EN

“Qarabağ Bəyənnanəsi Türk Dünyası üçün strateji yol xəritəsidir”

Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Türkdilli ölkələr arasında əməkdaşlıq kəskin dini, siyasi qütbləşmənin, millətçi əhval-ruhiyyənin yaratdığı şüarlardan yaranan birlik modeli deyil. Bu, daha çox dünyanın yeni çağırışlarına adekvat cavab verən, çox strateji məqamları özündə ehtiva edən sivil əməkdaşlıq modelidir. Türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması, Türk Dövlətləri Təşkilatının formalaşması, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) təsis edilməsi, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu, Türk Biznes Şurası kimi bənzər və ya bağlı təşkilatlar əməkdaşlığa əhəmiyyətli dərəcədə müsbət təsir etməkdədir.

Türk Dövlətləri Təşkilatının dünya üçün önəmi bundan sonra da artacaq. Təşkilatın təməlində təbii müttəfiqlər yerləşir. Türk dövlətlərin işbirliyi səmimidir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türk ölkələrin zəngin təbii qaynaqları, müasir infrastrukturu və nəqliyyat yolları var. Türk dünyasının mədəniyyət paytaxtı, Qarabağın tacı Şuşadan verilən mesajlardan aydın oldu ki, təşkilata üzv ölkələr TDT-nin dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsində maraqlıdır. Cənab Prezident İlham Əliyevin 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında da qeyd etdiyi kimi “Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir.” Zirvə görüşündə də qeyd olunduğu kimi, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşıda duran əsas prioritet məsələlərdən biridir.

Üzv ölkələr Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun bütün potensialından istifadə olunmasının tərəfdarıdır. Təsadüfi deyil ki, Orta Dəhlizin ayrılmaz hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. Eyni zamanda Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərməkdədir. Zirvə görüşündə imzalanan tarixi “Qarabağ Bəyannaməsi” ilə Türk Dünyasının inkişafının yeni yol xəritəsi  müəyyənləşdi. Qarşıdakı dövrdə təşkilat öz fəaliyyətini Qarabağ bəyannaməsinin müddəllarında əks olunan istiqamətlər əsasında davam etdirəcək. Bir sözlə, Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən zirvə toplantısı önəmli müzakirələr, vacib qərarlarla yadda qaldı. Toplantının sonunda imzalanan Qarabağ Bəyannaməsi isə Türk dünyasının həmrəyliyini, eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək. İmzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov

Chosen
149
50
unikal.az

10Sources