EN

Şərqşünaslıq İnstitutunun şöbə müdiri Barselonada beynəlxalq konfransda çıxış edib

Bakı, 5 iyul, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri professor Roida Rzayeva iyulun 5-də İspaniyanın Barselona şəhərində keçirilən “Media, kommunikasiya və film” mövzusunda beynəlxalq konfransda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı alim “Yeni media şəbəkə sosiallığı və rəqəmsəl reallıq diskursunda” mövzusunda məruzə ilə çıxış edib.

Professor R.Rzayeva məruzəsində qlobal sosial strukturun şəbəkə cəmiyyəti kimi formalaşdığını qeyd edib. Vurğulayıb ki, müasir medianın ikili rolu həm sosial reallığı yaratmasında, həm də onu əks etdirməsində özünü göstərir.

Məruzəçi, həmçinin bildirib ki, informasiya bu gün müasir siyasi fəaliyyətin əsas resurslarından birinə çevrilib. Həyatın ictimai-siyasi sferası rəqəmsallaşmanın təsiri altında transformasiya olunur. Yeni rəqəmsal reallıq genişləndirilmiş kommunikasiya vasitələri, Big Data resursları və texnologiyaları, süni intellekt və rəqəmsal verilənlərlə işləmək üçün neyron şəbəkə alqoritmləri və s. xarakterizə olunur.

Alimin məruzəsi maraqla qarşılanıb. Konfrans iştirakçıları Roida Rzayevanın tədqiq etdiyi mövzuların aktual olduğunu vurğulayıblar.

 

Chosen
147
azertag.az

1Sources