EN

Media eksperti: "Ləhcəsi olan kimsə  efirə buraxılmaz" 

Mediada çalışan  jurnalistdən tələb olunan işlər sırasında iki məsələ həmişə öndədir. Yazı qabiliyyəti və gözəl nitq yerində olmalıdır. Yaza bilmirsənsə, çap mediasına, danışa bilmirsənsə, televiziya və radioya yolunu bağlamış olursan. Bu gün biz artıq multimedia dövründə yaşayırıq, jurnalistin hərtərəfli bacarıqlı olması tələbi də yaranıb. Hətta yazılı reportaj hazırlamısansa, onun videosu da olmalıdır, sosial mediada paylaşmaq üçün “şort”u da. Bir sözlə, yazın da, səsin də, görünüşün də gözəl olmalıdır. 

Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, bu gün bizi narahat edən məqamlar sırasında bir çox jurnalistin diksiyasında açıq-aydın duyulan ləhcə problemini göstərə bilərik. Özü də əgər ləhcə yalnız hansısa regiona bağlı olsa, dərd yarıdır. İnternetin hər evə daxil olması ilə bu günün jurnalistində xarici dillərin də açıq-aydın duyulan digər ləhcələri də yaranıb".
Ekspert bildirir ki, əgər kimsə uzun müddət Türkiyə kanallarını izləyibsə, Azərbaycan dilində yox, hansısa qarışıq bir formada danışır, yad intonasiya ortaya qoyur. Onun sözlərinə görə qüsurlu nitq ciddi problemdir, çünki jurnalistin işi müsahibə, açıqlama almaqdır: "Rus və ingilis dillərini özünə ikinci dil kimi seçənlərin də danışığında da əcnəbi təsir duyulur.
“Mənim qonağım, müsahibim məni nə dərəcədə aydın olaraq anlayacaq” sualını hər bir media işçisi özünə verməlidir. Ləhcəsi olan kimsə ümumən efirə buraxılmaz. Yaxşı jurnalist belə olsan, maraqlı layihələrdən kənarda qalmalı olacaqsan. 
Bir təlimçi kimi orta hesabla 10 nəfərlik qrupda 3-4 nəfərdə nitq qüsurlarının olduğunu müşahidə edirəm. Ləhcəni, yad intonasiyanı, daha ciddi problemləri ortadan yığışdırmağın cəmi bircə yolu var: bu da sistematik məşq etmək, natiqlik kurslarına getmək, auditoriya qarşısına çıxaraq danışmaqdır. Yaxşı danışmaq üçün gərək həm də hər gün gözəl nitqiHa olan insanları ən azı internetdən dinləyəsən. 
İlk mərhələdə jurnalist problemin olduğunu anlamalı, daha sonra isə bundan yaxa qurtarmağın yollarını düşünməlidir. Adətən təlimlərə qonaq qismində natiqlikdən dərs deyən şəxsləri, gözəl nitqi olan insanları dəvət edirəm. Təsiri də az deyil. Bu gün qüsurlu danışan tələbə tezliklə məşqlər sayəsində daha yaxşı nəticəyə imza atmış olur”. 
 

Havar Şəfiyeva

1Sources