EN

Qarabağ bəyannaməsinin əhəmiyyəti- ÖZƏL

"Azərbaycan Türkiyə ilə birgə Türk Dövlətləri Təşkilatının güclənməsi, təşkilat daxilində inteqrasiyanın sıxlaşması, təsir imkanlarının artması üçün çox böyük fəallıq edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib:

"Həm Azərbaycan, həm Türkiyə Mərkəzi Asiya Türk dövlətlərinin - Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistanın Türk Dövlətlərini Təşkilatında daha da fəal mövqe tutması üçün çalışmalar gerçəkləşdirirlər. O cümlədən Macarıstan və son vaxtlar Şimali Kipr Türk Respublikasının təşkilatda məşvərətçi səs hüquqlu üzv kimi təmsilçiliyi və gələcəkdə tam hüquqlu üzvlüyü qazanması üçün də ciddi çalışmalar gerçəkləşdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu günlərdə Şuşa şəhərində Türk dövlətləri başçılarının qeyri-rəsmi Zirvə sammiti yadda qalan açıqlamaları və qərarların qəbulu, xüsusilə Qarabağ Bəyannaməsinin qəbul edilməsi ilə yadda qaldı. Azərbaycan Prezidenti ildə bir dəfə Türk dövlətləri başçılarının Zirvə sammitinin keçirilməsini qənaətbəxş olmadığını və ildə bir dəfə qeyri-rəsmi sammitin keçirilməsini təklif etməklə artıq bu inteqrasiya istiqamətinində dövlət və hökümət başçılarının daha çox səy göstərməli olduğunu nəzərə çatdırmışdır. Qarabağ Bəyannaməsi bir müddət bundan əvvəl Azərbaycanla Türkiyə arasında imzalanan, strateji tərəfdaşlığı özündə əks etdirən Şuşa bəyannaməsinin bir növ davamı və daha geniş formatlı sənədi sayıla bilər. Qarabağ Bəyannaməsini imzalayan tərəflər - Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin dövlət və hökümət başçıları bütün sahələri nəzərdə tutan sənədin ərsəyə gəlməsinə imza atıblar. Qarabağ Bəyannaməsi Türk Dövlətləri Təşkilatı daxilində iqtisadi, kommunikasiya, ticarət, gömrük, mədəniyyət, təhsil, siyasət və digər bütün önəmli sahələr üzrə məqamları özündə əks etdirən strateji bir sənəddir. Bu sənəddə əks olunan bəndlərin gerçəkləşdirilməsi Türk Dövlətləri Təşkilatının qeyd etdiyimiz sahələr üzrə daha sıx inteqrasiyasına, daha güclü beynəlxalq təşkilatın formalaşmasına gətirib çıxaracaqdır. Qarabağ Bəyannaməsi qeyd etdiyimiz sahələr üzrə çalışmaların gerçəkləşdirilməsi üçün tərəflərin üzərinə öhdəliklər qoyur. Artıq bu sənədin imzalanması ilə dövlət və hökümət başçıları öz komandasına - nazirlərə, dövlət komitəsi sədrlərinə, dövlət aparatını təmsil edən şəxslərə rəsmi şəkildə təlimatları kimi olur ki, bu sənədin qəbulu ilə əsas inteqrasiya istiqamətinin biri, bəlkə də birincisi Türk dövlətləri arasında gerçəkləşdirilməlidir. Bu bəyannamədə əks olunan bəndlərin icrası Türk dövlətlərini inanılmaz dərəcədə bir-birinə yaxınlaşdıran, onların qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində xeyir götürməsinə gətirib çıxaran və ciddi iqtisadi, ticarət, nəqliyyat, kommunikasiya, gömrük, mədəniyyət və s. istiqamətlərdə iş birliyinin ortaya çıxmasına apara biləcək bir sənəddir. Bu sənədin qəbulu mühüm bir prosesdir. Türk dünyasının inteqrasiyasında çox ciddi amildir. İnanıram ki, onun icrası Türk dövlət və hökümət başçıları tərəfindən çox ciddi şəkildə gerçəkləşdiriləcəkdir. Ötən hər ildə, hətta hər ayda bəndlərin icrası nəticəsində faydaları görə biləcəyik. O cümlədən orda digər qərarlar da qəbul edildi. Katibliynin imkanlarının genişləndirilməsi, ortaq Türk bankının yaradılması, valyuta ilə bağlı və s. istiqamətlərdə təkliflər səsləndi. Düşünürəm ki, bunların da gələcəkdə gerçəkləşdirilməsinin və ailəmizin - Türk Dünyasının daha da sıx birləşməsinə şahid ola biləcəyik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
53
olaylar.az

1Sources