RU

"Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyi münasibətilə tədbir keçirilib

Nizami Kino Mərkəzində "Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyi münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, yubiley tədbirində elm və təhsil naziri Emin Əmrullayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, rəsmi şəxslər və ziyalılar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən qəzetin baş redaktoru Sarvan İbrahimov çap məhsulunun tarixi və keçdiyi inkişaf yolu barədə məlumat verib.

Daha sonra qəzetin 90 illik yubileyinə həsr olunan sənədli film nümayiş olunub.

Qəzetin yeni saytının təqdimatından sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev, eləcə də digər natiqlər qəzetin təhsil sahəsindəki mühüm rolundan bəhs ediblər. Qeyd olunub ki, “Azərbaycan müəllimi” qəzeti ölkənin çap mediası subyektləri sırasında yalnız mövzu dairəsinin özünəməxsusluğu ilə deyil, eyni zamanda jurnalist peşəkarlığı ilə fərqlənən nəşrlərdən biridir.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, "Azərbaycan müəllimi"nin 90 illik yubileyi həm də Azərbaycan təhsilinə 90 illik baxışı əhatə edir:

" “Azərbaycan müəllimi” həm də pedaqoji ictimaiyyətin mətbu orqanıdır. Azərbaycan təhsilinin keçmişinə baxmaq üçün bu mətbu nümunə ən yaxşı mənbədir. "Azərbaycan müəllimi" qəzetində Azərbaycan məfkurəsinin tanınmış imzaları yer alıb. Bu ənənələri davam etdirmək üçün zaman-zaman bu qəzetin keçmiş nəşrlərinə də nəzər salmaq lazımdır".

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxışı edərək bildirib ki, milli mətbuatımızın keçdiyi yola nəzər saldıqda sahə mətbuatı kimi formalaşmış çap mediası subyektləri içərisində “Azərbaycan müəllimi” qəzeti öz davamlılığı, materialların işlənməsində özünəməxsus yazı tərzi və mövzu rəngarəngliyinə görə daim fərqlənib, geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanıb:

"Texnoloji inkişafın təsiri ilə müasir media mühitində gedən sürətli dəyişiklik artıq jurnalistikanın klassik dəyərlərini də əhatə etməklə yeni, daha dinamik məzmun alıb. Müasir çağırışlara cavab vermək istəyən media gündəlik fəaliyyətini məhz texnoloji tərəqqinin dinamik ritmləri üzərində qurmağa məhkumdur. Bu baxımdan “Azərbaycan müəllimi” qəzeti yalnız ənənəvi çap mediası subyekti kimi qalmır, onlayn platformada da fəallıq göstərərək cəmiyyəti təhsillə bağlı ictimai məzmunlu məlumatlar, maraqlı reportajlar, publisistika nümunələri ilə tanış etməkdə davam edir ".


Milli jurnalistikamızın heç də yaxşı dövrünü yaşamadığını xatırladan Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, "Azərbaycan müəllimi" həm sahə qəzeti, həm də müasir media nümunəsi olaraq nümunəvi fəaliyyətini davam etdirir.

"Nazirdən xahiş edirəm ki, qəzet 100 illik yubileyinə qədər həftədə bir dəfə dərc edilsin", - deyə o əlavə edib.

Tədbirin davamında həmçinin qəzetin yeni loqosu təqdim olunub. Eyni zamanda qəzet əməkdaşları təltif ediliblər.




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
2
apa.az

3Источники