EN

Su hövzələrində oksigen çatışmazlığı təhdid yaradır – “Azərbaycan da risk qrupuna daxildir”

Dünyanın su ekosistemlərində hər il oksigen itkisi baş verir. Alimlərin araşdırmalarına görə ciddi ekoloji təhdid yaradan su ekosistemlərində oksigenin azalması şirin su göllərindən tutmuş okeanlara qədər geniş arealda yaşayan canlıların həyatını təhlükə altına alır.

Bəs suda oksigenin azalmasının səbəbləri nələrdir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan ekoloq Rövşən Abbasov bildirir ki, suda oksigenin azalmasının 2 səbəbi var:

“Birincisi, suda temperaturun yüksəlməsidir. Temperaturun artması suda oksigenin həlletmə qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Buna isə iqlim dəyişmələri səbəb olur. Dünyada bütün hövzələrdə, xüsusən dayaz su mənbələrində oksigenin miqdarı nisbətən aşağı olur. Bu ərazilərdə oksigen asanlıqla suyu tərk edə bilir. Oksigenin azalmasının ikinci səbəbi isə suyun məişət tullantıları, fekal bakteriyalar ilə çirkləndirilməsidir. Bu bakteriyalar oksigenə qarşı çox həssadır, onlar oksigeni istehlak edir, nəticədə suda oksigenə tələbat artır. Nəticədə suda oksigenə tələbatı olan orqanizmlərin sayı artır. Bu da suda oksigenin azalmasına gətirib çıxarır. Hansı ərazidə balıqların sudan çıxaraq tullanmasını müşahidə ediriksə, deməli orada oksigen çatışmazlığı var. Balıq özünü hava vasitəsilə oksigenlə təmin etmək istəyir”.

Ekspert “Azərbaycan risk qrupuna daxil olan ölkələr sırasında yer alırmı?” sualını belə cavablandırıb:

“Havaların isti keçməsi suda olan temperaturun artmasına səbəb olur. Bunun isə oksigen çatışmazlığına gətirib çıxardığını nəzərə alsaq, Azərbaycanda da belə bir risk var”.

Aygün Mirakif

KONKRET.az

Chosen
96
33
konkret.az

10Sources