EN

Parisdə Azərbaycan himninin səslənməsi qalib ölkənin qalib idmançılarının bir daha hər şeyə qadir olduğunun sübutudur ŞƏRH

Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan beynəlxalq idman arenasında artıq özünə layiqli yer tutub. İstər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə bu imicə sahib olub. Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla və mütərəqqi Liderliyi ilə davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq ölkənin bütün sahələrində, eləcə də idman sahəsində böyük nailiyyətlər əldə olunub.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşü zamanı ilk növbədə qalib idmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edib: «Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır»,-deyən dövlətimizin başçısı onu da vurğulayıb ki, dörd ildən bir keçirilən idman bayramıdır: «Əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir».

Dövlətimizin başçısı görüşdə çıxışı zamanı bir daha qürurla vurğuladı ki, siz, Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmisiniz, Azərbaycan Bayrağını ucaltmısınız, bütün xalqımızı sevindirmisiniz. Sizi həm təbrik edirəm, həm də sizə öz təşəkkürümü bildirmək istəyirəm.

Bəli, XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları bir daha göstərdi ki, Azərbaycan güclü idman ölkəsi statusunu qoruyub saxlayır. Və bu gün qalib Azərbaycanın qalib idmançıları müzəffər xalqı təmsil edən idmançı olaraq Azərbaycan Bayrağının qaldırırlar. Çünki Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüskəlişi deməkdir. Çünki bayrağımız ucaldıqda, dövlətimizin nüfuzu daha yüksək zirvələrə doğru ucalır. Bu isə, Prezident İlham Əliyev cənablarının idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür.

Və digər əsas məqamı isə vurğulamaq istərdim ki, Paris Olimpiadası böyük idman yarışları olmasına baxmayaraq, açılış mərasimindəki təşkilat komitəsinin yarıtmaz fəaliyyəti, aparıcıların dövlətlərə qarşı münasibəti, Şimali və Cənubi Koreyanı bir-birindən ayıra bilməmələri, Azərbaycan idmançılarının keçidindəki verilən yaramaz şərhlər, Ermənistana olan münasibət bütün məsələləri açıq aydın bir daha göstərdi ki, Fransa Olimpiya Oyunlarının keçirilməsinə nəinki hazır, heç layiq də deyil.

Və bütün bunlara baxmayaraq, Azərbaycan idmançısı Hidayət Heydərovun fransız idmançısına qalib gəlməklə Olimpiya çempionu olması, Azərbaycan himnini səsləndirməsi qələbələrimizin ardının gəldiyini göstərir. Dövlət başçımızın dediyi kimi, qələbələrimiz hələ qabaqdadır. Azərbaycan idmançıları ölkəmizi şərəflə, layiqincə təmsil etməklə, əldə etdikləri qələbələrlə bundan sonra da Azərbaycan Bayrağımızı daha da yüksəklərə qaldıracaqlar. Ancaq Fransa özünü sivil dünyaya həmişə mədəniyyətin beşiyi kimi təqdim etməyə səy göstərsə də, "Paris 2024" Yay Olimpiya Oyunlarının açılış mərasimindəki biabırçı dünya tarixinə rəzalət oyunları kimi yazıldı.

Azərbaycan isə, qalib ölkənin qalib Prezidenti İlham Əliyev cənablarının tapşırıqlarına əməl etmək üçün indidən hazırlaşırlar. Prezident İlham Əliyev görüş zamanı qalib idmançılara tapşırıqlarını verərək bildirdi ki, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək: «Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq».

Dövlətimizin başçısı qalib idmançılarla görüşündə bir daha əminliyini vurğulayaraq növbəti yarışlarda qaliblərin sayının daha çox olacağını vurğuladı: «Əlbəttə, tam əminəm ki, həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq və bunu arzulayıram. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik».

Prezident İlham Əliyev həmçinin idmanını və qələbələrin gənclərimizin həyatında müsbət təsiri olduğunu bildirdi və qeyd etdi ki, bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır: «Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni, siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir».

Bəli, həmişə olduğu kimi, bu yarışda da bütün dünya idmançılarımızın gücünün şahidi oldu və Bayrağımız qaldırılanda, Himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir və hər qələbə bir daha bizim şöhrətimizi artırır. Çünki dövlət başçımızın söylədiyi kimi, bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır: «Yəni, siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir».

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctimai Birliyin sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
82
3
sesqazeti.az

10Sources