Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gün təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanıb.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu təlim-məşq toplanışının qalan hissəsini Avstriyada davam etdirəcək.
Baş məşqçi Qurban Qurbanov Tirolda 4 yoldaşlıq görüşü planlaşdırır. Komanda iyulun 9-da saat 14:30-da “Kayzerslautern” (Almaniya), həmin gün saat 20:00-da isə “Viktoriya” (Plzen, Çexiya) ilə qarşılaşacaq. Digər rəqiblərin kimliyinə qarşıdakı günlərdə aydınlıq gələcək. Həmin oyunların iyulun 16-da keçirilməsi nəzərdə tutulub.
Tirol toplanışı iyulun 17-nə qədər davam edəcək.
Qeyd edək ki, “Qarabağ” bu mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. Püşkün nəticəsinə əsasən, Ağdam klubu bu turnirin 2-ci təsnifat mərhələsində “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq.