RU

“Qalatasaray”dan ayrılan Leo Dyubua “Eyüpspor”da

Bu yay Türkiyə çempionu “Qalatasaray”dan azad agent kimi ayrılmış sağ cinah müdafiəçisi Leo Dyubua “Eyüpspor”a keçib.

Arena.az bu barədə “Eyüpspor”un mətbuat xidmətinə istinadən məlumat verir.

29 yaşlı fransalı futbolçu yeni klubu ilə 1 illik (2025-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.

Leo Dyubua “Qalatasaray”a 2022-ci ilin yayında Lion “Olimpik”indən 2,5 milyon avro müqabilində gəlmişdi. O, İstanbul klubunun heyətində 31 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb. Leo ötən mövsümü də Super Liqanın digər təmsilçisi “Başakşəhər”də icarədə keçirib. Fransa yığmasında 13 oyun keçirmiş müdafiəçi ölkəsində “Nant”ın da formasını geyinib.

“Eyüpspor” bu yay “Rizəspor”dan azad agent kimi ayrılmış ingiltərəli mərkəz yarımmüdafiəçisi Conco Şelvini də heyətinə qatıb. 32 yaşlı futbolçu Super Liqa təmsilçisi ilə 1+1 illik müqaviləyə imza atıb.

Peşəkar karyerasına “Çarlton Atletik”də başlamış Conco Şelvi karyerası ərzində “Liverpul”, “Bləkpul”, “Suonsi Siti”, “Nyukasl Yunayted”, “Nottingem Forest” kimi klublarda da çıxış edib. 2023-cü ilin yayından “Rizəspor”da çıxış edən yarımmüdafiəçi bu komandanın heyətində 33 oyuna çıxıb, 3 qol vurub, 7 məhsuldar ötürmə verib. Şelvi 2012-ci ildə debüt etdiyi İngiltərə yığmasında 6 oyun keçirib.

“Eyüpspor” Avropa Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan Yunanıstanın “Olimpiakos” klubundan mərkəz müdafiəçisi Ruben Vezonu da icarəyə götürüb. Əslən Kabo Verdedən olan portuqaliyalı 30 yaşlı futbolçu bu mövsümün sonunadək Türkiyə klubunda çıxış edəcək.

Ruben Vezo “Olimpiakos”da cəmi 5 oyun keçirib. O, daha öncə “Levante”, “Valensiya”, “Qranada” və “Vitoriya” (Setubal) kimi klubların da formasını geyinib. Portuqaliyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış müdafiəçiyə əsas millidə ehtiyac duyulmayıb.

“Eyüpspor” hücumameyilli yarımmüdafiəçisi Svit Seşları da Slovaniyanın “Çelye” klubuna icarəyə verib. 22 yaşlı sloveniyalı futbolçu bu mövsümün sonunadək vətənində çıxış edəcək. “Drava Ptuj”, “Olimpiya” (Lyublyana), “Krka” kimi klublarda da oynamış Seşlar 2023-cü ildən formasını geyindiyi “Eyüpspor”da 25 oyuna 2 qol və 3 assist müəllifi olub.

Erencan Yardımcı “Hoffenhaym”a satıldı

“Eyüpspor” hücumçusu Erencan Yardımcını da Almaniyanın “Hoffenhaym” klubuna satıb. Super Liqa klubu bu satışdan 4 milyon avro qazanıb. 22 yaşlı türkiyəli futbolçu Bundesliqa klubu ilə uzunmüddətli müqavilə bağlayıb. Amma o, bu mövsüm Almaniya klubunda forma geyinməyəcək. Belə ki, “Hoffenhaym” yeni transferini cari mövsümün sonunadək Avstriyanın “Şturm Qraz” klubuna icarəyə verib.

Erencan Yardımcı “Eyüpspor”a 2021-ci ildə “Qalatasaray”dan keçmişdi. O, bu komandanın heyətində 15 oyuna 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. “Eyüpspor” hücumçusunu “Alanyaspor” və “Pendikspor”a icarəyə də verib. Türkiyənin U-17, U-18 və U-21 yığmalarında oynamış Erencana əsas millidə debüt qismət olmayıb.

Yeri gəlmişkən, Erencan Yardımcını heyətinə qatmış “Hoffenhaym” Portuqaliyanın “Akademiko Vizeu” klubunun mərkəz müdafiəçisi Artur Çavesi də transfer edib. 23 yaşlı braziliyalı ilə müqavilənin müddəti və transferin digər detalları açıqlanmır.

Braziliyanın “Avai” klubunun yetirməsi olan Artur Çaves Portuqaliya təmsilçisinə 2022-ci ilin avqustunda 2,4 milyon avro müqabilində keçmişdi. O, bu komandanın heyətində 58 oyun keçirib, 4 qol vurub.

“Hoffenhaym”ın mərkəz müdafiəçisi Con Bruks da azad agent kimi “Herta”ya keçib. Almaniya vətəndaşlığı da olan ABŞ yığmasının üzvü yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

“Hoffenhaym”da 39 oyuna 2 qolla yadda qalmış Con Bruks daha öncə də “Herta”da çıxış edib. O, vaxtilə bu komandada 130 oyun keçirib, 8 qol vurub, 2 məhsuldar ötürmə edib. Bruks “Volfsburq” və “Benfika” kimi klubların da şərəfini qoruyub. ABŞ yığmasında 45 oyun keçirmiş müdafiəçi 3 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
58
arena.az

1Источники