RU

QHT Agentliyi bir addım atdı- bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

Image

“Son zamanlar bir sıra QHT-lərin özlərindən orden və medallar təsis etməsi və müxtəlif şəxslərə, xüsusilə şəhid ailələrinin üzvlərinə, o cümlədən vəzifəli şəxslərə, dövlət məmurlarına bu orden və medalların verilməsi müşahidə edilir”. Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bəyanatında qeyd olunur.

Bəyanatda, həmçinin bildirilir: “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ-hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz.

İctimaiyyəti diqqətli olmağa çağırır, bu cür əməllərlə məşğul olan QHT-ləri qanunla qadağan olunan fəaliyyətdən çəkinməyə, məsələnin hüquqi məsuliyyətini dərk etməyə dəvət edirik”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qondarma orden, medal düzəltməni dayandırdı, bu yaxşıdır. Amma bəs indiyə qədər QHT-lərin təqdim etdiyi  qondarma orden və medalların taleyi necə olacaq?

Yəni bəziləri qabağa düşüb öz adlarını əbədiləşdirmək üçün orden və medalı verdi. Amma onların verdiyi orden və medallarların taleyi necə olacaq? Olmazmı ki, QHT indiyə qədər verdiyi orden və medallarların da heç bir məzmun daşımadığı ilə bağlı ayrıca bir bəyanat versin. Yəni indiyə qədər verilənlər də mənasız, əhəmiyyətsiz şeylərdi və bu qanunsuz şəkildə verilib. İndiyə qədər olanlara da münasibət bildirilsə nə olar?

Rauf Zeyni: Keçmişdə olan bu kimi neqativ hallarla bağlı...”

Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, indiyə qədər verilən orden və medallar keçmişdə qaldı, məsələyə indən sonra ciddi yanaşılacaq. “Bu məsələyə birmənalı şəkildə münasibət bildirmək düzgün deyil. Çünki bəzi təsis olunan mükafatlar, belə demək mümkünsə, milli hərbi vətənpərvərliyi təbliğ etmək, cəmiyyəti həmişə ayaqda saxlamaq üçün verilib. Bütün mükafatları da eyniləşdirmək olmaz, bu mümkün deyil. Deyək ki, Milli Ordunun 100 illiyi ilə bağlı xatirə medalları, yubiley medalları və vətənpərvərlik hisslərinin daim cəmiyyətdə yaşaması, eyni zamanda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində və digər strateji məqsədlərlə təsis olunan mükafatları  o birilərlə qarışdırmaq olmaz. Keçmişdə olan bu kimi neqativ hallarla bağlı  ayrıca bəyanatın verilməsinə məncə ehtiyac yoxdur. Çünki bu o vaxt olub və daha təkrarlanmaz, indi yeni bir mühit yaranıb. Demişəm, indi də deyirəm, biz tarixi zəfər əldə etmişik, o zəfərə layiq cəmiyyət qurmalıyıq”-deyə bildirən R.Zeyni qeyd etdi ki, Agentliyin  bu təşəbbüsünü, bu bəyanatını dəstəkləyir. “Vaxtilə mən də bir necə qeyri-hökumət təşkilatları nümayəndələrinə medal təsis etməkdən imtina etmələrini təklif etmişəm. Amma mənim təklifinə əhəmiyyət verməyib öz bildiklərini etdilər. QHT fəlsəfəsinə görə, QHT mükafat təsis edə bilər, qanun da buna yol verir. QHT hər hansı bir fəxri diplom, fəxri fərman verə bilər. Amma təbii ki, orden və medalların verilməsi qanunla tənzimlənir və bu, ölkə Prezidentinin səlahiyyətlərinə daxil olan məsələdir. Eyni zamanda dövlətin səlahiyyətlərinə aiddir. QHT-lərin orden və medal təsis edib onunla hər hansı bir formada manipulyasiya etməsi qətiyyən yol verilən deyil. Bu baxımdan, bu xəbərdarlıq çoxdan edilməli idi. Hər hansı bir QHT sədri özünün ictimai - siyasi maraqlarından irəli gələrək bu və digər orden və medal təsis etməməli idi. Bu təcrübə yaxşı ki, yığışdırılır. QHT-lərə vaxtında xəbərdarlıq olunmalı, cəmiyyətə zamanında mesaj verilməlidir idi ki, heç kim bu fikrə düşməsin.

Hansısa bir mükafatı, ödülü, fəxri fərmanı vermək QHT fəlsəfəsinin mahiyyətidir, bunu qadağan edən heç nə yoxdur. Ondan sui-istifadə etmək və başqa istiqamətə girmək, bu yolverilməzdir. Düşünürəm ki, QHT fəaliyyətini daha da təkmilləşdirmək lazımdı, QHT-lərə dəstək artırılmalıdır, ölkədə vətəndaş cəmiyyəti gücləndirilməlidir. Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət - bizim şüarımız budur” - deyə R.Zeyni vurğuladı. 

Cəsarət Hüseynzadə: “Müvafiq qurumlar QHT-lər qarşısında belə bir məsələni qoya bilər ki, verilən medalların etibarsız olduğu barədə çağırışlar edilsin” 

 “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə də “Bakı-Xəbər”ə bildirdi ki, QHT-lərə belə bir qadağanın qoyulması müsbət haldır. “Əvvəlcə onu qeyd edim ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin verdiyi bəyanat sosial şəbəkələrdə geniş formada dəstək qazandı. Çünki mövcud reallığa uyğun olaraq ölkənin aparıcı QHT-ləri bu məsələdə uzun illərdir bu mövqeni sərgiləyirlər ki, bəli, bu formada orden və medalların bəzi QHT-lər tərəfindən təsis edilməsi və müəyyən şəxslərə təqdim edilməsi həm hüquqi  baxımdan düzgün deyil, həm də ictimai baxımdan ictimai qınaq yaradır. Bu addan  həm bəzi bu medalları verənlər, həm də ki, bu medalları alanlar sui-istifadə edirlər. Mən dünən Feysbuk səhifəmdə vacib bir qeyd etdim. Ehtimalıma görə, 2010-cu ilə qədər yaradılan QHT-lərin nizamnaməsində xüsusi bir bənd ola bilər ki, onların orden-medal təsis etmək hüququ olsun. Çünki orden və medalların təsis edilməsi haqqında qanun 1992-ci ildə qəbul edilib. Orda əvvəl belə xüsusi bir qadağa yox idi. Sonradan dövlət qurumları orden və medalların təsis edilməsi ilə bağlı yaranan problemlər baxımından həmin qanuna 3-cü maddəni əlavə etdilər ki, bu maddə ilə orden və medalların təsis edilməsi ancaq müvafiq qanuna uyğunlaşdırıldı. Bu baxımdan, hesab edirəm ki, bəzi QHT-lərin nizamnaməsində belə bir bənd ola bilər. Amma bütövlükdə QHT-lərin nizamnaməsində belə bir bənd olsa belə, qanunvericilik üstünlük təşkil etdiyinə görə, yəni nizamnamənin həmin maddəsi qüvvədən düşür. Ədliyyə Nazirliyi müəyyən müddətdən bir qeyri-hökumət təşkilatlarına reyestr çıxarışı verir. Tövsiyə edirəm ki, o reyestr çıxarışı verilən dövründə həmin o nizamnamə maddəsinin dəyişdirilməsi o QHT-lərdən tələb olunmalıdır. Bununla da hüquqi prosedurdakı anlaşılmazlıqlar aradan qaldırılmalıdır. İkincisi də, onu bildirim ki, Agentliyin bu bəyanatını biz də saytımızda QHT-lərə xəbərdarlıq kimi verdik. Bu da hər hansı bir hüquqi formada deyil, məlumatlandırma xarakteri daşıyır. Çünki Agentliyin belə bir hüququ statsusu yoxdur ki, QHT-lərə hansısa bir formada hüquqi cəza verə bilsin. Hesab hesab edirəm ki, ən yaxşı halda Agentlik bu cür medal və ordenləri təsis edən QHT-ləri qrant müsabiqəsindən kənarlaşdıra, yaxud əməkdaşlığı dayandıra bilər. Yəni heç bir başqa hüquqi prosedur həyata keçirə bilməz. Bu hüquqi prosedur Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilə bilər. Çünki nizamnamənin tələblərinə uydğunluq ancaq nazirliyin səlahiyyətindədir, qanun pozan həmin QHT-lərlə bağlı hüquqi prosedur Ədliyyə Nazirliyi başlaya bilər”-deyə C.Hüseynzadə bildirdi.

Məsələnin hüquqi tərəflərindən danışan C.Hüseynzadə söhbətində digər məsələlərə də toxundu və bunun mənəvi, ictimai baxımdan ziyanlarını vurğuladı. “Bəli, biz bu məsələni dəfələrlə qaldırmışıq ki, bu kimi hallar aradan qaldırılsın. O ki qaldı verilən orden və medallarla bağlı məsələyə, sözün açığı, vətəndaş cəmiyyətinə qarşı hər hansı bir formada cəzaların tətbiq edilməsinin əleyhinə olan bir şəxsəm. Hesab edirəm ki, vətəndaş cəmiyyəti Azərbaycanın ictimai sektorunun əhəmiyyətli institutlarından biri olduğuna görə yaranan hər hansı anlaşılmazlıqları sakit formada xəbərdarlıqla yekunlaşdırmaq olar. Həmin QHT-lərə Ədliyyə Nazirliyi səviyyəsində xəbərdarlıq oluna bilər, elə Agentlik də maarifləndirici formada QHT-lərə xəbərdarlıq edə bilər ki, bu əməllərdən əl çəkilsin. Əgər bundan sonra belə addımlar atılarsa, artıq hüquqi formada Ədliyyə Nazirliyi müəyyən prosedurlara başlaya bilər. 

Digər məsələ verilən mükaflarla bağlıdır ki, bütün dünyada belə bir praktika var. Qeyri-hökumət təşkilatları müəyyən mükafatları təsis edirlər, sertifikatlar, təşəkkürnamələr verirlər. Bu beynəlxalq təcrübədən irəli gəlir buna hər hansı bir qadağanın qoyulması beynəlxalq münasibətlər sisteminə, beynəlxalq təcrübəyə zidd olar. Sadəcə olaraq, burada da bir əmma var, əmma da ondan ibarətdir ki, çox təəssüf, bəzi qruplar tərəfindən bu sertifikatlar bəzən kimlərinsə adına verilir. Bu, tutaq ki, ulu öndərin, cənab Ali Baş Komandanın, yaxud başqa tanınmış insanların, dahi şəxsiyyətlərin adları ilə  bağlı olur. Belə hallar yolverilməzdir. Demək istəyirəm ki, qanunvericilikdə bununla bağlı xüsusi müddəa da hazırlana bilər. Sizə bir nümunə göstərim, məsələn, Şah İsmayıl Xətainin neçənci yüzilliyi ilə bağlı hansısa bir tədbir, yaxud bir yarış keçirilirsə onun qaliblərinə mükafatlar verilməlidir. Əsas problem mükafatların hansı şəkildə təqdm edilməsi ilə bağlıdır. Bir də mükafatın təsis edilməsi əsas deyil, əsas onu verən qurumdur, qurumun nüfuzudur”.

C.Hüseynzadə qeyd etdi ki, orden və medal verən QHT-ləri hansısa bir formada cəzalandırmaq düzgün deyil: “Amma bəli, razıyam ki, qanunvericiliyin tələbinə görə, QHT-lər orden və medallar təsis edə bilməzlər. Bəzi QHT-lər tərəfindən indiyə qədər müəyyən adamlara verilmiş orden və medallar səlahiyyətsizdir. Ümumilikdə müvafiq qurumlar QHT-lər qarşısına belə bir məsələni qoya bilər ki, verilən medalların etibarsız olduğu barədə çağırışlar edilsin”-deyə C.Hüseynzadə vurğuladı. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
101
50
baki-xeber.com

10Источники