RU

TƏBİB və ictimai birliklər arasında Anlaşma Memorandumları imzalanıb » Medical Media


TƏBİB ilə “Azəri Toksikoloqlarının Dərnəyi” və “Azərbaycan Reanimatoloq və Anestezioloqlar Cəmiyyəti” ictimai birlikləri arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu məqsədlə keçirilən görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Hüquq departamentinin rəhbəri Aynur Hüseynova, Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva, ictimai birliklərin sədrləri və digər əməkdaşlar iştirak edib.

Memorandum tərəflər arasında elmi tədqiqatların aparılması, bu ixtisaslarda fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, kadr potensialının yaxşılaşdırılması, sahə üzrə klinik protokollar və metodik vəsaitlərin hazırlanması prosedurlarını müəyyən edir.

Açılış nitqi ilə çıxış edən A.Nəsirov bu memorandumun tibb sahəsində keyfiyyətli xidmətlərin göstərilməsi və tibb işçilərinin peşəkar inkişafına töhfə vermək üçün mühüm bir addım olduğunu bildirib. O, Memorandumun, həm də tibb elminin müxtəlif sahələrində elmi-tədqiqat fəaliyyətinin təşviqi məqsədi daşıdığını, həmçinin yeni metod və texnologiyalardan istifadənin, tibbi müayinə və müalicənin müasir alqoritmlərinin işlənib hazırlanmasının və beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini də xüsusi vurğulayıb.

"Azəri Toksikoloqlarının Dərnəyi" İctimai Birliyinin sədri İsmayıl Əfəndiyev TƏBİB ilə uzun müddət əməkdaşlıq edərək bir sıra tədbirlərin təşkilində iştirak etdiyini bildirib. O,  zəhərlənmələrin diaqnostikası, müalicəsi və qarşısının alınması sahəsində çalışan mütəxəssisləri bir araya gətirməklə toksikologiya sahəsində tədbirlərin daha effektiv göstərilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.  

“Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti” İctimai Birliyinin sədri Zəhra Vəzirova isə qeyd edib ki, Cəmiyyətlə TƏBİB arasında imzalanan Anlaşma Memorandumunun məqsədi reanimatologiya və anesteziologiya sahəsində əməkdaşlığı gücləndirmək və xidmətlərin keyfiyyətini artırmaqdır.

Görüş zamanı TƏBİB və ictimai birliklərin nümayəndələri arasında gələcək planlar, qarşılıqlı maraq doğuran layihələrin hazırlanması, görülən işlərdə qarşıya çıxan problemlər də müzakirə olunub.

Sonda tərəflər arasında Anlaşma Memorandumu imzalanıb və xatirə fotosu çəkilib.

Избранный
23
1
medicalmedia.az

2Источники