, danışıqlarda rəsmi Bakının uğurudur. Məlum olur ki, bu, Ermənistanın plani olub, amma zamanında Azərbaycan bunun qarşısını alıb. O üzdən, bu, danışıqlar prosesində Azərbaycanın uğurudur.

“Azərbaycanın bu tələbi qəti şəkildə rədd etməsi Paşinyanın mənafeyinə uyğundur” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, iki ölkə arasında sülh danışıqlarında Ermənistan Azərbaycana bir sıra təkliflər verib: “Son təkliflərdə separatçı liderlərin azad edilməsi təklifi yoxdur. Sadəcə olaraq bunu daha çox erməni müxalifəti qabardır. Revanşistlər istəyir ki, belə bir təklif orda olsun. Belə baxanda, separatçılar azad edilsə, onlar Paşinyanın başına bəla ola bilərlər. O baxımdan mövcud hakimiyyət onların azad olunmasında maraqlı deyil. Ola bilsin ki, ictimai rəyi sakitləşdirmək, müxalifətin arqumentlərini zəiflətmək üçün bu amildən istifadə edirlər. Ancaq Azərbaycanın bu tələbi qəti şəkildə rədd etməsi Paşinyanın mənafeyinə uyğundur. Bununla göstərir ki, ondan asılı bir şey yoxdur. Bu səbəbdən separatçılar məsələsi sülh danışıqları layihəsindən çıxarılıb. Bir məqamı da nəzərə almaq lazımdır ki, separatçıların məhkəməsi hələ keçirilməyib, onlara hökm oxunmayıb. Belə olan halda onlar necə azad edilə bilər? Üstəlik, onlar sıradan mülki Qarabağ sakini deyillər. Onlar konkret cinayətlərdə ittiham olunurlar. O üzdən buna görə cavab verməlidilər. Separatçılar Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan bir müddət sonra azad edilə bilər. Bu isə yalnız Azərbaycanın humanist addımı sayəsində mümkün ola bilər. Yoxsa qarşı tərəf bunu heç bir halda şərt kimi qoya bilməz. İstənilən halda, bunun danışıqlardan çıxarılması Azərbaycanın uğurudur”. 

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
26
baki-xeber.com

10Источники