EN

Ukraynanın Kursk əməliyyatı: ruslar sarsıdıcı zərbə aldı - ŞƏRH

Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Rusiyanın Kursk vilayətində fövqəladə vəziyyət elan edilib. “Vaqner” özəl şirkətinin yaraqlıları da Rusiyanın Kursk vilayətinə gəlib və Ukrayna Silahlı Qüvvələri ilə döyüşə giriblər.




Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ukrayna Silahlı Qüvvələrinin Rusiya sərhəd təhlükəsizliyində mövcud olan boşluqlardan kifayət qədər uğurla yararlanaraq İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq Rusiya ərazisinə daxil ola bildiyini deyib.

Onun sözlərinə görə, iki gündür gedən döyüşlərin nəticəsi olaraq Kursk vilayətinin müəyyən hissəsində ciddi xaos müşahidə olunmaqdadır:

"Rusiya öz ərazisində belə bir ssenarini gözləmirdi. Halbuki daha əvvəllər Ukrayna tərəfindən bu tip əməliyyatlar məhdud miqyasda qonşu vilayətlərin, xüsusən də Belqorodun ərazisində həyata keçirilmişdi. Rusiyanın öz ərazisində əsgərlərinin Ukrayna ordusuna əsir düşməsi və əsirlərin sayının kifayət qədər çox olması düşüdürücü məsələdir. Sanki Rusiya əsgəri öz ərazisində belə döyüşmək niyyətində deyil”.

Hərbi ekspert “Vaqner” döyüşçülərinin kifayət qədər maaş qarşılığında döyüşdüklərini bildirib:

“Onlar muzdlu döyüşçülərdir. Onların əraziyə gətirilməsi bəlkə də Rusiya üçün ən azından zəbt olunan ərazilərin miqyasının artmasına imkan verməyəcək”.

Ə.Verdiyev Ukraynanın bu əməliyyatının iki əsas məqsədinin olduğunu bildirib:

“Birincisi, Rusiyadan Avropaya gedən qaz xəttinə nəzarət etmək, ikincisi isə Kursk vilayəti ərazisində yerləşən Kursk Atom Elektrik Stansiyasına maksimum yaxınlaşmaq. Bu halda Rusiyanın Ukrayna ərazilərinə hücum templərini zəiflədəcək, bəlkə də ruslar işğal etdikləri ərazilərdən geri çəkilməli olacaq. Çünki Ukraynanın Rusiya ərazilərində nailiyyət əldə etməsi rus ordusunun mənəvi-psixoloji vəziyyətinə çox sarsıdıcı bir zərbə vurdu”.




Vasif
BakuPost
Chosen
64
43
bakupost.az

10Sources