EN

Zelenskiyə ABŞ-dan ikinci zərbə? “Harris seçilərsə, Ukraynanı ruslara satacaq” iddiası yayıldı

“Time” jurnalında yazılan məqalədə xüsusi hərbi əməliyyatlar başlayandan bəri Kamala Harrisin Ukraynaya səfər etmədiyi yazılıb. Yerli məmurlardan birinin sözlərinə görə, Harrisin Ukraynaya simpatiyası formal xarakter daşıyır və protokola uyğundur.

Görünür, Ukrayna prezidenti Volodimir Zelenskiyə ABŞ-dan ikinci zərbə də belə gələcək. Bir çox ekspertin fikrinə görə, Donald Tramp hakimiyyətə gəlsə, Ukraynaya yardımları dayandıra bilər. Belə görünür, Harrisin iqtidara gələcəyi təqdirdə də Ukraynanı yaxşı gələcək gözləmir.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Azad Məsiyev deyib ki, Rusiya-Ukrayna mühariəsininin dərindən təhlilində ABŞ-ın Kiyevi bir alət kimi istifadə etdiyini görmək mümkündür:

“Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl Avropa ABŞ-ın həm iqtisadi, həm də siyasi təsirindən uzaqlaşır, Rusiya ilə daha yaxın təmasa girirdi.

Azad Məsiyev

Bunu Avropanın Kremlə qoyduğu sərmayələrin həcmindən müəyyən edə bilərik. “Şimal Axını-2” kəmərinin çəkilməsi və onun işə düşməsi də Avropanın rəsmi Moskva ilə iqtisadi, siyasi əməkdaşlığını gücləndirdiyindən xəbər verir. Bu əməkdaşlıq ABŞ-ı çox narahat edirdi. Bunun üçün Ukrayna müharibəsini yaratmaqla sözügedən əməkdaşlığı pozmağa çalışdı. Rusiyaya maliyyə sanksiyaları tətbiq etməklə iqtisadi cəhətdən zəiflətmək proqramını işə saldılar. Ukrayna münaqişəsi əvvəlcə Birləşmiş Ştatların ssenarisi olsa da hazırda bundan qurtulmaq istəyir. Çünki artıq qismən də olsa məqsədinə çatıb”.

Politoloqun sözlərinə görə, ABŞ-da hakimiyyətə gələn komanda Ukraynanı taleyi ilə baş-başa qoyacaq:

“Donald Tramp prezident seçilərsə, rəsmi Vaşinqtonun xarici siyasətində yeni mərhələ yaranacaq. Respublikaçılar, ya da Demokratların hakimiyyətə gəlməsindən asılı olmayaraq məqsədləri birdir-ABŞ imperatorluğunu qoruyub-saxlamaq. Co Bayden bu imperatorluğu hərbi güclə genişləndirmək istəyirdi. Tramp isə biznesmendir və məsələyə iqtisadi prizmadan yanaşacaq.

Ukrayna müharibəsində Qərb Rusiyaya qarşı məğlub olur. Bunu beynəlxalq və hərbi ekspertlər açıq şəkildə bəyan edirlər. Bu münaqişə dönəmində NATO bütün imkanlarından istifadə edərək Ukraynaya dəstək verdi. Lakin bununla yanaşı Ukrayna öz ərazilərinin bir hissəsini artıq itirib. Məğlubiyyətini anlayan Zelenski hökuməti Qərbdən verilən dəstəyin artırılmayacağını anlayır. Çin, Türkiyə və s. kimi ölkələr də Rusiyaya elçi göndərərək prosesin dayandırılması üçün fikirlər səsləndirirlər”.

Politoloq Şahin Cəfərli isə məsələyə belə münasibət bildirib:

Şahin Cəfərli

“Qərb mediasında da bəzən gülünc, mənasız yazılar dərc olunur. Bu da o qəbildəndir. Dövlətlərarası münasibətlər şəxsi zəmində deyil, dövlət maraqları nəzərə alınmaqla qurulur. Kamala Harris və Volodimir Zelenski arasında şəxsi gərginliyin olması ilə bağlı bu günə qədər heç bir məlumat yayılmamışdı. O, Ukrayna məsələsində dövlət siyasətinə uyğun mövqe tutur. Harrisin prezident seçilməsi ilə ABŞ-ın Ukrayna müharibəsinə baxışı dəyişməyəcək. Demokratların hakimiyyəti dövründə siyasətin necə olacağını proqnozlaşdırmaq asandır.

Donald Trampın prezidentliyi ilə bağlı birmənalı fikirlər söyləmək çətindir. Respublikaçılar daxilində müxtəlif cərəyanlar var və onların Ukrayna müharibəsinə baxışları fərqlidir. Trampın tərəfdarlarının mövqeyi Ukraynaya əvəzsiz yardımın olunmamasından yanadır. Tramp özü də Kiyevə yardımların dayandırılmasını istəmir. Bu yardımın kreditlər vasitəsilə verilməsində maraqlıdır. Bu da Kiyev üçün məqbul təklifdir. Ona görə də Trampın prezident seçilməsi ilə Ukraynaya yardımı dayandıracağı, Rusiyanın irəli sürdüyü şərtləri qəbul edərək sülh müqaviləsi imzalamağa məcbur etməsi istiqamətindəki yanaşmaları doğru qəbul etmirəm. Respublikaçılar bu gün Co Baydenin Kiyevə dəstəyinin azlığından narazıdırlar. Hərbi yardımın artırılmasının vacib olduğunu düşünən xeyli sayda nüfuzlu şəxslər var”.

Şahin Cəfərlinin sözlərinə görə, Donald Tramp prezident seçilərsə, Ukrayna Rusiya ilə masaya oturacaq və danışıqlar başlayacaq:

“Bu gün rəsmi Kiyev də danışıqlar masasına oturmaqdan imtina etmir. Lakin danışıqlar masasına oturmaq o demək deyil ki, Ukrayna Moskvanın şərtlərini qəbul edəcək. Tramp Ukraynanı bu şərtləri qəbul etməyə məcbur etməyəcək. Co Baydenlə baş tutan teledebat zamanı Putinin sülh planını qəbuledilməz adlandırmışdı. Bir müddət öncə ABŞ-ın keçmiş dövlət katibi, 2018-2021-ci illərdə bu vəzifəni tutmuş Mayk Pompeonun açıqladığı Ukrayna müharibəsi ilə əlaqəli sülh planında Donald Trampın fikirləri qeyd edilmişdi. Buradan da sadaladığımız fikirlər bir daha aydın olur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
136
33
turkustan.az

10Sources