EN

Azərbaycanda məişət zorakılığı: "O, bacıma zəhər verdi ki, uşağımın südünə töksün... "

Məqalə barədə məlumatMüəllif, Vəfa ZeynalovaVəzifə, Bakıdan BBC Azərbaycanca üçün

"...O, bacıma zəhər verdi ki, uşağımın südünə töksün... Sonra məni dəniz qırağına apardı, nə qədər döydü. Amma yaxşı xüsusiyyətləri də var idi. Məni öldürmək istədi, lakin öldürə bilmədi. Yəqin, ürəyi ağrıdı...".

O, sığınacağın yığıncaq otağında, masanın arxasında, qarşımda oturub. Nahar vaxtıdır. O biri otaqlardan uşaq səsi, qadınların söhbəti, qab-qacağın cingiltisi gəlir.

Bütün söhbət boyu gözlərindən axan yaş qurumur.

Gülnarə - ad şərtidir - məişət zorakılığının qurbanları üçün qadın sığınacağında artıq yarım ildən çox qalır.

Xoş görünüşlüdür, gözlərindən zehni əmək ilə məşğul olduğunu güman edirəm.

Sığınacağın sakinlərinin əksəriyyətinin bölgələrdən olanların arasından fərqli görünür.

"Buradakılarla danışmaq istəyirsənsə, hazır ol, - sığınacağın sosial işçisi xəbərdarlıq edir, - Bax, bu qızımızın uşağını əlindən alıblar, məcburən uşaqdan imtina ərizəsini yazdırıblar. Bunu anası döyüb, kişilərlə cinsi əlaqəyə girməyi məcbur edirdi, pulun ucbatından.

Bu xanımı görürsən? Hamilə idi, əri o qədər döyüb ki, uşağı bətnində məhv olub, həkimlər onu çıxaranda gördülər ki, uşaq o qədər qan udub ki...".

Bu dəhşətli hekayələri nəinki eşitmək, günbəgün onlarla işləmək, daimi ünsiyyətdə olmaq və problemləri həll etmək xüsusi cəsarət tələb edir.

"Ali təhsilliyəm, yaxşı işim var idi, müəllimə idim. İşimi sevirdim, qazancım da pis deyildi. İsrafçı deyiləm, heç kimə də möhtac olmaq sevmirəm. Evimdə təmir işləri edən usta məni yalan vədlərlə aldatdı, sevgisindən əmin etdi.

O, məni zorladı. Bunu hamıdan gizlətməyə çalışdım, bacılarım bilsə belə, qardaşlarıma bildirmədilər. İkinci bir yalan evlilik qurdum, amma o insanı sevə bilmədim, heç cinsi əlaqədə də olmadım.

Uşağım dünyaya gəlməli idi və mən artıq o ailədə qala bilmədim. Uşağımı gizlətmək istədim. İmkanım var idi, bir ailə tapmışdım, ayda beş yüz manata uşağıma baxacaqdılar.

Amma xəstəxanada uşağı dünyaya gətirəndən sonra bacılarım dedi: "Uşağı gətir, biz baxarıq, qardaşların da arxanda durar".

Uşağı yeddi aylıq kimi göstərmək istəyirdik, güya ki, nikah zamanı olub. Amma qardaşım "Yeddi aylıq uşağın kiprikləri olmur" deyə mənə inanmadı. Məni məcbur edirdilər ki, uşağımı öldürüm. Qardaşım onu öldürmək üçün tarakan dərmanı alıb bacıma verdi ki, uşağımın butulkasına töksün".

Qanun işləyirmi?

2010-cu ildə Parlament Məişət zorakılığının qarşısının alınması haqqında qanun qəbul edib.

Hüquqşünas Səməd Rəhimlinin sözlərinə görə, "Bu qanun bu baxımdan Azərbaycan üçün yenilik idi. Qanun ümumi müddəaları baxımından kafi səviyyədədir. Başqa sözlə, qanunvericilikdə anlayışlar verilir, dövlət orqanlarının ümumi öhdəlikləri qeyd edilir və məişət zorakılığına yol verilməməsi qadağası aşkar şəkildə göstərilir.

Problem Qanunun preventiv mexanizmləri və post-hadisə mexanizmlərini lazımi səviyyədə tənzimləməməsidir.

Məsələn, qanunda mühafizə orderi kimi preventiv mexanizm göstərilib və onun necə həyata keçirilməsi nisbətən ətraflı formada təsvir edilib.

Lakin digər mexanizmlər (məsələn, qanun bunları sosial, qabaqlayıcı və hüquqi mexanizmlər kimi göstərib) çox ümumi formada qeyd edilib və qanunu icra etməli dövlət orqanları üçün aydınlıq yaratmır və qanuni öhdəlikləri detallaşdırmır.

Azərbaycan

Şəklin mənbəyi, GETTY IMAGES

Chosen
242
bbc.com

1Sources