EN

Nagelsman İspaniya yığmasına məğlubiyyətə aydınlıq gətirdi

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman AÇ-2024-ün 1/4 finalında İspaniya yığmasına məğlubiyyətə aydınlıq gətirib.

Arena.az xatırladır ki, Avropa çempionatının ev sahibi Almaniya yığması oyunun əlavə vaxtında 1:2 (əsas vaxt 1:1) hesabı ilə məğlub olaraq, yarışda mübarizəsinə xitam verib.

“İspaniya yığmasını yarımfinala yüksəldiyi üçün təbrik edirəm. Birinci hissədə oyun çox açıq keçdi. İkinci hissədə daha yaxşı idik, 60-cı dəqiqədən isə meydanda açıq-aşkar daha yaxşı komanda idik.

Futbolçularıma, onların yarışdan kənarlaşdırılmağa layiq olmadıqlarını dedim. Hamımız ailələrimiz üçün darıxırdıq, amma heç kim ayrılmaq istəmirdi. Son altı həftədə komandada yaxşı ab-hava hökm sürürdü. Biz bu oyunda qalib gəlmək üçün bütünlüklə fəda olduq. Başlanğıc heyətdə olub-olmamasından asılı olmayaraq, hər bir oyunçu bu oyunda qalib gəlmək üçün əlindən gələni etdi. Bu, ağrılı bir oyundur” – UEFA-nın rəsmi saytı alman mütəxəssisdən sitat gətirir.

Nagelsman həmçinin bu oyunda hakimliklə bağlı məqama da toxunub. Vurğulayaq ki, hakimlik həqiqətən də şübhə doğuracaq qərarlarla diqqət çəkib:

“Hakim rəqibin xeyrinə fit verirdi. Topun ələ dəydiyi məqamı dəyərləndirmək çətindir. Amma əgər top qapıya doğru uçursa, deməli 11 metrlik zərbədir. Musialanın zərbəsi yaxşı idi, onun qapıya tuş gələ biləcəyini istisna etmirəm”, – “Sky Sport Germany” dərgisi alman mütəxəssisdən sitat gətirir.

Nagelsman həmçinin bu oyunla özünün futbolçu karyerasını başa vurmuş, bundestimin mərkəz yarımmüdafiəçisi Toni Kroos haqda danışıb:

“Toninin karyerasını qiymətləndirmək mümkün deyil. Bu, yəqin ki, alman oyunçu üçün müstəsnadır. O, şübhəsiz ki, Almaniyanın ən böyük oyunçularından biridir. Hər kəs onun uğurlarından xəbərdardır, fəqət hamı onun xasiyyətindən xəbərdar deyil. Toni şəxsən onun üçün çox çətin bir vaxtda komandaya kömək etdi. Kroos həmişə özünü bu komandanın bir hissəsi hesab edib”, – “Bayern & Germany” dərgisi alman mütəxəssisdən sitat gətirir.

Bundestimi mübarizədən kənarlaşdırmış İspaniya yığması yarışın yarımfinalına yüksəlib və bu mərhələdə Fransa yığması ilə qarşılaşacaq.

Chosen
59
arena.az

1Sources