EN

Separatizm artıq Ermənistanın daxilindədir: “Bu, ciddi problemlər yarada bilər, ancaq…”-ŞƏRH

“Erməni separatçılar bu mövzunu hələ uzun müddət gündəmdə saxlamağa çalışacaqlar. Ancaq erməni separatçılığının bundan sonra Azərbaycana hər hansı ciddi bir problem yarada biləcəyi qətiyyən inandırıcı deyil”.

Bu fikri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli separatçıların nümayəndəsi Samvel Babayan Ermənistanda seçki hazırlıqlarına başlamasına münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, erməni separatizmi indi Ermənistanın öz daxilində ciddi problemlər yarada bilər:

“Yəni, Ermənistanda müstəqillik dövründə hər zaman önəmli bir problem mövcud olub. Bu, ictimai-siyasi bir problemdir. Problem ondan ibarətdir ki, yerli ermənilərlə Qarabağdan çıxmış ermənilər arasında hər zaman münasibətlər gərgin olub. Hətta Qarabağ klanı uzun müddət Ermənistanı idarə edib və yerli ölkə əhalisi onların idarəçiliyindən narazı olublar. İndi Qarabağ klanı Ermənistanda nisbətən güclənmiş kimi görünür. Çünki Azərbaycanın Qarabağ regionunu könüllü şəkildə tərk edən ermənilər Ermənistanın daxili siyasətində baş qaldırmağa başlayıblar. Onlar böyük ehtimalla Nikol Paşinyan hakimiyyətinə müxalif mövqe tutacaqlar və 2026-ci il seçkilərində iştirak etməklə Ermənistanda hakimiyyət dəyişikliyinə cəhd göstərəcəklər. Yəni, erməni separatçılar  artıq ölkənin daxili ictimai-siyasi proseslərində ayrıca siyasi düşərgəyə çevrilməyə başlayıblar”.

E. Xalidbəylinin sözlərinə görə erməni separatizmi artıq Ermənistanın daxilindədir:

” Onlar ziyanı da elə Ermənistanın özünə vuracaqlar. Burada ən təhlükəli məqamlardan biri erməni separatçı terrorçuların bir qismi hətta yerli media orqanlarının iddialarına görə, çox əhəmiyyətli hissəsi silaha malikdir. Hətta bir müddət öncə Ermənistan polisi onlara rəsmi şəkildə müraciət edərək silahlarını könüllü şəkildə təhvil verməyə çağırmışdı. Yəni əgər Ermənistanda toqquşmalar baş verərsə, həmin silahların yerli əhaliyə qarşı istifadə edilmə ehtimalı kifayət qədər yüksəkdir. Bu baxımdan hesab etmək olar ki, erməni separatizmi bundan sonra Ermənistan daxilində siyasi bir ictimai faktora çevriləcək və hakimiyyət uğrunda  mübarizədə xüsusi rol oynayacaq. Bu adamların da seçkidə iştirakı onu göstərir ki, onların indiyə qədər Azərbaycana qarşı irəli sürdükləri iddialar qondarma olub. Çünki bunların hər biri Ermənistan vətəndaşıdır. Ermənistan vətəndaşlarının isə Azərbaycanın Qarabağ regionuna geri qayıtmasından söhbət  gedə bilməz, çünki onlar xarici ölkə vətəndaşlarıdır. Ermənistan vətəndaşı kimi onlar Ermənistan ərazisində yaşamalı və öz ölkələrinin ictimai-siyasi həyatından iştirak etməlidirlər. Belə ki onların seçkidə iştirakı da onu göstərir ki, onlar Ermənistan vətəndaşıdır və Azərbaycana qayıtmaq haqqında düşüncə Azərbaycan qanunları və beynəlxalq hüquq normalarına ziddir”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
11
editor.az

10Sources