EN

Naxçıvanda qadın sağlamlığı ilə bağlı maarifləndirici tədbir keçirilib FOTOLAR

 Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində Kəngərli rayonunun Böyükdüz kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib.

Missiya.Az xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova reproduktiv sağlamlıqdan, ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında qadınların oynadığı roldan danışıb. 

Bildirilib ki, qadın genefondumuzun daşıyıcısı kimi də böyük rola malikdir. Erkən nikahların yaratdığı fəsadlardan və qadın sağlamlığına vurduğu ziyandan, eləcə də qohumlar arasında nikahın zərərlərindən danışan Aytən Məmmədova qeyd edib ki, erkən nikah əsasında qurulan ailələrdə nikahın pozulması, məişət zorakılığı, xəstə uşaqların dünyaya gəlməsi, fiziki-psixoloji çətinliklər, təhsildən məhrum edilmə və şəxsi azadlıqların itirilməsi kimi mənfi nəticələr qaçılmazdır. 

Təqdimatla çıxış edən tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva qohum evliliyi nəticəsində dünyaya gələn uşaqlarda ən çox rast gəlinən fiziki qüsurlardan və xəstəliklərdən bəhs edib. 

Bildirilib ki, ana və uşaq ölümü hallarının azaldılması, təhlükəsiz doğuşların aparılması, hamiləlik dövründə infeksiyaların profilaktikası, yenidoğulanlara keyfiyyətli tibbi qayğının göstərilməsi səhiyyə sistemi istiqamətində dövlətin xüsusi əhəmiyyət verdiyi sahələrdəndir. Diskussiya şəraitində keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib, müvafiq mövzuda hazırlanmış 120 broşür paylanılıb.

Nurlana ƏhmədovaMissiya.Az

Chosen
9
missiya.az

1Sources