RU

Fərid Şəfiyev: Regional məsələlərə üçüncü tərəflərin müdaxiləsi bütövlükdə bölgəyə mənfi təsir edir

Bakı, 4 sentyabr, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) nümayəndə heyəti Niderlandın Groningen Universiteti tərəfindən təşkil olunan “Regionlararası əməkdaşlıq: İqlim dəyişikliyi, bərpaolunan enerji sahəsində çağırışlar və Avropa İttifaqı (Aİ), Mərkəzi Asiya və Cənubi Qafqazda imkanlar” mövzusundakı tədbirdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan-Azərbaycan normallaşma prosesi və Cənubi Qafqaz regionunda yaranmış geosiyasi vəziyyət barədə məlumat verib.

Ermənistan ilə Azərbaycan arasındakı son proseslərə toxunan F. Şəfiyev ölkəmizin sülh gündəminə sadiq olduğunu və İrəvanla sülh müqaviləsinin imzalanması üzərində fəal şəkildə çalışdığını vurğulayıb. O qeyd edib ki, Azərbaycan danışıqlar prosesində ikitərəfli təmaslara üstünlük verir, çünki bu təcrübə nəticəyönümlüdür. “Regional məsələlərə üçüncü tərəflərin müdaxiləsi təkcə Ermənistan-Azərbaycan münasibətlərinə deyil, həm də bütövlükdə regiona mənfi təsir edir və bu təsirlər region sərhədlərini də aşır”.

Ermənistanın silahlandırılması mövzusuna toxunan BMTM-in İdarə Heyətinin sədri bu kampaniyanın qeyri-məhsuldar olduğunu və yeni gərginliklərə səbəb ola biləcəyini diqqətə çatdırıb.

F. Şəfiyev Azərbaycanın Türk dünyası və Mərkəzi Asiya ölkələri ilə genişlənən qarşılıqlı əlaqəsinə də diqqət çəkib. Onun sözlərinə görə, bu tərəfdaşlıqlar Yaxın Şərqdə və Ukraynada yaşanan böhranlar fonunda ümumilikdə beynəlxalq arxitekturanın təhlükəsizliyinə töhfə verəcək.

BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev Azərbaycan tərəfindən reallaşdırılan yaşıl enerji layihələri barədə məlumat verib. Ölkəmizin bp, BƏƏ-nin “Masdar”, ADNOC, Səudiyyə Ərəbistanının “ACWA Power”, Çinin “China Gezhouba Group Overseas Investment” və Yaponiyanın “TEPSCO” şirkətləri ilə tərəfdaşlığına toxunan Ş. Hacıyev vurğulayıb ki, bütün bu təşəbbüslər Azərbaycanın ətraf mühitin mühafizə və iqlim fəaliyyətlərinə sadiqliyini nümayiş etdirir. “Yaşıl enerji” təşəbbüslərinin davamı olaraq Azərbaycan Gürcüstan, Macarıstan, Rumıniya ilə birlikdə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişinə dair razılaşma imzalayıb. Bu “yaşıl enerji” layihəsi Cənubi Qafqazı Cənub-Şərqi Avropa ilə birləşdirəcək və “yaşıl enerji dəhlizi” funksiyasını icra edəcək. Bundan əlavə, bu, yaxın gələcəkdə Mərkəzi Asiyadan bərpaolunan enerji mənbələrini də ehtiva edəcək”.

Ş. Hacıyev, həmçinin COP29-a ev sahibliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri üçün davamlı inkişafın təşviqi, “yaşıl enerji”yə keçidin sürətləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Groningen Universiteti tərəfindən təşkil edilən tədbirdə gələcək enerji siyasəti, regional əməkdaşlıq və davamlı inkişaf məsələləri əsas müzakirə mövzuları olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
azertag.az

1Источники