EN

Həzin son:Makron öz tənəzzülünə səbəb oldu

Fransanın daxili və xarici siyasətindəki uğursuzluqlar Makrona göstərilən etimadın aşağı düşməsini şərtləndirən əsas amillərdir

Hazırda Fransa Makron rəhbərliyi altında tarixinin, bəlkə də, ən pis dövrünü yaşayaraq iflasla üz-üzə qalıb. Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) keçirilən seçkilərinin birinci turunda sağçı “Milli birlik” partiyası və onunla müttəfiq qüvvələr 33,4 faiz səs toplayaraq qalib gəlib.

“Parisien” qəzeti bu barədə Fransa Daxili İşlər Nazirliyinə istinadla yaydığı məlumata görə, seçkilərdə ikinci yeri 27,98 faizlə solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası, üçüncü yeri 20,76 faiz səslə Prezident Emmanuel Makronun koalisiyası, dördüncü yeri isə 6,56 faiz səslə respublikaçılar tutub. Digər siyasi qüvvələr isə seçicilərin yalnız 3,67 faizinin etimadını qazanıb.

Seçkilərin birinci turunun nəticələrinə görə, “Milli birlik” parlamentdə 39 deputatla, “Yeni Xalq Cəbhəsi” 32 deputatla, Emmanuel Makronun koalisiyası cəmi iki deputatla, respublikaçılar bir deputatla, digər partiyalar isə iki deputatla təmsil olunacaqlar.

Birinci turda qalib gəlmək üçün namizədlər 50 faizdən çox səs toplamalı və səslərin sayı dairə üzrə qeydə alınan seçicilərin ümumi sayının ən az 25 faizini təşkil etməlidir. Əlli faizlik baryeri keçə bilməyən namizədlər seçkilərin iyulun 7-nə planlaşdırılan ikinci turunda iştirak etməli olacaqlar.

Fransa parlamenti 577 deputatdan təşkil olunur. Parlamentdə çoxluğu əldə etmək istəyən partiyaya 289 mandat kifayət edir.

Fransa prezidenti Emmanuel Makron parlament seçkilərinin birinci turunda Marin Le Penin qələbə qazanmasından sonra ictimaiyyət qarşısına çıxmayıb. Bu barədə “Bloomberg” iyulun 1-də bildirib. Məlumatı “İzvestiya.ru” yayıb.  Materialda qeyd olunur ki, o, sonuncu dəfə səsvermənin nəticələrinin elan edilməsindən bir neçə saat əvvəl həyat yoldaşı Bricit Makronla Le Touquet-Paris-Plage kommunasında gəzərkən görünüb. Nəşrin yazdığına görə, Fransa liderinin köməkçiləri seçki kampaniyası zamanı onun qeyri-populyarlığına görə “başını aşağı salmasını” istəyiblər. Bununla belə, o, müsahibəsində rəqiblərinin qalib gələcəyi təqdirdə Fransada “vətəndaş müharibəsi” təhlükəsi barədə xəbərdarlıq edib. Həmçinin iyulun 1-də Fransa prezidenti Yelisey sarayında Nazirlər Kabinetinin iclasını keçirib. “Bloomberg” əlavə edib ki, orada o, solların səsləri olmasaydı, 2017 və 2022-ci illərdə prezident ola bilməyəcəyini etiraf edib.

"Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen deyib ki, Fransa Prezidenti Emmanuel Makron gələcək müxalifətin təyin edəcəyi baş nazirin ölkəni idarə etməsinin qarşısını almaq üçün son anda dəyişikliklər edərək, hökumət strukturlarında inzibati çevriliş hazırlayır.

"Prezidentin sabah, yəni seçkinin ikinci turuna dörd gün qalmış milli polisə yeni rəis (baxmayaraq ki, o, Olimpiya Oyunlarının sonuna qədər qalmalı idi), Milli Jandarmeriyaya direktor, onlarla prefekt və Jordan Bardellanın ölkəni istədiyi kimi idarə etməsinə mane olmaq məqsədi daşıyan bir çox insanı təyin etməyə hazırlaşdığı barədə oxuyanda mən bunun bir inzibati çevriliş forması olduğunu hesab edirəm", - Le Pen bildirib.

Fransanın iqtisadiyyat, maliyyə, sənaye naziri Bruno Le Mer növbədənkənar parlament seçkilərinin ilk turunun nəticələrini iqtidar üçün məğlubiyyət hesab edir. Onun fikrincə, elə etmək lazımdır ki, "Milli Birlik" Partiyası mütləq çoxluğu əldə edə bilməsin: "Seçicilərimizi  prezident koalisiyasından namizədlərin ikinci tura keçə bilmədiyi dairələrdə sosial-demokrat düşərgəsinin nümayəndələrinə səs verməyə çağırıram. Mən Sosialist Partiyasından, Kommunist Partiyasından və ekoloqlardan olan namizədləri nəzərdə tuturam".

Seçkilərdən dərhal sonra Fransanın paytaxtı Parisdə "Qara blok" hərəkatının radikalları mitinq keçirməyə başlayıblar. Nümayiş əvvəlcə sakit keçib, iştirakçılar səsvermənin nəticələrindən narazılıqlarını ifadə edərək antifaşist şüarlar səsləndiriblər. Sonra onlara hərəkatın radikal gəncləri qoşulub. Onlar atəşfəşanlığa və məşəl yandırmağa, daha sonra kafelərin vitrinlərini dağıtmağa və zibil qutularını yandırmağa başlayıblar.

Lion şəhərində fransız nümayişçilər mağazaların pəncərələrini sındırıblar, şəhərin mərkəzində yanğınlar törədiblər. Polis iğtişaşın qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Həmçinin Parisdəki Respublika meydanında nümayişçilər tüstü bombaları yandıraraq seçkilərdə liderlik edən "Milli Birlik" Partiyasına etiraz ediblər. Polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.

Fransa KİV-lərində isə maraqlı sərlövhəli analitik yazılar dərc edilib. "Challenges" jurnalında dərc edilən "Kral Makronun hakimiyyətinin sonu" başlıqlı yazıda  Makronun öz tənəzzülünə səbəb olduğu yazılıb.

Fransanın "Le Figaro" qəzeti "Ümumi seçkilər: Makronun uduzduğu mərc" başlıqlı məqaləsində prezidentin mərkəzdəki "blokunun" yox olmaq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

Milli Assambleyaya seçkilərin ilk turunda qeydə alınan nəticələr Makronun son vaxtlarda üzləşdiyi ikinci sarsıdıcı məğlubiyyətdir. Xatırladaq ki, Fransada iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı “Milli birlik” partiyası 31,36 faiz səs toplayaraq Emmanuel Makron koalisiyasını iki dəfədən çox üstələyib. Partiyasının Avropa seçkilərində iflasından sonra dövlət başçısı parlamenti buraxaraq növbədənkənar seçkilər elan edib. Bu qərar əslində, Makronun revanş cəhdi idi. O, ümid edirdi ki, daxili seçkilərdə koalisiyası qalib gələcək və bununla da sağçıların Avropa Parlamentinə seçkilərdəki qələbəsinə kölgə salmaq mümkün olacaq. Ancaq Milli Assambleyaya son seçkilər bir daha təsdiqlədi ki, Makron qənaətində yanılır. Hadisələrin gedişatı göstərdi ki, Avropa Parlamentinə seçkilərdə rüsvayçı məğlubiyyətin ardınca Emmanuel Makronun Fransada növbədənkənar seçkilərə getməklə vəziyyəti "düzəltmək" cəhdi onun fiaskosunu daha da dərinləşdirdi, o öz sonunu gətirmiş oldu.

Avropa Parlamentinə və Milli Assambleyaya seçkilərdə acınacaqlı məğlubiyyət, həmçinin seçkilərdən sonra ölkəni bürüyən iğtişaşlar Makron siyasətinin iflasından xəbər verir. Fransada cərəyan edən proseslər onu deməyə əsas verir ki, Milli Assambleyaya seçkilərinin ikinci turunda da Makron koalisiyası məğlubiyyətə uğrayacaq. Belə olan təqdirdə Makronun prezidentlik kürsüsünü vaxtından əvvəl tərk edəcəyi ilə bağlı ehtimallar daha da artır.

Son illərdə ölkə tez-tez müxtəlif peşə sahiblərinin kütləvi tətilləri, inflyasiyanın yeni dalğaları ilə silkələnir. Bütövlükdə, statistik göstəricilər Fransa iqtisadiyyatının artımını deyil, dayanıqlığının azalmasını təsdiqləyir. Beynəlxalq reytinq agentlikləri Fransa iqtisadiyyatının hazırkı durumu ilə bağlı bədbin proqnozlar verirlər.Eyni zamanda, Yelisey Sarayının Afrikada, dənizaşırı ərazilərdə kəskin etirazlarla üzləşdiyinin şahidi oluruq. Fransa getdikcə daha çox sayda keçmiş və hazırkı müstəmləkə ölkələrindən biabırcasına qovulur. Göründüyü kimi, bu gün Fransa adına son dərəcə rəzil və miskin mənzərə var. Belə yarıtmaz siyasətin kölgəsində dığırlanan E.Makron Ermənistana “böyüklük” etmək əvəzinə,  öz sonunun necə olacağı haqqında düşünsün.

Yaqut Ağaşahqızı, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
ikisahil.az

1Sources