EN

Qaçqın düşəndə bizə belə davranmamışdılar, bizdən pul istəməmişdilər axı – Çinarə Ömray yazır 

Əslən Laçından olan Çinarə Ömrayın Laçına son səfəri ilə bağlı təəssüratlarını həyəcansız oxumaq mümkün deyil.

KONKRET.az müəllifin doğma yurdda görmək istədikləri ilə gördükləri arasındakı təzaddan bəhs edən həmin məqaləsini təqdim edir:

***

Bunu yazmağı düşünəndə sona qədər oxunmadan linç olunacağımı da, bilən bilməyən hər kəsin ağzına gələni deyəcəyini də bilirdim.

Ancaq oları nəzərə alıb yaşasaq, ya gərək yaşamayaq, ya da lal, kar, kor olaq.

Mənim babam da, nənələrim də bu dünyadan vətən deyə-deyə köçdülər. Hərdən şəhid analarını görəndə nənəmi xatırlayıram. Onlar qədər yanırdı, onlar qədər yas saxlayırdı torpağı üçün. Balasını itirmiş kimi ağı deyirdi hər axşam o yerlərə.

Mən bu sədalar altında böyümüşəm. Torpaqlar alınanda gözləntim də, düşüncələrim də tam başqa idi. Düşünürdüm bütün köçkünlər ora qayıdacaq, mütləq qayıdacaq. Qayıtdıqdan sonra da itmiş, yoxa çıxmış bütün səmimiyyət də, doğmalıq da, mərhəmət də, sevgi də bərpa olacaq, yenidən doğacaq.

Mən Qubadlıdanam. Bir babamın qəbrini də orda qoyub gəlmişdik. O yerlərə ilk səfərimdən də, yaşadığım hisslərdən də yazmışam, bölüşmüşəm. İndi başqa şeydən bəhs etmək istəyirəm. Babamın qəbri yarıdağınıq idi. Qərara gəldik ki, qəbri bərpa edək, itməsin, yeri-yurdu bilinsin. Nəysə ki, burdan kiçik lövhəyə ad soyadını, doğum tarixini yazdırıb apardıq. Elə getmişkən də Laçına, Zəngilana bir baş çəkdik.

Zəngilanda yaradılan şərait, Ağıllı Kənd, sadəcə möhtəşəm idi. Özünü hansısa xarici ölkədə hiss edirdin. Amma, deyəsən, bu hissə yerli camaat da qapılmışdı. Çünki özlərini əsil xarici ölkədəki kimi aparır, bizə də turist kimi yanaşırdılar.

Bu qiymətlərdən tutmuş, qonaqpərvərliyə qədər yansımışdı.

Mən Ağalının o “Qoşa qala” qapısından içəri girənə qədər ümidlərim də, arzularım da, düşüncələrim də fərqli idi.

Nənəmin bir rəfiqəsi vardı, Zəngilandan idi. Mədinə nənə. Mənim üçün Zəngilan Mədinə nənə idi. Düşünürdüm orda hamı Mədinə nənə kimi içdən, səmimi, qonağı bağrına basandır.

Mənim üçün Zəngilan Azad Qaradərəli  idi. Onun doğmalığının, dürüstlüyünün, səmimiyyətinin kökü burdan gəlirdi. Mən Zəngilanda Azad müəllimin qəhramanları ilə qarşılacağımı, oların qapılarını döyüb bir bir onlarla görüşüb tanış olacağımı , onlara “sizi tanıyıram mən, sizi mənə Azad müəllim tanıdıb” deməyi umurdum.

Amma belə deyilmiş. Təbii ki, hər zaman istisnalar var. Sadəcə məni narahat edən, üzən məqamlar istisnalardan daha çox idi, onun üçün toxunmaq istədim.

Məsələn, orada işçi qüvvə  yerli camaatdan daha çox kənardan, digər rayonlardan gələnlər idi. Məsələn, orada restoran işlədən bir bəylə söhbət etdik. Deyir, masabəyi  (ofisant) üçün günlük 25 azn pul verirəm, yemək, içmək limitsiz və ödənişsiz təklif edirəm, hələ üstəlik kənardan gəlibsə, qalmağa yer də təklif edirəm, amma yenə də gəlib işləmək istəyən yoxdur. Yerli sakinlər bu təklifi özlərinə uyğun bilmirlər. Və ya digər sahibkar deyir: çörək sexim var. Aya 600 azn maaş təklif edirəm, günə 3 ədəd çörək. Amma heç kim gəlib işləmir.

Mənə çox maraqlıdır, bəs bu adamlar şəhərdə nə qədər maaşa qane olub işləyirdilər?

Bir neçə kiçik misal çəkəcəm, məni nəyin narahat etdiyini görəcəksiniz.

Deməli, gecələmək üçün yerli sakinlər evlərini təklif edirlər, adam sayına görə də məbləğ təyin ediblər: 1 adam 25 azn. Sən ailənlə gedirsənsə, 4 nəfər 1 gecə üçün 100 azn. Və bu hansısa kotec və ya otel qiyməti deyil. Sakinlərin şəxsi evində qonaqlama qiymətidir. Biz oradan kənd toyuğu almaq istədik, dedilər toyuq 15 azn təmizləmək də 5azn. Toplam bir kənd çolpası 20 azn.

Ay yurdumun gözəl insanları, ay qurban olduqlarım axı biz qaçqınlıq həyatı yaşamış adamlarıq. Biz yoxun dibini görmüş, tanımadığımız adamların qapısına pənah aparmış adamlarıq. Axı bizə heç kim pul müqabilində qapı açmamışdı. Bizə bu cür davranmamışdılar axı.

Yenə deyirəm istisnalar olub, olacaq da. Amma biz qayıdandan sonra öz kəndli səmimiyyətimizi, doğmalığımızı görsətməliydik axı. Biz illərdir həsrət qaldığımız torpağımızda nəinki gələn qonağa, daşa, torpağa da sahib çıxmalıydıq. Düzdür, bizi orda çox içdən, doğmalıqla qarşılayan insanlar oldu. Amma mən ümumi mənzədən danışmaq istəyirəm, ümumi görüntü, abu-hava,  süni şişirdilmiş qiymətlər, insanların vecsizləşməsi, dəyişməsi, kənd doğmalığını, kənd səmimiyyətini itirməsi, kənardan gələn hər kəsə Ərəb turisti kimi yanaşma pisxologiyası şəxsən məni incidirdi. Beynimdəki Qarabağ, doğma kənd düşüncəsini alt-üst edirdi.

Gecəni Ağalıda qaldıq. Gecənin ta qaranlığından Mədinə nənənin bayatılarının səsi gəlirdi. Dağlar o dağlar idi, amma adamlar o adamlar deyildi. Heç evlər də o evlər deyildi.

Sabahı qalxıb üz tutduq Laçına.

Laçın deyəndə kiminin yadına seyidlər düşür, kiminin yadına alimləri, təbiəti düşür. Mənə isə Laçın Fəxri Uğurlunu, Şərif Ağayarı xatrladır. Şərif Ağayara oxşayırdu bütün dağları, qayaları. Havasının mülayimlik qarışıq sərtliyi Fəxri Uğurlunu xatırladırdı. Amma təəssüf ki, onların qəhramanlarını və obrazlarını orda görə bilmədim. Elə o ümidlə getmişdim deyə bu qədər təəssüflənirəm, bəlkə də.

Eyni mənzərə ilə Laçında da qarşılaşdıq. İnsanların laqeyid yanaşması, oturduğumuz restoranda gələn hesab, adamların verdiyi reaksiyalar…

Təbiətinə aşiq olduğum Laçının sakinlərinə aşiq ola bilmədim təəssüf ki…

Mən Laçında  Şərif Ağayarın qəhrəmanlarının səmimiyyətini axtarırdım, o doğmalığı axtarırdım, tapa bilmədim.

Oturduğumuz çay qırağında bir restoran vardı, orda işləyənlərdən kimdən soruşdum biri dedi Biləsuvarlıyam, biri dedi Lənkaranlıyam, biri dedi Füzulidənəm. Soruşdum, bəs Laçınlı kimsə yoxdur? Dedilər var, indi gələcək. Nəysə çay sifariş etdik. Çay gəldi, amma stəkanlar yox. Dedik bəs bunu necə içək? Dedilər buranı işlədən Laçınlı oğlan gedib Beyləqandan stəkan alamağa, indi gələcək. Biz çaya baxdıq, çay bizə. Son ümidim o Laçınlı oğlan idi, o da getmişdi Beylaqandan stakan almağa. Biz çaydan çay da havadan soyudu. Nə sonuncu ümidimiz o Laçınlı gəldi, nə də biz Laçın çayı içə bildik. Qalxanda da dedilər hara gedirsiz, çayın pulun ödəyin də.

Vallah bunu şəhərdə bizə etsəydilər, indi səsimiz haralardan gəlirdi…

Yenə də təşəkkür edirəm yurdumun insanlarına. İki günlük də olsa, mənə özümü Ərəb Turisti kimi hiss etdirdikləri üçün.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
84
9
konkret.az

10Sources