EN

Həsənzadə “Qarabağ”ı ÇL-in qrupunda görür: “Hazırkı “Şerif” illər əvvəlki gücündə deyil”

Azərbaycan milli komandasının sabiq qapıçısı Cahangir Həsənzadənin futbolinfo.az saytına müsahibəsi

– Hazırda bütün komandalarımız heyətlərini komplektləşdirməklə məşğuldurlar. Etdiyi transferlərlə ən çox hansı klubumuz diqqətinizi cəlb edir? Sizcə, bugünədək edilən transferləri əsas götürsək, daha çox kim güclənib?

– Hazırda bütün klublarımızda keçid dövrüdür. Yay transfer dövründə bəziləri aktiv, bəziləri isə passivdirlər. Zənnimcə, edilən transferlərə indi qiymət vermək tələsik addım olar. Çünki oyunçular meydana çıxmadan hər hansı bir söz demək doğru deyil. Avrokuboklarda iştirak edəcək təmsilçilərimiz başda olmaqla, bütün komandalarımız öz zəif və gücləndirməli olduqları mövqelərini bilirlər, buna əsasən də transferlər edirlər. Bilirəm ki, bu baxımdan kifayət qədər çətinliklər var. Hər istədiyin oyunçunu uyğun qiymətə almaq asan iş deyil. Onu da nəzərə almaq lazımdır ki, edilən transferlər mütləq məşqçinin oyun üslubuna uyğun gəlməlidir.

– Çempionlar Liqasının qrupunda oynamış “Qarabağ” bu il tarixi uğurunu təkrarlaya biləcəkmi?

– Ümid edirik ki, “Qarabağ” bu il məhz Çempionlar Liqasının qrupuna düşəcək. Şəxsi fikrimə gəlincə, bu barədə bir az əminliyim də var. Çünki keçən mövsüm bu komanda kifayət qədər yüksək nəticə göstərdi. Düşünürəm ki, “Qarabağ” builki heyəti ilə yeni uğurlara imza ata biləcək. Görürük ki, “Qarabağ” yeni transferlər edəndə mütləq keyfiyyət və futbolçunun komandanın oyun üslubuna uyğun gəlməsi məsələsinə önəm verir. Zənnimcə, bu il “Qarabağ” üçün Çempionlar Liqasının qrupuna düşmək mümkün olacaq. Hətta deyərdim ki, bəlkə də ÇL-də qrupdan çıxmağı hədəfləyəcəklər.

– Avropa Liqasında “Şerif”lə qarşılaşacaq “Zirə”dən hansı nəticəni gözləyirsiniz?

– “Zirə”yə daha münasib rəqib düşə bilərdi. Amma hazırkı “Şerif” illər əvvəlki gücündə deyil. Sözsüz ki, indiki “Şerif” Çempionlar Liqasının qrup mərhələsində oynamış komanda deyil. Düşünürəm ki, “Zirə” və “Şerif” hazırda eyni səviyyədədirlər. Rəşad Sadıqovun komandası meydanda istədiyi oyunu göstərə bilsə, ən azından “Şerif” səddini keçəcək.

– Konfrans Liqasında iştirak edəcək “Sabah” və “Sumqayıt”ın mərhələ adlamaq şanslarını necə qiymətləndirirsiniz?

– Hər ikisinin qarşılaşacağı komandalar sıradan rəqiblər deyillər. Ancaq düşünürəm ki, çətinliklə olsa belə, həm “Sabah”, həm də “Sumqayıt” bu mərhələni keçməyə qadirdir. Bunu bacarsalar, növbəti mərhələdə onları daha çətin sınaq gözləyəcək.

– Vaxtilə formasını geyindiyiniz “Neftçi”yə Roman Qriqorçukun gətirilməsini necə qarşıladınız? Sizcə, Qriqorçuk “ağ-qaralar”ı hazırkı vəziyyətdən çıxara biləcək?

– Roman Qriqorçuk özünü sübut etmiş məşqçidir, kifayət qədər yaxşı nəticələri olub. Azərbaycanda çalışdığı dönəmdə də “Qəbələ” ilə uğurlu nəticələrə imza atıb. Düzü, mən bu cür təyinatlara fərqli yanaşıram. İşə başlamamış bu təyinata qiymət vermək düz deyil. Ümid edirəm ki, Qriqorçuk “Neftçi”yə öz töhfəsini verəcək və “Neftçi”nin zirvədə qərarlaşmasına, Avropa səhnəsində layiqli yerini tutmasına kömək edəcək.

FƏRİD

Chosen
108
futbolinfo.az

1Sources