EN

Din Tao: Çinin rəqəmsal təhsil sahəsində bütün təşəbbüsləri və ölkədə təcrübə keçmək Azərbaycan üçün açıq olacaq

Din

Bakı, 5 iyul, AZƏRTAC

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən Zirvə toplantısında Çinin Sədri Si Cinpin qeyd edib ki, Çin rəqəmsal təhsil sahəsində Assosiasiyanın yaradılması təşəbbüsü ilə çıxış edir. Bu çərçivədə növbəti üç il ərzində rəqəmsal texnologiya mütəxəssislərinin hazırlanması üçün ŞƏT ölkələrinə ən azı 1000 kvotanın verilməsi planlaşdırılır. Yaxın 5 ildə isə Çin tərəfi ŞƏT ölkələrindən olan gənclərə Çində təcrübə keçmək üçün min nəfərlik kvota verəcək. Bu təşəbbüslər Azərbaycan üçün də açıq olacaq. Bu, Çin və Azərbaycanın əsas məsələlərdə bir-birinə güclü dəstəyini göstərir.

AZƏRTAC xəbər verir ki, bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao ŞƏT-ə üzv dövlətlərin Dövlət Başçıları Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Astanada keçirilən Zirvə toplantısında ölkələrimiz “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” qəbul ediblər. Bu, Çinin bir-birinin əsas maraqlarında və ölkələrimiz arasında qarşılıqlı anlaşmada Azərbaycana güclü dəstəyini, eləcə də yüksək keyfiyyətli praktiki əməkdaşlığı gücləndirməyə ümid etdiyini göstərir.

Çin və Azərbaycan bir-birinə güvənən səmimi yaxşı dost və qarşılıqlı fayda üçün səy göstərən bərabərhüquqlu, etibarlı tərəfdaşlardır. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından keçən 32 il ərzində münasibətlərimiz sınaqdan çıxıb. Beynəlxalq vəziyyətin dəyişməsinə baxmayaraq, Çin ilə Azərbaycan arasında sağlam və sabit inkişaf həmişə qorunub saxlanılıb”, -deyə diplomat qeyd edib.

O, Astanada imzalanmış Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin Çin lideri Si Cinpinin sözləri ilə desək, ikitərəfli münasibətlərin inkişafında yeni başlanğıc nöqtəsi olduğunu vurğulayıb. “Çin Azərbaycanla münasibətləri ölkələrimizin və xalqlarımızın mənafeyi naminə daha geniş məzmunlu mərhələyə yüksəltməyə hazırdır”, -deyə Din Tao əlavə edib.

Chosen
107
azertag.az

1Sources