EN

Ailə Məcəlləsində islahat hüquqi dövlət quruculuğunun mühüm tələbidir...

Image

Azərbaycanda tarixən ailə dəyərlərinə yüksək əhəmiyyət verilib. Bütövlükdə ailə dövlətin əsas təməllərindən biri olaraq özünü ifadə edib. Hüquqi dövlətin də əsas prinsiplərindən biri ailənin müdafiəsini ehtiva edən sənədlər, qanunlar hazırlayıb icra orqanlarına həvalə etməkdir. Azərbaycanda ayrıca Ailə Məcəlləsinin var, bu məcəllədə aktual məsələlərin yer alıb.  

Azərbaycan  beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və müxtəlif  konvensiyalara qoşulur. Ölkə daxilində də ailə dəyərlərinin qorunması istiqamətində faydalı işlərə imza atılır. Bu məsələ normativ qəbul olunan hüquqi aktlarda öz əksini tapır.

Ailə Məcəlləsinə edilən dəyişikliklər...

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən Azərbaycanda nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq. Belə ki, əvvəlki qanunvericiliyə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilərdi. Yeni dəyişikliklə qanunun bu müddəası ləğv edilib.

Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək cərimələnəcək. 

Eyni zamanda, Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir. Ailə Məcəlləsinə edilən dəyişikliklərdən biri də yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə edən şəxslərin inzibati həbs olunmasıdır. Həmçinin, Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlanan şəxslər 2 min manat cərimələnəcək, həbs olunacaq. Dəyişikliyə əsasən, on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə 1 000 manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

“...Ən böyük problem həll edildi” 

Ekspertlər hesab edirlər ki, Ailə Məcəlləsində islahatlar hüquqi dövlətin tələbidir. Bu dəyişikliyin cəmiyyət tərəfindən müsbət qarşılandığını deyən ekspertlər hesab edir ki, bu kimi məsələlərin qanunla tənzimlənməsi dövlətin, cəmiyyətin inkişafına təkan verəcək, ailələrin inkişafını təmin edəcək. 

 Sağlam Cəmiyyət Hərəkatının eksperti Lalə Mehralı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ailə Məcəlləsində məlum dəyişikliklərin əks olunması öz müsbət nəticəsini verəcək. L.Mehralı hesab edir ki, hüquq dövlətdə indiyə qədər ailə dəyərlərinə zərbə vuran bir sıra halların olması uzun illər cəmiyyətdə ciddi narahatlıq yaradıb. Ailə dəyərlərini aşındıran məlum məsələlərin insanları çox narahat etdiyini deyən ekspertin fikrincə, Ailə Məcəlləsi artıq bu problemi aradan qaldırır. “Ən birinci və ən böyük problem həll edildi – qohum nikahlar. Ümumi bioloji baba-nənəsi olan qohumların evlənməsi qadağandır, bu, milli genofond üçün bugünədək atılan ən yaxşı addımdır. Bizim genimiz öz içimizdə korlanır, yenilənmir. Xəstəliklər nəsildən-nəslə ötürülür, qan dəyişmir. Ümumi baba-nənənin nəslindən olan insanlar eyni qanı daşıdığı üçün bacı-qardaş sayılırlar və onların evlənməsi normal deyil. 

Üzrlü səbəbdən nikah yaşının 1 il azaldılması məsələsi də dəyişikliyə daxildir. Bu günədək 17 yaşında üzrlü səbəbdən evliliyinə müvafiq icra orqanları tərəfindən icazə verilən gənclərə bundan sonra icazə verilməyəcək.  Təcrübə və tarix göstərdi ki, insanlar bu istisnanı sui-istifadə edir və bu da erkən nikah hallarına səbəb olur. Saxta yollarla sənəd düzəltdirən, iki istisnanı normallaşdıran insanların sayı günü gündən artırdı”-deyə L.Mehralı bildirdi. 

“İnsanlar arasında ciddi maariflənmə işləri də aparılmalıdır” 

L.Mehralı hesab edir ki, Məcəllədə əksini tapan qadağaların tezliklə tətbiq edilməsi arzuediləndir. O qeyd etdi ki, bu qadağalar nə qədər tez işə düşərsə, biz bu sahədə daha çox xeyir qazana bilərik. “Təbii ki, qadağaların indidən tətbiq edilməsinin tərəfdarıyıq, çünki qüvvəyə minəcəyi tarixədək kifayət qədər çox qohum evliliyi və istisna hallara görə azaldılmış nikah yaşı ilə bağlı evliliklər baş tutacaq. Çünki hazırda nişanlı olan qohum cütlüklər var, onlar 1 il ərzində evliliyi planlaşdırıblar artıq. Hesab edirəm ki, dəyişikliklərin təsdiqlənməsi ilə bərabər insanlar arasında ciddi maariflənmə işləri də aparılmalıdır, 1 ili fürsət bilib evlənənlər bu addımları ilə hansı fəlakətə yol açdıqlarını anlamalıdırlar”-deyə bildirən ekspertin fikrincə, çoxları Ailə Məcəlləndə əks olunan qadağaların 2025-ci ilin iyul ayının 1-də qüvvəyə minməsini özlərinə fürsət biləcəklər və öz “yarımçıq işlərini” davam etdirəcəklər. 

L.Mehralının sözlərinə görə, Ailə Məcəlləsinə edilən dəyişikliklərin cəmiyyətdə çox sürətli şəkildə təbliğatı aparılarsa, bu yöndə maarifləndirmə işləri həyata keçirilərsə bu daha böyük effekt verəcək. 

Ekspertin də fikirlərindən aydın olur ki, Ailə Məcəlləsində edilən dəyişikliklər, burada bir çox vacib qadağaların öz əksini tapması Azərbaycan ailəsinin gələcək taleyində çox mühüm əhəmiyyət kəsb edir. Bəli, hüquqi dövlətdə ailə məsələlərinin qanunvericiliklə, Ailə Məcəlləsi ilə tənzimlənməsi bütün hallarda dövlətə, cəmiyyətə, xalqa böyük fayda verəcək və biz illərlə dormalaşdırılmış “buzları” əridə biləcəyik...

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Chosen
72
17
baki-xeber.com

10Sources