EN

Pezeşkian ilk xarici səfərini Azərbaycana edə bilər

İranda Azərbaycan əsilli namizəd Məsud Pezeşkian prezident seçilib. O seçicilərin 53 faizinin (16,384 milyon)  səsini toplayıb. Hər zaman azərbaycanlı, türk kimliyindən bəhs edən Pezeşkianın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışacağı gözlənilir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev Pezeşkianı dövlət başçısı seçilməsi münasibətilə təbrik edib və onu Azərbaycana səfərə dəvət edib.

Məsud Pezeşkian ilk xarici səfərini Azərbaycana edə bilərmi?

Məsələ ilə bağlı Modern.az-a danışan VI çağırış Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib ki, İranın yeni Prezidenti Məsud Pezeşkianın ilk xarici səfəri Azərbaycana ola bilər:

"Adətən ən yaxın qonşulara səfər edilir. Eyni zamanda Pezeşkianın fəaliyyəti, İran parlamentindəki çıxışları, Azərbyacan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyini dilə gətirməsi onun səmimi olduğunu göstərir. O, İranı hərbi çatışmadan qorumaq istəyir. Bu baxımdan onun Azərbaycana gəlişi iki ölkə arasındakı münasibətlərə təsir göstərə bilər. Təbii ki, qonşu ölkədə Prezidentin səlahiyyətləri o qədər də böyük deyil. Yeni Prezident ali lider Xameneinin ümumi siyasətinə uyğun davranacaq. Yeni siyasət olmayacaq".

"Prezident İlham Əliyevin Məsud Pezeşkianı təbrik etməsi onun Azərbaycana münasibətinin nəticəsidir. Dünya Azərbaycanlıları Konqresi olaraq Pezeşkianı dəstəkləməşdik. Partiya olaraq da onu seçilməsi münasibətilə təbrik etmişik",- deputat əlavə edib.


Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun üzvü Elşad Mmirbəşiroğlu Pezeşkianın xarici siyasətdə fərqli mövqe tutacağını bildirib:      
                                                                             

"O, əsasən İrana qarşı tətbiq olunan sanksiyaların miqyasının azaldılacağına çalışacağını bildirir. Təbii ki, bu xarici siyasi müstəvidə fəallıq tələb edəcək. Mahiyyət etibarilə vaxtilə İranda Həsən Ruhani də oxşar mövqe sərgiləmişdi. İrana qarşı yumşalma vardı. Ruhandən sonrakı dövrdə - Rəisinin zamanında İrana qarşı sərt mövqe sərgilənirdi. Pezeşkian bu istiqamətdə yeni addımlar atmaq istəyə bilər. Bir çox hallardahər şey İranın atdığı addımlardan asılı olmayacaq. Azərbaycan Prezidenti ilə İranın mərhum lideri arasındakı görüşdən sonra iki ölkə münasibətlərində dinamizm müşahidə olunurdu. Görüş və müzakirələr artıq gələcək prespektivlərdən xəbər verirdi. Pezeşkian başladılmış xətti davam etdirərsə, Azərbaycanla İran arasında əməkdaşlıq daha da genişlənər".

Deputata görə, Pezeşkian iki ölkə arasında münasibətlərin konstruktiv məcrada inkişaf etməsində maraqlı olacaq:
 

"Biz İranla, ümumiyyətlə qonşu dövlətlərlə konstruktiv, qarşılıqlı maraqlara  cavab verən əməkşlıqda maraqlı olmuşuq. Cənab İlham Əliyevin Pezeşkiana təbrik ünvanlaması, Azərbaycana dəvət etməsi iki ölkə arasında münasibətlərin xarakterinə təsir edən haldır. Pezeşkian da iki ölkə arasında münasibətlərin konstruktiv məcrada inkişaf etməsində maraqlı olacaq".


Siyasi şərhçi Nazim Cəfərsoy vurğulayıb ki, Pezeşkianın ilk xarici səfəri Azərbaycan və Türkiyəyə gözlənilə bilər:


"İran prezidentindən ilk səfəri Azərbaycan və ya Türkiyəyə etməsini gözləyə bilərik. İrəliləyən dövrdə İran TDT üçün dialoq ortağı və ya müşahidəçi status arzusunu dilə gətirə bilər. Azərbaycan-Türkiyə -İran üçlü mexanizminin fəallaşması da mümkündür".

Onun fikrincə, bir sıra amillərə görə Pezeşkian Azərbaycan Prezidentinin dəvət təklifini qəbul edə bilər:


"Azərbaycana gələ bilər. Bu, iki ölkə arasındakı münasibətlər baxımından yaxşı addım olar. Həm regional xarici siyasəti, həm İranın geosiyasi öncəlikləri, seçki kampaniyasında türklük və Azərbaycan amili üçün dəvəti qəbul edə bilər. Bu da Azərbaycanla münasibətlər baxımından önəmli dəyişiklik ola bilər".

Chosen
153
50
modern.az

10Sources