RU

Pənah Hüseynin İSTEFA qərarına MÜXALİFƏTDƏN REAKSİYA

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn partiya sədrliyindən istefa verib. Bu barədə özü açıqlama verib. O, istefasına səbəb kimi 1 sentyabr tarixində keçirilən növbədənkənar parlament seçkilərində uduzduğunu göstərib.

Məlumat üçün qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Deputat adı uğrunda 990 namizəd və 25 siyasi partiya mübarizə aparıb. Seçkilərdə Azərbaycan Demokratik Maarifçilik Partiyası 1, Azərbaycan Demokrat Partiyası 4, Azərbaycan Milli İstiqlal Partiyası 8, Ana Vətən Partiyası 7, Azad Vətən Partiyası 6, Ağ Partiya 18, Böyük Azərbaycan Partiyası 6, Böyük Qurtuluş Partiyası 1, Demokratik İslahatlar Partiyası 5, Gələcək Azərbaycan Partiyası 2, Haqq Ədalət Partiyası 5, Klassik Xalq Cəbhəsi Partiyası 10, Milli Cəbhə Partiyası 9, Milli Dirçəliş Hərəkatı Partiyası 1, Müasir Müsavat Partiyası 3, Müsavat Partiyası 26, Real Partiyası 12, Vətəndaş Həmrəyliyi Partiyası 17, Vəhdət Partiyası 5, Yeni Azərbaycan Partiyası 135, Yeni Zaman Partiyası 2, ÜMİD 17, Ədalət, Hüquq, Demokratiya Partiyası 11, Ədalət Partiyası isə 4 namizədlə təmsil olunub.

Seçkilərin nəticəsinə görə, Vətəndaş Həmrəyliyi Partiyasından 3, Ədalət, Hüquq və Demokratiya Partiyasından 2, digər 8 partiyalardan isə (AVP, ADMP, AMİP, BAP, BQP, DİP, MİP, REAL) 1 nəfər mandat qazanıb.

Maraqlıdır, P.Hüseynin bu qərarına digər partiya sədrlərinin münasibəti necədir? Parlament seçkisində iştirak edən, lakin mandat qazana bilməyən partiya sədri kimi onlar da eyni addımı atacaqlarmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı istefa vermək barədə düşünmədiyini bildirib.

Qeyd edib ki, AVP bundan sonra da ölkədəki siyasi proseslərdə davamlı olaraq iştirak etməkdə maraqlıdır: “Bizim partiyamız iki ildir yaranıb. Siyasi təşkilat kimi rəsmi qeydiyyatdan keçməyimizin bu günlərdə iki ili tamam olub. Hələlik biz təşkilatlanma işini sistemli şəkildə həyata keçirməklə məşğuluq. 1 sentyabr tarixində keçirilən növbədənkənar parlament seçkilərində 6 namizədlə iştirak etdik. Hesab edirəm ki, ilk dəfə seçkidə iştirak edən partiya üçün bu, pis göstərici deyil. Mən özüm də partiya sədri kimi seçkidə iştirak etdim. Düzdür, bundan əvvəlki seçkilərdə də iştirakçı olmuşam, amma partiya sədri kimi ilk dəfə idi. O ki, qaldı hansısa partiya sədrinin qəbul etdiyi qərara, istefaya, bu, onların hüququ, müstəqil seçimidir. Mən bilmirəm Pənah Hüseyn bunu uğursuzluğa görə edib, yaxud başqa səbəbə görə. Lakin bir neçə gün bundan öncə “Azadlıq” radiosunda təşkil olunan debatda Pənah bəy dedi ki, ola bilsin gələcəkdə istefa versin. Hətta partiyanın buraxılması barədə təkliflə çıxış edə bilmək ehtimalını da dilə gətirdi. Bir qədər əvvəl vurğuladığım kimi, mən bilmirəm Pənah bəyin bu qərarı seçkidəki uğursuzluğa görədir, yaxud da saxtakarlıqlara etirazdır. Hər halda biz onların işinə qarışa bilmərik. Azad Vətən Partiyası olaraq biz bundan sonra da ölkədəki siyasi proseslərdə davamlı olaraq iştirak etməkdə maraqlıyıq”.

Ağ Partiyanın sədri Tural Abbaslı isə qeyd edib ki, Pənah Hüseyn istefa verməyib. Onun sözlərinə görə, P.Hüseyn “Azadlıq” radiosunda istefa vermə ehtimalını və partiyanın qurultayını çağıraraq təşkilatın fəaliyyətini dayandıra biləcəyini dilə gətirib: “Pənah bəy gələcəklə bağlı baş verə biləcək ehtimalları qeyd edib. Qeyd edib ki, belə bir məsələ partiyada müzakirə olunur, hələlik konkret qərar yoxdur. O, uduzduğuna görə yox, yəni seçki prosesində baş verən neqativ hallara etiraz olaraq, seçki prosesindəki anti-demokratik addımlara etiraz olaraq belə bir addım atmağı düşünür. Burada “biz uduzmuşuq, ona görə istefa veririk” anlayışı yoxdur. Odur ki, belə bir məsələ müzakirə mövzusu deyil”.

T.Abbaslı söyləyib ki, budəfəki seçkidə rəhbərlik etdiyi partiyanın namizədlərinin qələbəsi oğurlanıb: “Ağ Partiyaya gəldikdə, biz heç bir seçkini uduzmamışıq. Əgər bizim namizədlərin olduğu dairələrdən sorğu keçirilərsə görərsiniz ki, namizədlərimizin böyük əksəriyyəti seçkidə qalib gəliblər. Sadəcə olaraq həmin gün baş verən qanun pozuntuları nəticəsində bizim qələbələrimiz oğurlanıb. Odur ki, istefa anlayışları barədə düşünmürük. Mübarizəmizi davam etdirəcəyik”.

Milli Dirçəliş Hərəkatı Partiyası Fərəc Quliyev isə qısaca olaraq bildirdi ki, o, 1 sentyabr tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində iştirak etməyib.

Nailə QASIMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
67
3
medianews.az

4Источники