RU

"Hər şey yaxçı olacaq, qərdeşlər..." VİDEO

ANS Çingiz Mustafayev adına Radionu mən 1993-cü ildə yaradanda bu nəinki Azərbaycanda, bütün Qafqaz və Orta Asiyada ilk FM Radiostansiya idi. Mənim ən böyük problemim yeni format, müasir radio üçün sovet propoqandasına bənzəməyən yayım stansiyası yaratmaq idi. Bunun üçün ilk növbədə kadrlar lazım idi - texniki və aparıcı heyət. O vaxtlar bizim "Çarli ATL" adında rok qrupumuz var idi və sözsüz ki, mənim ilk səs rejissorlarım və mühəndis dəstəyim Gündüz Bakılı başda olmaqla, Stas Kalaşnikov, Pavel Bulak, Elçin Əhmədov və digərləri oldu.

Radionun avadanlığını sazlayandan sonra növbəti problem aparıcılar idi.

Sözsüz ki, ilk aparıcı özüm oldum, lakin gün ərzində 20 saat veriliş aparmaq bir aydan sonra mənim səhhətimi ciddi şəkildə sarsıtdı. Doğrudan da Allah bir qapını bağlayanda digərini açır... Və bu açılan qapıya Elçin Turabov daxil oldu. "Hər şey yaxçı olacaq, qərdeşlər" deyə elə qapıdan gülə-gülə səsləndirən ifadəsindən sonra anladım ki, Azərbaycan dili ilə Elçinin münasibətləri hələ tam formalaşmayıb, amma buna baxmayaraq işləməyə başladıq. Möcüzəli fakt ondan ibarət idi ki, Elçin 50 qram araq içəndən sonra elə bil dili açılırdı. İlk dəfə belə eksperiment mənim üzərimdə aparılmışdı, lakin effekt gözləniləndən tam əksini təşkil etmişdi. Amma Elçinin dilini "yaşıl ilan" açırdı və o,  5-6 saat bülbül kimi ötür və veriliş apara bilirdi!

VİDEO

Yüksək musiqi zövgünə sahib, Xeyirxah, İstehzalı, İşgüzar, Zarafatçıl, Həyatı Sevən və Böyük Uşaq - bütün bu epitetlər Elçin Turabov, Azərbaycanın FM Radio pionerinə aiddir. Yalnız Elçin Turabov Radiodan tamamilə başı çıxmayaraq bu avantüraya gedib, işin öhdəsindən gələ bilərdi. Bütün işləri həyata keçirməyə onun tükənməz zarafat hissi yardımçı olurdu. Onda Elçin mənə ciddi şəkildə kömək etdi - gün ərzində 5-6 saat mənə azad vaxt verməklə ANS ÇM radiosuna yeni əməkdaşlar seçib onlara treninqlər etməyə macal tapdım.

Bundan sonra, TV verilişləri, DJ-lik və bir sıra digər ilklərə imza atan, hər yoldan keçənə əl uzadan Turabov yalnız özünə diqqət yetirmirdi, öz səhhətinə... Dostluğumuz boyu mən onu bir dəfə də olsun həkimin yanına yollaya bilmədim. Qabaq dişlərinin ömür boyu çürük olmasına baxmayaraq, Turabov onları mualicə etmirdi. Heç kimdən və heç nədən qorxmayan Elçin diş həkimindən çox qorxurdu! Ümumiyyətlə, həkimlərə nifrət edən bu insan sona qədər həkimlərə inanmırdı...

Bu gün (05.09.2024-cü il - red.) Turabov rəhmətə getdi və onun "Hər şey yaxçı olacaq, qərdeşlər" ifadəsinin rəngi və ahəngi dəyişdi.

Allah sənə rəhmət eləsin və çox xahiş edirəm, sənə kömək etsin ki, sən mütləq Cənnətə düşəsən. Sənin özünə bu işi tapşırsaq, sən hamını qabağa buraxıb özün kənarda qalacaqsan. Amma, xahiş edirəm, bu dəfə mənə qulaq as, get cənnətə ki, oralar daha da sevilən olsun!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
1
anspress.com

2Источники