EN

“Zirə” Azərbaycanı 24-cü pillədə saxladı - UEFA reytinqi

“Zirə” Konfrans Liqası matçındakı heç-heçə sayəsində UEFA reytinqində Azərbaycanın xal ehtiyatını zənginləşdirib.

Arena.az xəbər verir ki, bu həftə UEFA Çempionlar Liqasında, Avropa Liqasında və Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk qarşılaşmaları keçirilib.

Çempionlar Liqasındakı yeganə təmsilçimiz “Qarabağ” doğma meydanda Bolqarıstan çempionu “Ludoqorets”ə uduzub – 1:2.

Konfrans Liqasında mübarizə aparan “Sabah” da səfərdə İrlandiyanın “Sent-Patriks Atletik” komandasına 0:1 hesabıyla məğlub olub. Bu üzdən də “Sabah”la “Qarabağ” bu həftə ölkə reytinqinə töhfə verə bilməyiblər.

“Zirə” isə Çexiyanın “Osiyek” komandası ilə görüşdə əzmkar heç-heçəyə nail olub. Xorvatiyada baş tutan səfər matçı 1:1 hesabıyla yekunlaşıb. Bu heç-heçə sayəsində “qartallar” ölkə reytinqinə 0,125 xal əlavə ediblər.

Hazırda UEFA reytinqində Azərbaycanın cari mövsümdəki qazancı 1,750 xaldır. Hələlik ən böyük fayda “Zirə”dəndir – 0,875 bal. “Qarabağ” 0,500 reytinq xalı qazanıb. “Sabah” 0,250, “Sumqayıt” isə 0,125 reytinq xalı ilə kifayətlənib.

Son 5 mövsümdəki ümumi əmsalı 18.500-ə çatan Azərbaycan reytinqdə bir pillə geriləyib və hazırda 24-cü sırada qərarlaşıb. 23-cü sırada 18.750 xala malik Slovakiya qərarlaşıb. 25-ci sırada isə İsveç var – 18,375.

Reytinq cədvəlinə yenə İngiltərə (89,160) başçılıq edir. İtaliya (79,106) ikinci, İspaniya (73.989) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (71,660) dördüncü, Fransa (57,736) isə beşinci sıradadır. Türkiyə 34,200 balla 9-cu sırada qərarlaşıb.

Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.

Chosen
105
1
arena.az

10Sources