EN

Pedri Xavinin “Barselona”dan qovulmasını ilk dəfə şərh etdi

“Barselona”nın yarımmüdafiəçisi Pedri Xavinin bu komandanın baş məşqçisi vəzifəsindən qovulması haqda ilk dəfə danışıb.

Arena.az xəbər verir ki, İspaniya yığmasının üzvü AÇ-2024-ün 1/4 finalında qarşılaşacaqları Almaniya millisi ilə oyun öncəsi jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Məşqçi mənə çox kömək etdi – bütün yarımmüdafiəçilərə kömək etdi. Xavi “Barselona”nın əfsanəsidir və onu layiq olduğu kubokla yola sala bilmədiyimiz üçün çox təəssüflənirəm. Amma bu mərhələ başa çatıb və indi biz Hansi Flik ilə işləmək barədə düşünməliyik”, deyə Pedri alman mütəxəssisin rəhbərliyi altında oynamağa hazır olduğunu başa düşməyə imkan verib.

Xatırladaq ki, mayın 24-də “Barselona” Xavini istefaya göndərib. İspan mütəxəssisin yerinə “blauqrana”nın sükanı arxasına alman mütəxəssis Hans-Diter Flik təyin edilib.

“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 143 oyun keçirib. “Barsa” bu oyunlarda 91 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 280:158 nisbətindədir.

2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.

Chosen
74
50
arena.az

10Sources