RU

Seçki sistemi ildən-ilə təkmilləşdirilir, bu, dövrün, zamanın tələbidir - RƏY

Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələrin, Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinin və digər nailiyyətlərin əsas istiqamətlərindən biri də vətəndaşların siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılmasıdır. Ölkəmizdə keçirilən növbədənkənar parlament seçkiləri də bunu bir daha sübut etdi, seçicilərin fəallığı ilə əlamətdar oldu. Azərbaycan hakimiyyəti hər zaman seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslərə həssaslıqla yanaşıb. Məhz vətəndaşların səsvermədə fəal iştirakı da onların ölkənin siyasi taleyində əhəmiyyətli rol oynamasından, dövlətin bu inkişaf xəttinə yüksək diqqət göstərməsindən xəbər verir. 

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən VI çağırış Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, seçki sistemi ildən-ilə təkmilləşdirilir, bu, dövrün, zamanın tələbidir. 

 

Tahir

 

“VII çağırış Milli Məclisə keçirilən seçkilərdə yol verilən müəyyən nöqsanlar, sözsüz ki, araşdırılır, təhlil edilir, bu sahədə tədbirlər görülür, aradan qaldırılması üçün müvafiq təlimatlar verilir. Vətəndaşların siyasi fəallığının artırılması ölkənin gələcək inkişafı üçün önəmlidir. Bu, seçki prosesində öz aydın ifadəsini tapır. 2024-cü ilin əvvəllərində keçirilən prezident seçkiləri bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı döyüşlərdə qələbə qazandığı kimi seçkilərdə də mübarizdir, fəaldır və öz seçimini etməyi bacarır. Ölkə rəhbərinin yüksək səs çoxluğu ilə Prezident seçilməsi qələbələrimizin dəyərini daha da yüksəltdi və ölkə rəhbərinə olan sonsuz ehtiramın, hörmət və məhəbbətin aydın ifadəsinə çevrildi. Parlament seçkiləri də yüksək əhval-ruhiyyədə keçirildi. Bu seçkilər əvvəlkilərdən müəyyən yeniliklərlə fərqlənirdi. İlk növbədə, seçkilərə qatılmaq,  namizədliyini irəli sürmək üçün vətəndaşlara hər cür imkan və şərait yaradılmışdı. Eləcə də siyasi partiyalar bu seçkidən kənarda qala bilməzdi. Onların bir çoxu öz imkanlarını götür-qoy etdikdən sonra namizədlərini irəli sürdülər. Seçkilərin nəticələri, xarici müşahidəçilərin təqdim etdikləri arayışlar, söylədikləri fikirlər deməyə əsas verir ki, bu seçkilər şəffaf, demokratik şəraitdə keçirilib. Ancaq seçkilərə kölgə salmağa, ölkənin siyası nüfuzuna xələl gətirməyə də cəhdlər oldu. Bu, riyakarlıqdır, seçimə hörmətsizlikdir. Böhtan, şantaj kampaniyasından qaynaqlanır. Elə namizədlər oldu ki, onlar təşviqat müddətində bir dəfə də olsun hər hansı yerdə görüş keçirmədilər. On nəfəri yığıb, onlara öz sözlərini deməyi bacarmadılar. Ancaq təəssüf ki, sonradan seçkilərə kölgə salmağa cəhdlər göstərdilər. Bu, xüsusən, müxalifətdən olan bəzi namizədlərə aiddir. Yerlərdə heç bir dayağı, hörməti olmayan, insanlar arasında seçilməyən belə adamlar namizədliklərini irəli sürsələr də, insanların arasına getmədilər, onları toplayıb ölkədə baş verən hadisələr, ictimai-siyasi sabitlik, qazanılan uğurlar, eləcə də bəzi uğursuzluqlar barədə heç bir kəlmə söz deyə bilmədilər. Buna baxmayaraq, deputat olmaq iddiasındadırlar. "Niyə seçilmədim, niyə mənə səs vermədilər?" deyərək keçirilən şəffaf seçkilərə kölgə salmaq istəyirlər. Əlbəttə, bu, qəbulolunan deyil, heç vaxt da qəbul olunmayacaq. Layiqli namizədlərin parlamentdə yer tutması, tanınmış insanların qanunvericilik prosesində fəal iştirak etməsi ölkəmizin gələcəyi, insanların rifahı üçün, onların tələb və təkliflərinin yerinə yetirilməsi baxımından çox vacibdir. Buna görə də seçkiləri müsbət qiymətləndirirəm. Düşünürəm ki, növbəti seçkilər daha yüksək səviyyədə keçiriləcək. Deyildiyi kimi, dünyada elə bir seçki yoxdur ki, ideal keçirilsin. Cüzi nöqsanlar, çatışmazlıqlar mövcuddur, çünki hər bir seçkidə milyonlarla insan iştirak edir, onların müxtəlif fikirləri, düşüncələri var. Buna görə də nöqsanların olması təbiidir”. 

 

VI çağırış Milli Məclisin deputatı Müşfiq Cəfərov isə bildirib ki, son illər ölkədə seçici aktivliyi getdikcə daha da artır: 

 

Müşfiq


“Bunun əyani sübutu builki prezident seçkiləri oldu. 7 fevral seçkiləri yüksək aktivliklə yadda qaldı. Vətəndaşlar yaşından asılı olmayaraq seçki məntəqələrində növbələrdə gözləyirdilər ki, öz səsvermə hüququndan istifadə etsinlər. Parlament seçkiləri barədə danışsaq, deyə bilərəm ki, erkən parlament seçkisi yay mövsümünə düşdüyünə görə seçki fəallığının əvvəlki seçkilərlə müqayisədə az olacağı güman olunurdu. Çünki yay fəslidir, məktəblər də açılmamışdı. Vətəndaşların çoxu ya xaricdə, ya da Azərbaycanın digər bölgələrində idi. Buna görə də, təxminən, 2 milyona yaxın seçici  seçkidə iştirak edib. Amma namizədliyim irəli sürülən dairə üzrə deyə bilərəm ki, məni təəccübləndirən məqamlar oldu. Belə ki, bu il mənim namizədliyim Gəncə-Samux-Goranboy ərazilərinin bir qismini əhatə edən dairədən irəli sürüldü. Mən əvvəllər Gəncə şəhərini təmsil edirdim, indi isə artıq qeyd etdiyim rayonların bəzi kəndlərini də təmsil edəcəyəm. Demək olar ki, kəndlərdə seçki prosesinə olan münasibət məni həm sevindirdi, həm də yaxşı mənada heyrətə gətirdi. Bu təbliğat-təşviqat kampaniyası müddətində də belə oldu. Kəndlərdə vətəndaşlar namizədini tanımağa, onu dinləyib problemlərini irəli sürməyə daha maraqlıdırlar. Bütün təşviqat boyu kəndlərdəki seçicilər aktivlik nümayiş etdirdilər, bunu seçki günü də davam etdirdilər. Samux rayonundan 85% nəticə göstərən seçki məntəqəsi var idi. Həqiqətən, yaşlı insanları seçki sandığının başında görmək bizə çox xoş təsir bağışladı. Düşünürəm ki, əsas cəhətlərdən biri də seçkilərin beynəlxalq hüquq normalarına uyğun, demokratik şəraitdə keçirilməsi idi”. 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə dərc olunub. 

  

Aytəkin Qardaşova 

 

Medianın

Tarix: 7 Sentyabr 2024, 15:18   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
52
pravda.az

1Источники