EN

Elhad Nəziri: “Gənclərlə birgə yaxşı işlər görməyə çalışacağıq”

Bilindiyi kimi, “Cəbrayıl” 2021-ci ildə sabiq futbolçu Cavid Hüseynov tərəfindən təsis edilib.

Qarabağ təmsilçisi 2021/22 “futbol ili”ndə Region Liqasında qalib oldusa, növbəti mövsümdə də həmin çempionatda çıxış edib. Daha sonra kollektivin sınağı yeni yaradılan 2-ci liqada davam etdi. Dəqiqi, bölgə təmsilçisi bu turnirdə 58 xal toplayaraq “futbol ili”ni ikinci pillədə tamamladı. Ardından 1-ci liqada çıxış etmək uğrunda pley-off matçlarında “Araz Saatlı”nı məğlub edən komanda mövsümlük hədəfini uğurla yerinə yetirdi. “Cəbrayıl” camiəsi maraqla hadisələrinin axarını izləyirdi ki, gözlənilməz hadisə baş verdi. Belə ki, klubun təsisçisi və baş məşqçisi Cavid Hüseynov “Turan Tovuz”un çalışdırıcısı Kurban Berdıyevin köməkçisi olmağa qərar verdi. Düzdü, mütəxəssis bunu Qarabağ təmsilçisində hökm sürən maliyyə çatışmazlığıyla izah etdi. Lakin hansısa səbəb bu günə qədər uğurlu olan klubun fəaliyyətinin davam edib-etməyəcəyi yönündə suallara cavab vermir. Məsələni araşdırarkən məlum oldu ki, “Cəbrayıl” yeni baş məşqçi seçimini çox yubatmaq istəməyib. Dərhal hərəkətə keçən klub Cavid Hüseynovun həm burda, həm də “Şamaxı”da köməkçisi olmuş Elhad Nəziriylə anlaşıb. Beləliklə, yeni çalışdırıcıyla birillik müqavilə bağlanıb və komanda ona tapşırılıb.

Mütəxəssislə əlaqə saxlayıb təyinatıyla bağlı məlumat almaqla yanaşı, növbəti planlar haqda bilgi əldə etdik:

“Bəli, Cavid müəllim yeni təklifi dəyərləndirib premyer-liqada təcrübə toplamağa qərar verdi. Ona uğurlar arzulayıram. Yolu açıq olsun. Baş məşqçinin gedişindən sonra boş qalan vəzifə mənə təklif edildi. Müəyyən müzakirələrdən sonra razılaşdıq. İndi sıfırdan yığdığımız komandanı daha yaxşı hala salmağa çalışacam. Rəhbərliyin tələbi gənclərdən ibarət kollektiv formalaşdırmaqdı. Heyətin, demək olar ki, 80-90 faiziylə yola davam edəcəyik. Çünki bu oyunçularla bərabər ən çətin sınaqların öhdəsindən gəlmişik. İndi haqlarını itirmək istəmirəm. Futbolçularımın hər birinə sona qədər güvənirəm. İnşallah, daha məsuliyyətli çıxışla 1-ci liqada da özlərini sübut edəcəklər”

Elhad bəy komanda ilə bağlı görülən işlərdən də söz açdı:

“Yeni və gənc oyunçularla danışıq aparırıq. Artıq ikisiylə anlaşmışıq. Lakin adlarını açıqlamaq doğru olmaz. Onu deyə bilərəm ki, masa arxasında söhbətimiz baş tutub və birillik müqavilə bağlamaq yönündə razılığa gəlmişik. İnşallah, imza atılandan sonra rəsmi şəkildə məlumat verəcəyik. Klubun məqsədi gənc futbolçuların inkişafı və 1-ci liqada təcrübə qazanması olacaq. Maksimum 21-22 yaşlı oyunçuları cəlb etmək fikrindəyik. Çempionatın nə qədər çətin və ağır keçəcəciyini bilirik. Kifayət qədər yaxşı komandalar var ki, normal büdcəyə sahibdilər. Qarşıda bizi maraqlı və çətin oyunlar gözləyir. İnşallah, yaxşı oyun göstərən kollektiv formalaşdıracağıq”.

Yeni baş məşqçi klubun maliyyə çatışmazlığı yaşadığı haqda iddialara belə aydınlıq gətirdi:

“Üç ildi rəhbərliklə işbirliyimiz var. Rəhbər həm Azərbaycan futbolunun inkişafı, həm də “Cəbrayıl” üçün öz şəxsi qazancından 200 min manata yaxın pul xərcləyib. Əlbəttə, qazandığımız uğurda böyük pay sahibidi. Maddi və mənəvi cəhətdən hər zaman yanımızdadı. Klubumuz həmişə əldə olan imkanlardan asılı olmayaraq, yüksək yerlər uğrunda mübarizə aparacaq. Rəhbərimiz də bu yöndə bizə dəstək olacaq. Gənclərlə birgə yaxşı işlər görməyə çalışacağıq. Nəticəni isə zaman göstərəcək”.

Elhad bəy hər nə qədər nikbin danışsa da, komandanın aparıcı oyunçularından Ruslan Voronsov da heyətdən ayrılacağı məlumdu. O, gedişini Cavid Hüseynovun “Turan Tovuz”a yollanmasıyla izah edib.

KƏNAN BAHADIR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources